FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QARSDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

9-11 oktyabr 2017-ci il tarixində Türkiyənin Qars şəhərində “Qafqazda xalq mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib. Konfrans bu il 25 illiyini qeyd edən Qars Qafqaz Universitetinin Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi tərəfindən həyata təşkil olunub. Qeyd edək ki, Mərkəzə azərbaycanlı alim, professor Rafiq İmrani rəhbərlik edir. Tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan, İran, İraq, Fransa, Rusiya, Qazaxıstan, Ukrayna və Özbəkistanı təmsil edən 150-yə yaxın alim iştirak edib. Onlar 20 bölmədə Qafqazda xalq mədəniyyəti, dil və ədəbiyyat, folklor, musiqi, adət və ənənələrlə bağlı məruzələrlə çıxış ediblər.
Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları fil.ü.f.d., dos. Sönməz Abbaslının “Qarabağda toy adətləri”, fil.ü.f.d. Tacir Qurbanov “Apardı sellər Saranı” xalq mahnısı və “Xan Çoban” dastanı” adlı məruzələri maraqla qarşılanıb. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, fil.ü.e.d. prof. Məhərrəm Qasımlı, AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa, AMEA Dilçilik İnstitutunun əməkdaşı Qətibə Vaqifqızı, Bakı Dövlət Universitetinin dosentləri Etibar Talıblı və Leyla Gərayzadə, şair Söhrab Abdulla, jurnalist Səxavət Sahil də iştirak ediblər.
Tədbirin bədii hissəsində Ankara Dövlət Türk Xalq Musiqi Xoru, İranın məşhur “Dalğa” qrupu və Gürcüstanın “Axısxa” rəqs qrupu çıxış edib.

 |