Folklor İnstitutunda Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri ilə görüş keçirilib
İyunun 22-də AMEA Folklor İnstitutunda Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd ilə görüş keçirilib. Görüşdə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu–İmanov, Əhməd Sami Elaydın Azərbaycan-Misir dostluq əlaqələrinin inkişafında və Azərbaycan mədəniyyətinin ərəb dünyasına tanıdılması sahəsindəki xidmətləri, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə bağlı apardığı araşdırmaları, tərcüməçilik fəaliyyəti və s. barədə ətraflı məlumat verib. Akademik Misir-Azərbaycan mədəni əlaqələrinin bundan sonra da davamlı inkişafda olmasının gərəkliyini bildirib.

Ə.S.Elayd görüş üçün Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu–İmanova təşəkkür edib, bundan sonra da Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında məlumatların, Azərbaycan həqiqətlərinin ərəb dünyasında yayılması üçün çalışacağını bildirib. Qonaq Azərbaycan–Misir əlaqələrinin bugünkü inkişafından məmnunluqla söz açıb, Azərbaycan folklor nümunələrinin ərəbcəyə tərcüməsi, qarşılıqlı təhsil, müştərək tədqiqatlar və s. istiqamətlərdə layihələrin hazırlanması istiqamətində çalışmaq istədiklərini söyləyib. Ə.S.Elayd beynəlxalq Qahirə kitab sərgisində Azərbaycanla bağlı stendin də qurulduğunu, ölkəmizin ədəbiyyatı, mədəniyyəti, ayrıca olaraq Qarabağ həqiqətlərini əks etdirən çap materiallarının nümayiş olunduğunu qeyd edib.
Bundan sonra qonaq İnstitut əməkdaşlarının suallarını cavablandırıb.
Görüşün sonunda akademik Muxtar Kazımoğlu–İmanov səsləndirilən təkliflərin ciddi şəkildə nəzərdən keçiriləcəyini və layihələr hazırlanacağını bildirib, qonağa fəaliyyətində uğurlar arzulayıb.








|