Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
3.7.2017

“Bülbül və folklor” mövzusunda elmi sessiya keçirilib

İyunun 29-da AMEA Folklor İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Bülbül və folklor” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq artisti Bülbülə həsr olunmuş elmi sessiyanın ölkə Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli Sərəncamı ilə əlaqədar keçirildiyini vurğulayıb.


Akademik Muxtar Kazımoğlu-İmanov çıxışında Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb, onun gənc ifaçıların yetişməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyini diqqətə çatdırıb. O, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə isə 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən danışıb. “Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklor sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır” – deyən akademik bildirib ki, görkəmli xanəndə daim xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. “Təsadüfi deyil ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir”.


AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli böyük sənətkar Bülbülün zəngin yaradıcılıq yolu keçdiyini və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Bildirib ki, onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri var.


Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Azərbaycan musiqi folklorunun toplanması və tədqiqi tarixində Bülbülün yeri” mövzusunda məruzə edib, milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Bülbülün həm də görkəmli pedaqoq olduğunu, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətdiyini bildirib. O, Ərtoğrul Cavidin Bülbülün istedadlı tələbələrindən biri olduğunu vurğulayıb, Bülbülə yazdığı son məktubu iştirakçıların nəzərinə çatdırıb.


Sessiyada AMEA Folklor İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri, sən.ü.e.d., prof. Nailə Rəhimbəyli “Bülbül və musiqi folkloru”, AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı “Yaddaşlarda əbədiləşən səs” adlı məruzələrlə çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Bülbül Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezinə dair bir çox sanballı əsərlərin müəllifidir. Böyük sənətkarın təşəbbüsü ilə Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi tədqiqat kabineti yaradılıb. 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərən bu kabinet xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub. Azərbaycan professional vokal məktəbinin yaradıcısı Bülbül bütün Şərq vokal sənətinə böyük təsir göstərib. O, vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən işləyib.


AMEA Folklor İnstitutunun “Qorqud” ansamblının bədii rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında “Bayatı-Şiraz” təsnifi səslənib.
Elmi sessiyanı sonlandıran akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.