Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
2.11.2016

Nizami Muradoğlunun “Hüseyn Cavid” dramının təqdimatı

Kəmaləddin müəllim:

   Mən istəyirəm, ilk sözü Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Muxtar Kazımoğlu – İmanova verim. Buyurun.

Muxtar Kazımoğlu – İmanov:

   Əziz dostlar! Nizami Muradoğlunun “Hüseyn Cavid” dramı ilə bağlı demək istədiklərimin birincisi bundan ibarətdir ki, müzakirəsinə, təqdimatına toplaşdığımız bu əsərdə repressiya dövrünün ab-havası səciyyəvi səhnələrlə əks olunub. O dövrün ən mürəkkəb məsələlərindən biri ədəbiyyatda artıq öz sözü, öz mövqeyi olan, nisbətən təcrübəli və yaşlı sənətkarları sovet platformasına cəlb etmək idi. Bu məqsədlə həmin yazıçılara müəyyən şərait yaradılırdı. Konkret olaraq Hüseyn Caviddən danışsaq, qeyd edə bilərik ki, Cavidə xüsusi təqaüd verilirdi, Cavidin pyesləri nəinki Azərbaycanda, Qafqazın ayrı-ayrı respublikalarında, o cümlədən Orta Asiyada tamaşaya qoyulurdu. Bu faktlar sırasına xüsusi Cavid axşamının keçirilməsi, Cavidin Almaniyaya müalicəyə göndərilməsi faktlarını da əlavə etmək olar. Amma yaradılan bu şərait Hüseyn Cavidi o vaxtacan keçib gəldiyi sənət yolundan döndərə bilmədi. Lenindən, Stalindən əsərlər yazılan bir vaxtda Hüseyn Cavid Məhəmməd peyğəmbərdən, Əmir Teymurdan dramlar yazdı. Sovet ideologiyasını, Sovet hökumətinin ədəbiyyat siyasətini qəbul etməyən Cavid repressiyaya uğrayan ilk sənətkarlardan biri oldu. Xalq arasında çox geniş şöhrət qazanan, ədəbi ictimaiyyət tərəfindən çox böyük nüfuz sahibi kimi qəbul edilən Cavidi, eləcə də repressiyaya məruz qalan digər sənətkarları həbs etməmişdən qabaq gözdənsalma kampaniyası aparmaq lazım idi. Belə kampaniyanın ən çirkin vasitələrindən biri ədəbi məhkəmələr təşkil etmək idi. “Kommunist” qəzetinin təşkilatçılığı və başçılığı altında klublarda, mədəniyyət evlərində, teatr binalarında çoxlu sayda adamın iştirakı ilə keçirilən həmin ədəbi məhkəmələrdə hansı əsərlər mühakimə olunurdu? Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri, Hüseyn Cavidin “Şeyx Sənan”, “Şeyda” əsərləri, Cəfər Cabbarlının “Aydın”, “Od gəlini” əsərləri. 1937-ci il repressiyasına qədər Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı artıq vəfat etmişdi. Sağ qalan Hüseyn Cavidin isə sovet platformasına heç cür yaxın gəlməyən bir sənətkar kimi nişan verilməsində ədəbi məhkəmələrlə yanaşı, ədəbi tənqid də mənfi rol oynamaqda davam edirdi. Ədəbi tənqid Hüseyn Cavidi “burjua yazıçısı” adlandırırdı, onu sovet həqiqətlərini qələmə almamaqda, xalq kütlələrinin başa düşmədiyi bir dildə yazmaqda, qəhrəmanlarını Azərbaycandan yox, başqa ölkələrdən almaqda günahlandırırdı. Hüseyn Cavid isə Hüseyn Cavid olaraq qalırdı – öz düşündüyünü, öz məsləkinə, əqidəsinə uyğun olanı yazırdı. Sözümün canı odur ki, sovet ədəbi mühitinin tələbləri qarşısında Hüseyn Cavidin öz mövqeyini dəyişməməsi, üslubuna və mövzularına sadiq qalması dramda Nizami Muradoğlunu düşündürən əsas məsələlərdən biridir. Nizami Muradoğlunu bir müəllif kimi narahat edən başqa bir məsələ cavan yazıçıların Hüseyn Cavidə, onun ədəbi mövqeyinə münasibəti məsələsidir. Şübhə yoxdur ki, cavan yazıçılar: Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza sovet platformasını dərhal qəbul etmişdilər, sovet quruluşunu tərənnüm edən əsərlər yazmışdılar və yazırdılar. Cavan yazıçıların “proletkultçuluq” deyilən ideologiya ilə “anlaşılmazlığı” nadir hallarda baş verirdi. Belə nadir hallardan biri Mikayıl Müşfiqin “səni istəmir proletar” kimi cəfəng (və son dərəcə zərərli) şüar müqabilində özünün məşhur “Oxu, tar” şeirini yazmasıdır. Görünür, bu cür “anlaşılmazlıq” məqamları Mikayıl Müşfiqin də Hüseyn Cavid və Əhməd Cavadla eyni vaxtda həbs edilməsinin başlıca səbəbi olub. O ki qaldı həbs edilməyən cavanlara, bu yazıçıların vəziyyəti heç də yaxşı deyildi. Onlar həbs edilən qələm yoldaşlarının əleyhinə çıxışlar etmək, yazılar yazmaq, ifadələr vermək məcburiyyətində idilər. Təqdirəlayiq cəhətdir ki, Nizami Muradoğlu onları ittiham etmək yox, onları başa düşmək, onların taleyindəki bu acınacaqlı məqamı məhz ürəkağrıdan bir məqam kimi oxucu və tamaşaçıya çatdırmaq yolunu tutur.


   “Hüseyn Cavid” mənzum dramının maraqlı və təsirli səhnələrindən danışarkən həbsxana həyatını əks etdirən səhnələri xüsusi qeyd etmək lazım gəlir. Bu səhnələrdə Nizami Muradoğlu Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin timsalında yazıçı şəxsiyyəti məsələsini diqqət mərkəzinə çəkir. Müəllif təsirli detallarla göstərir ki, həbsxana şəraiti, həbsxanadakı müxtəlif təzyiq vasitələri sənətkar şəxsiyyətinin bütövlüyünü poza bilmir.
   Nizami Muradoğlu şair olmaqla bərabər, həm də tədqiqatçı-alimdir. O, bir ədəbiyyatşünas kimi folklorun və yazılı ədəbiyyatın müxtəlif məsələlərini ardıcıl olaraq araşdırır və bu araşdırmalarını məqalələr, monoqrafiyalar şəklində çap etdirir. Şübhə yoxdur ki, onun bədii yaradıcılığına elmi araşdırmalarının müsbət təsiri vardır. Azərbaycan ədəbiyyatına, o cümlədən Hüseyn Cavid irsinə yaxından bələd olması Nizami Muradoğluna bu əsəri yazmağa yaxından kömək edib. Elmi araşdırmaların bu əsərin yazılmasına müsbət təsirini və yaxın köməyini mən, ilk növbədə, obyektiv müəllif mövqeyinə nail olmaqda, yaxın dövrün hadisələrinə birtərəfli yanaşmamaqda görürəm.
   Nizami Muradoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.