Folklor İnstitutunun əməkdaşları “I Uluslararası Dəvəli-Aşıq Seyrani və türk kültürü konfransı”nda iştirak ediblər

4-5-6 oktyabr 2018-ci ildə Türkiyənin Kayseri şəhərinin Dəvəli ilçəsində “I Uluslararası Dəvəli-Aşıq Seyrani və türk kültürü konfransı” keçirilib. Konfransa Türkiyə, Azərbaycan, Qazağıstan, Qırğızıstan, Özbəkistan, Yunanıstan və s. öl-kələrdən elm adamları qatılıblar. Azərbaycanı AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin işçiləri fil.ü.f.d., dos. Ləman Süleymanova, Məhsəti Süleymanova, fil.ü.f.d., dos. Səbinə İsayeva, fil.ü.f.d. Aynurə Səfərova, “Musiqi folkloru” şöbəsindən Fəridə Mirişova, Azərbaycan Turizm İnstitutundan Bünyamin Qemberli təmsil edirdilər.
Fil.ü.f.d., dos. Ləman Süleymanova “Tenbur Atışmaları” mövzusunda danışıb. O, tənbur və saz əlaqələri, tənburla deyişmənin qaydaları, deyişən sənətkarlar və s. haqqında məlumat verib, tənbur deyişmələrinin ətraflı şəkildə öyrənilməsinin aşıq deyişmələrinin araşdırılmasında də faydalı olacağını vurğulayıb. Məhsəti Süleymanova “Rivayet ve Fıkralarda Aşıklar” adlı çıxışında aşıqlarla bağlı xalq arasında yayğın olan rəvayət və lətifələrin əsas xüsusiyyətlərindən danışıb, vurğulayıb ki, bu mövzu nədənsə indiyədək tədqiqatçıların diqqətini çəkməyib. Fil.ü.f.d., dos. Səbinə İsayeva “Aşık Seyrani Şiirleri ve Poetik Gelenek”adlı məruzəsində XIX əsr Anadolu aşıq mühitinin böyük sənətkarı Aşıq Seyraninin klassik xalq şeirinə bağlılığından, bu ənənəni öz yaradıcılığında davam və inkişaf etdirməsindən və özündən sonrakı aşıqlara təsirindən bəhs edib. Fil.ü.f.d. Aynurə Səfərova (“Aşıq Seyrani Sanatına Bir Bakış”) Aşıq Seyrani sənəti haqqında ümumi məlumat verib, yaradıcılığında ənənəyə bağlılığından, Aşıq Ələsgərlə Seyrani şeirləri arasındakı paralel mövzulardan bəhs edib, şeirlərində atalar sözləri və deyimlərdən istifadəsindən danışıb. “Musiqi folkloru” şöbəsindən Fəridə Mirişova “Azerbaycan aşık sanatı (Şirvan alanı)” adlı çıxışında Şirvan musiqi folklorundan, onun təşəkkülündən və inkişafından, digər sənət növləri ilə qarşılıqlı əlaqələrindən bəhs edib.

Azərbaycan Turizm İnstitutundan Bünyamin Qemberli “Azerbaycan Kahramanlık Sanatında Fiziki Kültür” mövzusunda çıxış edib. Azərbaycanda fiziki mədəniyyətin tarixi, inkişafı, ordu quruculuğunda, milli mədəniyyətdəki yerindən danışan çıxışçı qeyd edib ki, xalqımız bu böyük mədəniyyəti Qobustan qayaüstü rəsmlərində, folklorun müxtəlif janrlarında, xalçalarda və s.-də gələcək nəsillərə çatdırıb. Azərbaycandan gələn iştirakçıların məruzələri maraqla qarşılanıb. Oktyabr ayının 6-da konfrans iştirakçılarının Dəvəli ilçəsinin tarixi yerlərinə səfər turu təşkil edilib. Dev Ali, Xıdırelləz məqbərələri, “Ulu Cami” məscidi, əski rum məhəlləsi, Sultan Sazlığı və s. gəzməli yerlər ziyarət edilib. |