Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.03.2018

NOVRUZ BAYRAMININ KONSEPTUAL-FƏLSƏFİ ƏSASLARI

Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru

 

1. Novruz bayramının beynəlxalq-siyasi mahiyyəti:

Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir.
Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

2. Novruz bayramının ritual-mifoloji mahiyyəti:

Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənmiş, onu «Novruz» – «Yeni gün» adlandıraraq bütün tarixi boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşamışdır.

3. Novruz bayramının mifoloji-kosmoqonik mahiyyəti:

Novruz bayramının konseptual strukturunun əsasında bütün varlıq aləminin (insanın, canlı və cansız təbiətin) yaradılması ideyası durur. Bütövlükdə yenidən yaradılmanı – kosmoqoniyanı özündə ehtiva edən bu bayram varlığın bütün ünsürlərinin (ilk insan, ilk predmet, ilk zaman), ilkin stixiyaların necə meydana çıxması (ölüb-dirilməsi) haqqındakı ilkin mifoloji təsəvvürləri təcəssüm etdirir. Bu bayram bütün sonrakı tarixi-mədəni transformasiya, modifikasiya, şəkil və forma dəyişmələrinə baxmayaraq, mifogenezi (mifoloji-kosmoqonik başlanğıcını – mənşəyini) simvolik-metaforik strukturlar səviyyəsində qorumaqda davam edir.

4. Novruz bayramının fəlsəfi mahiyyəti:

Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı, bütün onlardan törəyənlər profan sferanı təşkil edir. Profan həyat yaşayan insanların həyat və yaşam dinamikası ilk əcdadın ilk zamandakı sakral yaşam presedentlərini özündə təkrarlayır. Profan sferanın sakral sfera ilə ünsiyyəti rituallar vasitəsi ilə reallaşır. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək, adiləşərək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan, Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistem və onun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özüntəşkil, autopoetik özünüyaratma mexanizmidir.

5. Novruz bayramının sosial-psixoloji mahiyyəti:

Novruz bayramı onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən başırmalı, sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.

6. Novruz bayramının kontinental-coğrafi mahiyyəti:

Novruz bayramı coğrafi strukturuna görə kontinental mahiyyət daşıyır. Bütöv Avropa, Asiya və Şimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların timsalında isə bütün materik və qitələri biri-birinə birləşdirən, onlar arasında sülh və sevgi yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır.

7. Novruz bayramının siyasi coğrafiyası:

Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki «Novruz» topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən – Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Çuvaşstan, Altay-Xakas, Şimali Kipr Türk Respublikası, Krım-Ukrayna, Moldova-Qaqauzstan, Qərbi Trakya-Yunanstan, Bolqarıstan, keçmiş Yuqoslaviya, Çin-Uyğurustan, Dağıstan, Qaraçay-Balkar, Çeçenistan), İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.

8. Novruz bayramının etnik-milli və etnolinqvistik coğrafiyası:

Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlalır, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır.
Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.

9. Novruz bayramının dini mahiyyəti və coğrafiyası:

Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə qovuşmuşdur. Bu baxımdan, Novruz bayramı aşağıdakı din və dini-mifoloji dünyagörüşlərini özündə birləşdirir:
1. Qədim tükrlərin şamanizm dönyagörüşü;
2. Qədim və erkən orta əsr türklərinin tanrıçılıq dini;
3. Qədim Azərbaycan və İran xalqlarının zərdüştilik dini;
4. İslam dini və onun müxtəlif təriqət və məzhəbləri;
5. Xristan türk xalqlarının simasında xristianlıq dini;
6. İudaist türk xalqlarının (əsasən tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında musəvilik – iudaizm dini.
7. İki milyona yaxın buddist türklərin simasında buddizm dini və s.
Novruz bayramı bu tarixi və müasir dinləri özündə birləşdirməklə, əslində, dinlərarası (sivilizasiyalararası) harmoniya modeli kimi çıxış edir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.