Akademik Muxtar İmanov “Mahmud Kaşqari” mükafatına layiq görülüb
Mayın 18-də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mahmud Kaşqari adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Kaşqari” mükafatının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözüylə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq toplantının mahiyyəti haqqında bilgi verib.
 Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri Elxan Zal Qaraxanlı bildirib ki, 2006-cı ildə yaradılan fondun məqsədi Azərbaycan və ümumtürk mədəniyyətini dünyada tanıtmaq, bu sahədə xidmətləri olan şəxsləri qurumun diplom və medalı ilə mükafatlandırmaqdır.
 İndiyədək mükafatı alanlar sırasında Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, görkəmli qazax şairi Oljas Süleymenov, akademiklər İsa Həbibbəyli, Abel Məhərrəmov, Sabit Dosanov (Qazaxıstan), Xalq yazıçısı Çingiz Abdullayev və başqaları var.
Yazıçı Elçin Hüseynbəyli mükafatın verilməsinin tarixi önəmindən söz açıb.
 Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək qurumun Azərbaycan və türk dünyasında gördüyü böyük işləri təqdir edib. O böyük ensiklopedik alim Mahmud Kaşqarini folklorşünas, onun məşhur “Divani-lüğət-it türk” əsərini isə böyük folklor qaynağı adlandırıb.
Sonra hər iki tanınmış elm adamına mükafatlar təqdim olunub. Mükafatçılar onların elmi yaradıcılığına, xidmətlərinə dəyər verən quruma sayğılarını ifadə ediblər.

  |