“Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu” kitabı çap olunub

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Atif İslam oğlu İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu” kitabı çapdan çıxıb. Oğuz epik ənənəsini təşkil edən oğuznamələr, o cümlədən “Kitabi-Dədə Qorqud” bizim ulu abidəmizdir, onu hər zaman yeni tədqiqatçılar yeni mövzular baxımından tədqiq etməlidir. A.İslamzadənin tədqiqatı bu baxımdan yenidir. Çünki yeni mövzuya həsr olunmuşdur. Burada tədqiqatın predmeti kimi götürülmüş Qazan xan obrazı bir çox araşdırmaların mövzusu olsa da, o, heç bir araşdırmada indiki tədqiqatda olduğu kimi öz semiotik strukturu baxımından, yəni struktur-semiotik metodla tədqiq olunmayıb. A.İslamzadənin yanaşması göstərir ki, təkcə Qazan xan obrazının deyil, həm də oğuz epik ənənəsinin bütöv şəkildə semiotik aspektdə öyrəniliməsinə ehtiyac var.
Semiotika – işarələr elmidir. Obrazlı təfəkkür hər zaman və bütün hallarda işarələrə əsaslanır. İşarə – obraz olub, işarələdiyi gerçəkliyi əks etdirir. A.İslamzadənin tədqiqatında Qazan xan obrazının epik sistemi üçün xarakterik olan bütün elementlər işarələr kimi götürülərək öyrənilir. Bu halda məlum olur ki, “Kitabi-Dədə Qorqud”un özü bütöv bir işarələr sistemidir. Bu baxımdan, Qazan obrazının işarə bütövü kimi götürülməsi həmin işarənin mövcud olduğu makrosistemi – oğuz epik ənənəsinin işarəvi strukturunun da bütöv mənzərəsini görməyə imkan verib. Bu da öz növbəsində folklorumuzun strukturunun yeni metodlarla öyrəniliməsinin faydalı olduğunu ortaya qoyub.
Monoqrafiyada əldə olunmuş nəticələr yenidir. Yenilik ilk növbədə problemin qoyuluşununun yeni olması ilə şərtlənir. Salur Qazan obrazı ilə bağlı indiyə qədər semiotik aspektdə monoqrafik araşdırma aparılmayıb. Bu işi ilk dəfə A.İslamzadə həyata keçirib.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti var. Ümid edirik ki, bu iş öz nəzəri müddəaları ilə yeni tədqiqatların aparılmasına yol açacaq.
|