“Güney Azərbaycan folkloru. VI kitab” çapdan çıxmışdır
AMEA Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsi əməkdaşlarının hazırladığı nəfis tərtibatlı “Güney Azərbaycan folkloru. VI kitab” yaxın günlərdə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Qeyd edək ki, güneyli soydaşlarımızın dilindən yazıya alınıb kitab halına gətirilmiş beş topludan sonra işıq üzü görmüş növbəti kitabda xalqımızın dildən-dilə, ağızdan-ağıza ötürərək müasir dövrümüzdə də yaşatdığı dastanlarımız toplanmışdır.
Pərakəndə halda mövcud olan zəngin folklorumuzun qayğı ilə toplanaraq yazılı xəzinə şəklinə salınması kimi xeyirxah və təqdirəlayiq bir layihənin həyata keçirilməsinə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov rəhbərlik edir. Kitabın tərtibçisi “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, fil.ü.f.d. Mətanət Abbasova, redaktoru Soltan İmaməliyevdir. Kitabda yer alan dastanları güneyli folklor araşdırıcısı Böyükbəy Ələkbəroğlu dastan söyləyicilərindən və aşıqlardan dinləyərək yazıya köçürmüş, şöbə əməkdaşları isə həmin dastanları fars əlifbasından latın qrafkalı Azərbaycan əlifbasına transliterasiya etmişlər.
“Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş 416 səhifəlik kitaba Mətanət Abbasova əhatəli ön söz yazmışdır. Təqdim olunan kitaba Güney aşıqlarının repertuarından seçilən aşağıdakı 12 dastan mətni və bir aşıq deyişməsi daxil edilmişdir: “Yusif və Züleyxa”, “Şirin və Fərhad”, “Yadigar və Gülabatın”, “Abbas və Gülgəz”, “Dililqar və Mahcamal”, “Zöhrə və Məhəmməd”, “Aşıq Əsəd və Səltənət”, “Sənan və tərsa balası”, “Cəhanəfruz və Cəmşid”, “Aşıq Leysan”, “Gərgərli Məhəmməd və Məhparə xanım”, “Tahir və Zöhrə”, “Aşıq Həsən Qəfarla Aşıq Əzizin bir macərası”.
Dastan mətnləri yazıya alınarkən aşıq təhkiyəsindəki dialekt və şivə xüsusiyyətləri gözlənilmiş, mümkün dərəcədə bu dil faktlarının orijinallığına toxunulmamışdır. Şirin ləhcə və oxunaqlı bir dillə təqdim olunan Güney Azərbaycan dastanlarının bu taydakı müxtəlif variantları müasir oxucuya tanış olsa da, topludakı variantlar ilk dəfədir ki, küll halında nəşr olunur.
Qiymət Məhərrəmli
Kitabı oxu
|