ƏMƏKDAŞIMIZ “SLAVYAN ƏNƏNƏVİ MƏDƏNİYYƏTİ VƏ MÜASİR DÜNYA” KONFRANSINDA İŞTİRAK EDİB
 2017-ci ilin may ayının 23-dən 26-dək Rusiya Fedarasiyasının paytaxtı Moskva şəhərində “Slavyan ənənəvi mədəniyyəti və müasir dünya” adlı XXII Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Mədəniyyət Strategiyaları və Layihələrin İdarə Edilməsi Mərkəzi, Dövlət Rus Folkloru Mərkəzi, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Moskva Şəhər Meriyası və Moskva Millətlər Evinin birgə təşkilatçılığı ilə hazırlanıb. Hər il keçirilən bu konfransın mövzusu “Folklorda və ənənəvi mədəniyyətdə obraz-predmet-insan-sənət” olaraq müəyyənləşdirlib. Konfransa təqdim edilən məruzələr də bu mövzuların müxtəlif aspektlərini əhatə edib.

Konfrans Moskva şəhərində Moskva Millətlər Evində işinə başlayıb. Dövlər Rus Folkloru Mərkəzinin aparıcı elmi işçisi V.Y. Dobrovolskayanın sədrliyi ilə keçən aşılış mərasimində AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil də çıxış edərək, Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazım oğlu İmanovun konfrans iştirakçılarına salamlarını, təşkilatçılara təbriklərini və Dövlət Rus Folkloru Mərkəzi ilə əməkdaşlıq təkliflərini çatdırıb.
Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş elm adamlarının 100-ə yaxın məruzəsi dinlənilib. Fil.ü.f.d. Ağaverdi Xəlil konfransın plenar iclasında “Oğuz və slavyan eposunda qəhrəman obrazının struktur tipologiyası” mövzu-sunda məruzə edib. Məruzə ətrafında müzakirələr aparılıb.
Konfransda Dövlət Rus Folkloru Mərkəzinin yeni nəşrləri, ənənəvi xalq geyimləri və folklor ansambllarının çıxışları nümayiş etdirilib.
|