Folklor İnstitutunda “Elm günü”nə həsr olunmuş tədbir keçirilib
Martın 29-da AMEA Folklor İnstitutunda “Elm günü” ilə bağlı olaraq İnstitutun gənc alimlərinin Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib. Tədbiri giriş sözüylə İnstitutun Gənc Alimlər Şurasının sədri, fil.ü.f.d., dosent Nail Qurbanov açıb, Azərbaycanda “Elm günü”nün keçirilməsinin əhəmiyyəti, gənclərin elmə daha çox cəlb olunması perspektivləri və humanitar elmlərin aktual problemləri ilə bağlı geniş məlumat verib. N.Qurbanov bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb və bu tarix AMEA-nın təsis olunduğu günə kimi seçilib.

Sonra İnstitutun əməkdaşı, fil.ü.f.d. Elçin Qaliboğlu çıxış edib, çağdaş dövrdə elmin qarşısında duran başlıca vəzifənin insanlığa töhfə vermək olduğunu vurğulayıb. O bildirib ki, Folklor İnstitutunun gördüyü işlər bugünümüz, sabahımız üçün hədsiz gərəklidir.
İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov da gənclərin elmə bağlanmasının gərəkliyini vurğulayıb, Folklor İnstitutunun gördüyü zəngin işlər haqqında bilgi verib, tələbələri folklora, mənəvi irsə maraq göstərməyə çağırıb.
Daha sonra Sumqayıt Dövlət Universitetinin tələbələrinin suallarına cavab verilib, onlara Folklor İnstitutunun nəşrləri hədiyyə olunub.





|