“FOLKLOR MİLLİ KİMLİK KONTEKSTİNDƏ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARININ TOPLANDIĞI KITABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
4 may 2019-cu il tarixində İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbinin iclas zalında “Folklor milli kimlik kontekstində” mövzusunda beynəlxalq elmi konfransın materiallarının toplandığı kitabın təqdimat mərasimi keçirilmişdir. Xatırladaq ki, Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2018-ci il tarixində Lahic qəsəbəsində keçirilmiş beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətininn 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq təşkil olunmuşdu.

Təqdimat konfrans mövzusu ilə bağlı İctimai Televiziya tərəfindən çəkilmiş videofilmin nümayiş ilə başlamışdır. Filmin nümayişindən sonra çıxış edən İsmayıllı RİH başçısı cənab Mirdaməd Sadıqov kitabda toplanan materialların elmi əhəmiyyətindən danışmış, konfransı və materiallar toplusunu Azərbaycan dövlətinin tarixi və mədəni irsə göstərdiyi diqqət və qayğının təzahürlərindən biri kimi qiymətləndirmişdir.
Sonra çıxış edən, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfrans materiallarının böyük həcmli kitab halında nəşrini Xalq Cümhuriyyətininn 100 illik yubileyinə layiqli töhfə adlandırmış, xalqımızın mədəniyyəti və tarixi ilə bağlı belə tədbirlərdə yerli icra hakimiyyəti orqanları nümayəndələrinin, ziyalıların iştirakını müsbət hal kimi dəyərləndirmişdir.

Daha sonra kitabın tərtibçiləri – fil.ü.f.d. Atəş Əhmədli və Folklor İnstitutunun doktorantı Dadaş Əliyev çıxış edərək, kitabın elmi-praktiki əhəmiyyətindən və tərtib prinsiplərindən bəhs etmişlər. Təqdimat mərasimində kofransın ən gənc iştirakçı olmuş tələbə Z.Əliyeva da çıxış etmişdir.
Çıxışlardan sonra iştirakçılara kitablar təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.





 |