AKADEMİK MUXTAR İMANOV II HUMANİTAR ELMLƏR FORUMUNDA İŞTİRAK ETMİŞDİR
26 may 2017-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Böyük Çöl: II Humanitar Elmlər Forumu keçirilmişdir. Forumun məqsədi türk dünyasının mədəni dəyərlərinin bəşər sivilizasiyasının inkişafındakı rolunu və əhəmiyyətini müzakirə etmək və türk ölkələrinin humanitar elmi qurumları arasında əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər hazırlamaq olmuşdur. Darxan Kıdııralı, Pak Pilxo, Refik Turan, Oğuz Ocal, Ramazan Qorxmaz, Qrem Norman, Yuli Xudyakov, Seit Kaskabasov kimi dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin qatıldığı bu tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, AMEA RH-nin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Hacıyeva da iştirak etmişlər.

Açılış iclasından sonra 6 bölmədə işini davam etdirmiş forumda akademik Muxtar İmanovun “Mifoloji düşüncədə üçtərəfli qarşılaşdırma və bədii ədəbiy-yatda obrazın ikiləşməsi problemi” mövzusunda məruzəsi dinlənilmişdir.
Bölmə içlaslarının sonunda edilən məruzələrlə bağlı geniş müzakirələr aparılmışdır.
Türk dünyasının elmi qurumlarının gələcəkdə əlaqəli fəliyyətinin güclən-dirilməsi ilə bağlı bəyannamənin qəbulu ilə forum işini bitirmişdir.

 |