QIRĞIZISTANIN İSSIK – GÖL UNİVERSİTETİNDƏ
ULUSLARARASI SİMPOZİUM

Oktyabrın 2-i və 3-də Qırğızıstanın Karakol şəhərində TİKA-nın himayədarlığı, Türkiyənin Hacı Bektaş Vəli Kültür Dərnəyi, Türkiyənin Dünya Söz Akademiyası Başqanlığı və Qırğızıstanın İssık-göl Universitetinin təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib. «Türk xalqlarının türkcə ilk yazılı əsərləri» mövzusuna həsr edilən simpoziuma Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Özbəkistandan və Azərbaycandan çox sayda elm adamları qatılıb. Türk xalqlarının «Qutadqu bilik», «Divanu luğat-it-türk», «Ətabətül-həqayiq», «Dədə Qorqud» kimi ədəbi abidələrini dil, etnoqrafiya, folklor, mətnşünaslıq, ədəbiyyatşünaslıq və s. kimi istiqamətlərdə araşdıran alimlərin simpoziumda «Türk xalqlarında Kut-tanrı və onun «Qutadqu-bilik»də yeri» (Hayreddin İvgin, Türkiyə), «Türk Dil Kurumunun qırğız dili, ədəbiyyatı və kültürü ilə bağlı çalışmaları» (Nail Tan, Türkiyə), «Mahmud Kaşqarinin «Divan»ı və türk xalqlarının müasir dilləri» (İbrahim Abdullayev, Qırğızıstan), «İran-Turan mücadilələrinin Mahmud Kaşqari «Divan»ında izləri» (Nevzat Özkan, Türkiyə), «Doğu türk dilinin və folklorunun retrospektivi: «Qutadqu-bilik» və «Nur» dastanı» (Seyfulla Abdullayev, Qırğızıstan), «Ətabətül-həqayiq»də epitetlər» (Eyyub Akman, Türkiyə), «Hakaylar: bəzi etnokultural gəlişmələr» (Nasraddin Nazarov, Özbəkistan), «Qırğız və Anadolu tapmacaları üzərinə kiçik bir qarşılaşdırma» (Sebri Koz, Türkiyə) və s. kimi mövzularda maraqlı məruzələri dinlənilib.
Azərbaycanı simpoziumda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu–İmanov və Folklor İnstitutu Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil təmsil edib. Simpoziumda M.Kazımoğlu «Dədə Qorqud» boylarında iki motivin ritual-mifoloji kökləri», Əli Şamil isə «Qutadqu-biliy»in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu» mövzularında məruzələrlər ediblər.
Simpoziumda TİKA tərəfindən bir neçə elm adamı ilə yanaşı, Muxtar Kazımoğlu-İmanova da Türk Dünyasının Kültürünə Xidmət ödülü təqdim olunub.





 |