Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
13.04.2019

Akademik Muxtar Kazımoğlu-İmanov “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda keçirilən elmi konfransda məruzə edib

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, klassik ədəbiyyatın ən gözəl ənənələrini inkişaf etdirən Hüseyn Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərlə yanaşı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı idi. O, ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır.

Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur”. Akademik onu da diqqətə çatdırıb ki, Hüseyn Cavidin xatirəsi hər zaman xalqımız tərəfindən əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə böyük ədibin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovetlər dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi. AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar Kazımoğlu-İmanov konfransda “Cavid sənətində bəşəri genişlik” mövzusunda məruzə edib. Alim bildirib ki, əgər Azərbaycan ədəbiyyatında Azərbaycançılıq məfkurəsinin birbaşa və yaxud dolayı ifadəsindən danışsaq, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət kimi sənətkarlarla yanaşı, Hüseyn Cavidin də adını çəkməliyik. Ona görə ki, həmin sənətkarlar kimi, Hüseyn Cavid də xalqın bağrından qopub və bilavasitə Azərbaycan həyatından bəhs edən “Şeyda”, “Azər” kimi gözəl əsərlər yazıb. Əgər ədəbiyyatımızda türklük idealının ifadəsindən danışsaq, başqa sənətkarlarımızdan qabaq Hüseyn Cavidin adını çəkməliyik.

Ona görə ki, Hüseyn Cavid Azərbaycan və Türkiyə türkcəsi əsasında başqa türk xalqlarında da az-çox başa düşülməsinə hesablanan ədəbi dildə yazıb. Həmin əsərlərdə, o cümlədən “Topal Teymur” dramında Hüseyn Cavid türk olması ilə qürur duyan obrazlar yaradıb. Akademik onu da vurğulayıb ki, əgər ədəbiyyatımızda İslami dəyərlərin ifadəsindən danışsaq, yenə Hüseyn Cavidin adını çəkməli olacağıq. Ruhani ailəsində doğulan, Quranı əzbər bilən Hüseyn Cavid dinə qarşı mübarizə aparıldığı sovet dövründə “Peyğəmbər” əsərini yazıb: “Hüseyn Cavid yaradıcılığında Azərbaycançılıq, türkçülük və müsəlmançılıq ideyaları qırılmaz şəkildə bəşəri genişlik anlayışı ilə bağlıdır. Şeyda və Azər kimi Azərbaycan övladlarından danışanda Hüseyn Cavid bəşər övladından danışmış olur. Turandan bəhs edən Cavid dünyadan bəhs edir. Məhəmməd peyğəmbərdən söhbət açanda Cavid həm də Musa peyğəmbərdən, İsa Məsihdən söhbət açır. Klassik Şərq poeziyasından və Avropa romantizmindən bəhrələnən Cavid öz əsərlərində məhz bəşəri ideyalar irəli sürür və bu ideyaların yüksək bədii ifadəsinə çalışır.

Cavidin irəli sürdüyü ideyalar əsərdən-əsərə inkişaf etdirilir və bu ideyalar çoxmənalı, çoxyönlü və çoxqatlı bir mahiyyətdə ortaya çıxır. Demonizm belə ideyalardan, belə məsələlərdən biridir. Şekspir, Bayron, Höte, Dostoyevski və b. sənətkarların, Hegel, Nitsşe kimi filosofların müraciət etdiyi demonizm məsələsi yalnız “İblis” faciəsində yox, Cavidin “İblis”dən əvvəlki və sonrakı neçə-neçə əsərində çoxmənalı və çoxqatlı bir şəkildə bədii ifadəsini tapır. Bizim ədəbiyyatşünaslıqda belə bir fikir var ki, Cavidin İblis obrazı zülmətin və şərin rəmzidir. Bu fikir səhv deyil, amma birtərəflidir, yarımçıqdır, natamamdır. Oddan, atəşdən törəyən İblis yalnız zülmətin rəmzi ola bilməz. “Xeyir və şər qardaşdır” dünyagörüşünə əsaslanan İblis yalnız şərin rəmzi ola bilməz. İblis obrazına və demonizm məsələsinə dünya ədəbiyyatında, eləcə də Cavid yaradıcılığında bu qədər geniş yer verilməsinin kökü başqa nöqtədə axtarılmalıdır. Demonizm fəlsəfəsində diqqəti cəlb edən başlıca cəhət yerin-göyün sahibinə müti qul olmamaq, onun buyruqlarını götür-qoy etmək, inkarçı mövqe tutmaq, insanların qəlbinə şübhə toxumu səpib onları acı həqiqətlərdən hali və agah etməkdir. Nitsşe kimi filosofları, Dostoyevski kimi yazıçıları daha çox maraqlandıran demonizm fəlsəfəsindəki inkarçılıq xətti, həqiqəti bütün çılpaqçılığı ilə ortaya qoymaq xəttidir. Heç də təsadüfi deyil ki, Tomas Mann Nitsşe və Dostoyevski yaradıcılığında demonizmin sərt və amansız üzünü nəzərdə tutub bu iki mütəfəkkiri “cəhənnəm övladları” adlandırır. Əlbəttə, Cavidi “cəhənnəm övladı” adlandırmaq günah olardı.

Amma fakt budur ki, Cavid də Nitsşe və Dostoyevski kimi sərt həqiqətləri ifadə etməkdən çəkinmir. “Şübhədir hər həqiqətin anası” deyən Cavidin İblisi də məhz sərt həqiqəti ortaya qoymaq funksiyasını daşıyır – inkarçı mövqe tutur, insanların gözünü açıb onları qəflət yuxusundan oyadır, onları bitib-tükənməz suallar oduna atır, onlara qaynar həyat və ayıq-sayıq bir ömür təlqin edir. Caviddə İblis vasitəsilə ifadə olunan acı və sərt həqiqətlərdən biri ondan ibarətdir ki, nəfs insanı qardaş qatilinə, hakimiyyət hərisliyi isə övlad qatilinə çevirir; “qan püskürən, atəş sovuran kinli krallar”, “məzhəb çıxaran, yol ayıran xadimi – ədyan” dünyada at oynadırlar. Onların yaratdığı qarşısıalınmaz irtica bəşər övladını zəlil bir günə salır”. Muxtar Kazımoğlu-İmanov məruzəsini aşağıdakı fikirlərlə yekunlaşdırıb: “Cavidin irticaya qarşı qoyduğu başlıca həqiqət isə mənəvi yüksəlişdir. Allahı göydə yox, insanın özündə, insanın daxili aləmində axtaran Sokrat kimi, “Ənəlhəqq” – “Mənəm Allah” deyən Nəimi və Nəsimi kimi Cavid də insana üz tutur, “Mənim Tanrım gözəllikdir, sevgidir” deyib insanın mənəvi yüksəlişini sənət amalına çevirir. Cavidin fikrincə, güc və nifrəti özündə birləşdirən insan dünyaya fəlakət gətirirsə, güc və məhəbbəti özündə birləşdirən insan dünyaya az-çox gözəllik gətirə bilər. Mənəvi yüksəliş, mənəvi ucalıq, əlbəttə, uzaq üfüqlərdə görünən bir idealdır.

Cavid insanların, nə qədər çətin olsa da, bu ideala can atmasını arzulayır. Biz də bu arzuya qoşulaq və mənəvi yüksəkliyə can atanlara “uğur olsun” deyək”. Konfransda daha sonra “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemirin “Hüseyin Cavidin dram yaradıcılığına Əbdülhəq Hamidin təsiri” mövzularda məruzələri dinlənilib. Tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam və başqa çıxış edənlər Cavid yaradıcılığına nəzər salıb, konfransın işinə uğurlar arzulayıblar. Konfrans işini “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” bölmələri üzrə davam etdirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.