Folklor İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
Fevralın 26-da AMEA Folklor İnstitutunda Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov tədbirdə çıxış edərək bildirib ki, hər il Xocalı faciəsi mövzusunda silsilə tədbirlərin keçirilməsinin bir mənası şəhidlərimizi yad etməkdirsə, digər mənası özümüzü xalq olaraq tanımaq, yaxın-uzaq tarixə baş vurmaq, ibrət dərsi götürməkdir. “Hələ 1991-ci ildə ermənilər havadarlarının köməyi ilə bu hadisələri elə qurmuşdular ki, Xocalı artıq blokadada idi. Bütün avtomobil yolları bağlanmışdı, Xocalıya yalnız vertolyotla gedib-gəlmək mümkün idi. Faciə gecəsi öncə toplardan atəş açdılar, şəhəri tamam yanğına qərq etdilər. Ardınca şəhərə qoşun girdi. Əhali şəhərdən qaçmaqla da canını qurtara bilmədi. Çoxu uşaq, qadın, qoca olmaqla 613 nəfər əzabla öldürüldü. Əsirlərlə vəhşicəsinə rəftar olundu. Bu soyqırımı hadisəsinin qiymətləndirilməsi, dünyaya tanıdılması istiqamətində öhdəmizə böyük işlər düşür”.

Sonra İnstitutun Folklor Studiyasının Xocalı faciəsi ilə bağlı hazırladığı filmə (ideya müəllifi Mahir İbrahimov, rejissor Qasım Nağı, montaj və mətni səsləndirən Firdovsi Nəbiyev) baxış olub.
İclas iştirakçılarından “Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.e.d. Ramazan Qafarlı bildirib ki, bu gün erməni ideoloqları Xocalı faciəsini necə törətdikləri haqqında açıq-aşkar danışmaqdadırlar. Təəssüf ki, onlar hələ də cəzalarını almayıblar.
“Təhsil” şöbəsinin müdiri, fil.ü.f.d., şair Nizami Muradoğlu erməni vəhşiliyinin haqq-ədalətdən, insan haqlarından danışan dünyanın üzqarası olduğunu deyib, mövzuya uyğun şeirini oxuyub.

Fil.ü.f.d., şair Şakir Albalıyev erməni vəhşiliyinin bütün üzünü düşmənin əsirliyində olarkən gördüyünü deyib, şeir oxuyub.
Fil.ü.f.d. İlhamə Qəsəbova vaxtaşırı Xocalı faciəsinin şahidləri ilə görüşdüyünü, onların şahidi olduğu hadisələri yazıya aldığını bildirib.
İclası yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov, Xocalı faciəsi şahidlərinin dilindən yazıya alınmış materiallar əsasında silsilə kitabların nəşrini gerçəkləşdirməyi təklif edib.





|