Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
22.11.2018

“Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçirilib

Noyabrın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə AMEA-nın Folklor, Fəlsəfə, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qeyd edib ki, konfransın həsr olunduğu mövzu müasir folklorşünaslığın olduqca aktual istiqamətlərindən birini təşkil edir. Mövzunun aktuallığı ilk növbədə onunla şərtlənir ki, folklorun metaforik düşüncə kontekstində araşdırılması ona bütöv bir sosial-mədəni təsisat kimi daha sistemli yanaşmanı təmin etmiş olur. Atalar sözləri, tapmacalar, nağıl və lətifələr, əslində, gerçəkliyin metaforik-simvolik təzahürü kimi özündə dərin məna qatlarını ifadə edir. Həmin mənaların araşdırılması folklora metaforik düşüncə kontekstində yanaşma əsasında mümkündür. Akademik Muxtar İmanov qeyd etdi ki, çox sevindirici haldır ki, son illər Azərbaycan folklorşüaslığında da bu istiqamətdə maraqlı tədqiqatlar aparılmaqdadır.

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal ““Kitabi-Dədə Qorqud” eposunda nitq janrları və ritual davranışın semantikası” mövzusunda çıxış edərək vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” kommunikativ hadisələrin, nitq aktlarının və ya nitq janrlarının təsvir olunduğu poetik sistemdir. “Kitabi-Dədə Qorqud” bütövlükdə ilkin janrlardan yaranmış, müvafiq etnik ənənədə mövcud olmuş mürəkkəb nitq janrıdır, etiket janrıdır. Nitq janrlarının bir sistem kimi öyrənilməsi M.M.Baxtinin nitq janrları nəzəriyyəsinin və C.Ostinin performativlik nəzəriyyəsinin araşdırmaya tətbiqini mümkün edir. Məruzəçi qeyd edib ki, “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanında sistemyaradıcı nitq janrları, personajlar yaradır ki, bu da öz növbəsində mətnin sosial, ritual kontekstini şərh etməyə imkan verir.

Daha sonra AMEA Fəlsəfə İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov “Folklorda metaforik düşüncəyə fəlsəfi yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ilk növbədə metafora anlayışına Aristotelin baxışını diqqət mərkəzinə gətirdi. O, qeyd etdi ki, Aristotelə görə metafora növdən cinsə, cinsdən növə və ya növdən növə, cinsdən cinsə keçirilən və ona xas olmayan addır. Müəllif qeyd etdi ki, bu, ümumi tərifdir və bütövlükdə metaforanın fəlsəfi aspektini ifadə edir. Hər bir sahədə metaforanın özünəməxsus funksional özəlliyi vardır.

Alim metafora anlayışının folklorda kəsb etdiyi özəllikdən danışıb. Bildirib ki, folklorda metafora həm fikir gedişatına, həm də məqsədə aid olur. Bu zaman, metafora folklor düşüncəsində ifadə edilməli olan əsl mənanın semantik “örtüyü” funksiyasını yerinə yetirir. Bunun konkret məzmunu çatdırılmalı olan fikrin məqsədi ilə bağlı olur. Bu özəllik folklor düşüncə tərzini cəlbedici və sosial-mədəni baxımdan faydalı edir.

Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadə “Folklorda “Qocaların öldürülməsi” beynəlxalq süjetinin tarixi və etnoqrafik semantikası” mövzusunda məruzə edib. Məruzəçi “Qocaların öldürülməsi” süjetindən geniş bəhs edərək süjetin yaranmasının ictimai-tarixi səbəblərindən, bu barədə mənbələrdə öz əksini tapmış faktlardan bəhs edib. O, qeyd edib ki, bu süjet üzərində meydana gəlmiş bir neçə Azərbaycan nağılında onun müxtəlif modifikasiyaları vardır. Həmçinin bu nağılların rus, ukrayn, belorus xalqlarındakı analoqları ilə müqayisəsi motivlərin süjetyaratma potensialının nümayişi baxımından maraqlıdır. “Qocaların öldürülməsi” süjetinin “Can əvəzinə can” beynəlxalq süjeti ilə kəsişən məqamları barədə mülahizələr qədim ibtidai adətin rudimentlərinin ikincidə semiotik işarələr şəklində mövcudluğunu təsdiqləyir. Məruzədə qocaların öldürülməsi adətinin metaforik semantikası əcdad kultu və “o biri dünyaya yola salınma” ritualı ilə əlaqəli şəkildə konkret nümunələr əsasında geniş şərh olunub.

Sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev “Metaforik düşüncə xalq ruhunun təyinedici faktoru kimi” adlı məruzə ilə çıxış edib. Müəllif bildirib ki, folklor mətnlərində dil öz ifadə imkanlarını mənsub olduğu xalqın zəngin təfəkkürü hesabına bədii təxəyyülün imkanları nisbətində genişləndirir və mövcud olan söz həmin xalqın sözə verdiyi dəyər ölçüsündə öz sahə intervallarını şaxələndirir. Dil təfəkkür hadisəsidir və o dildə danışan xalq da öz obrazlı dünyadərkinin, bədii təxəyyülünün və idrak ölçülərinin miqyasında söz vasitəsilə fikrin zəngin qatlarını açıb göstərir. Məruzəçi qeyd edib ki, metaforik düşüncə işığının inikası kimi təzahür edən söz içində söz vasitəsilə xalqımız həyatı müdrikcəsinə anlamış bir mütəfəkkir kimi çıxış edir. Məruzəçi bir sıra folklor nümunələrinin timsalında folklorumuzda metaforik düşüncə hadisəsinin yetərincə əks olunduğu və hətta bədii-poetik təfəkkürdən kənarda folklor faktının olmadığı fikri irəli sürüb.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Çıxış edənlər mövzunun aktuallığını, Azərbaycan folklorunun öyrənilməsi baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.