Folklor İnstitutunda görüş

Sentyabrın 26-da Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisininin üzvü, Qazi Universitetinin professoru Mətin Ərqun və həyat yoldaşı, Hacı Bayram Vəli Universitetinin "Xalq bilimi" kafedrasının müəllimi Pərvin Ərqun AMEA Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimiyyətlə qarşılayıb, rəhbərlik etdiyi elmi müəssisənin iş həyatı, yeniliklər haqqında bilgi verib.
Qonaqlar Azərbaycan folkloruna böyük maraq göstərdiklərini, Folklor İnstitutu ilə geniş səviyyədə elmi yaradıcılıq əlaqələri qurmaq istəyində olduqlarını bildiriblər. Akademik Muxtar Kazımoğlu-İmanov qarşılıqlı elmi əlaqələrin zəruriliyini vurğulayıb, istənilən məsələdə birgə fəaliyyət göstərməyə hazır olduqlarını söyləyib.
Görüşdə İnstitutun "Türk xalqları folkloru" şöbəsinin müdiri, fil.ü.e.d. Əfzələddin Əsgər, “Mifologiya” şöbəsinin elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu da iştirak edib.