Türkiyəli alimlər Folklor İnstitutunun qonağı olub

Mayın 12-də Türkiyənin Nigde Universitetinin Egitim Bölümləri Başkanı, dos. dr. Recep Özkan və Türkiyənin Kayseri şəhərinin Dəvəli bələdiyyəsinin Kültür və Sosial işlər müdiri Ali Orhan Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonaqları sayğı ilə qarşılayıb. 2018-ci ildə Kayseridə keçirilmiş I Uluslararası “Develi-Aşık Seyrani və Türk kültürü" konfransının davamı olaraq 2019-cu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan II Uluslararası “Develi-Aşık Seyrani və Türk kültürü” konfransının AMEA Folklor İnstitutu ilə birgə təşkil olunması ilə bağlı müqavilə imzalanıb.
Görüşdə “Xarici əlaqələr” sektorunun müdiri Əli Şamil və institutun əməkdaşları – fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d., dos. Səbinə İsayeva, fil.ü.f.d. Aynurə Səfərova da iştirak ediblər. Sonda qonaqlar Kayseri etnoqrafiyasını özündə əks etdirən hədiyyələri təqdim ediblər. Qonaqlara da institutun yeni nəşrləri (kitablar, elmi jurnallar, disklər) hədiyyə olunub.


|