İLESAM başkanı Folklor İnstitutunun qonağı olub
Azərbaycanda səfərdə olan Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) təşkilatının başkanı, şair Mehmet Nuri Parmaksız AMEA Folklor İnstitutunun qonağı olmuşdur. Qonağı AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov qəbul etmişdir.
1951-ci ildə fəaliyyətə başlayan İLESAM fikri əsərlər, müsiqi, kino, incəsənət və elm-ədəbiyyat olmaq üzrə dörd kateqoriyada müəlliflərin və onların mirasçılarının hüquqlarını qoruyur. Təşkilat fəaliyyətini bununla məhdudlaşdırmır, eyni zamanda ən yaxşı əsərlərin təbliğınə də önəm verir, tez-tez ədəbi və elmi müsabiqələr keçirir, qalibləri mükafatlandırır, türk xalqlarının dillərində yazılmış əsərlərdən ibarət toplular nəşr edir. Türk xalqlarının şair və yazıçılarının əsərlərinin çevrilməsini, Azərbaycan şairlərinin sözlərinə türk bəstəkarlarının, türk şairlərinin əsərlərinə Azərbaycan bəstəkarlarının müsiqi yazmasını da təşkil edir.

İLESAM rəhbərliyinin Azərbaycan folklorunun toplanmasına, qeydə alınmasına, nəşrinə və təbliğinə də marağı böyükdür. AMEA Folklor İnstitutunun direktoru və İLESAM başqanı arasında olan danışıqlarda gələcəkdə həyata keçirilə biləcək birgə layihələr geniş müzakirə edilmişdir. Razılığa gəlinmişdir ki, əməkdaşlıq haqqında müqavilə hazırlansın və bu müqavilə 2017-ci ilin iyun ayında təsdiq edilsin.
Görüşdə AMEA Folklor İnstitutu “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamilov və İLESAM-ın Azərbaycan təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza da iştirak etmişdir. |