“Öz zəhməti ilə ucalan insanlar”

Fevralın 22-də Folklor İnstitutunda 258 saylı orta məktəbin IV sinif şagirdləri ilə görüş keçirilmişdir. “Öz zəhməti ilə ucalan insanlar” layihəsi çərçivəsində baş tutan bu tədbirdə “Mərasim folkloru” şöbəsinin əməkdaşları fil.ü.e.d., dosent N.Həkimova, f.ü.f.d., dosent V.İbrahim, fil.ü.f.d. A.Əhmədli, fil.ü.f.d. A.İslamzadə, fil.ü.f.d. Ş.Hüseynli, böyük elmi işçilər X. Məmmədova və S.Əlizadə iştirak etmişdir. Tədqiqatçılar öz tədqiqat işlərini yazarkən qarşılaşdıqları çətinliklərdən, əməyin, zəhmətin insan həyatındakı böyük rolundan danışmış, nəşr olunan kitabların necə əziyyətlə başa gəldiyindən, orada toplanan folklor nümunələrini toplayarkən rastlaşdıqları problemlərdən, lakin ruhdan düşmədiklərindən, cəmiyyətə faydalılığı əsas götürdüklərindən bəhs etmişlər. Alimlərlə şagirdlər arasında yaranan təmas gələcək nəslin formalaşması üçün ciddi səbəb rolu oynadığı üçün tədqiqatçı alimlər bu istiqamətdə geniş bilgi verməyə çalışmışlar. Görüşdə diqqət, rəğbət və səmimiyyət canlı ünsiyyətin baş tutmasında mühüm əhəmiyyət kəsb etmişdir. Görüşdə N.Həkimova xalq təbabətinin özəlliklərindən söz açmış, V.İbrahimin şəxsində şagirdlərdə xarici dillərə sayğı yaradılmış, geniş təcrübi biliklərə yiyələnmək üçün öz ana dilimizi yüksək səviyyədə öyrənmək şərtiylə, məhz bir neçə xarici dil öyrənməyin də vacibliyindən danışılmışdır. Ş.Hüseynlinin folklor nümunələrinin toplanması ilə bağlı məzmunlu çıxışı, A.Əhmədlinin folklorumuzda söyləyicilik sənətinin xüsusiyyətləri haqqında məlumat verməsi, A.İslamzadənin folklorda qəhrəman obrazının nə üçün geniş vüsət tapmasından bəhs etməsi də çox maraqla qarşılanmışdır. Bundan əlavə qarşıdan gələn dörd çərşənbə, Novruz bayramı haqqında da şagirdlərə elmi cəhətdən əhatəli məlumat verilmişdir. Bunlardan əlavə Xocalı qətliamı haqqında da şagirdlərə geniş bilgi çatdırılmışdır. Bu çıxışlar həm şagirdləri bilgiləndirmək, həmçinin öz zəhməti ilə ucalan insanın öncə vətəndaş olması gərəkliliyini ifadə etmək baxımından diqqətə çatdırılmışdır.
Görüşdə şagirdlər alimlərə suallar vermiş və zəhmətə aid müxtəlif folklor nümunələri səsləndirmişlər. Sonda sinif rəhbəri Q.Hüseynova görüşə görə hər kəsə xüsusi təşəkkür etmiş və alimlərimizə bu şərəfli yolda uğur və geniş əhatədə elmi fəaliyyət arzulamışdır.
