Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Od çərşənbəsi

Ta qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. AMEA-nın Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılov bu qənaətdədir: "Professional mifoloq prinsipləri ilə yanaşıldıqda hər bir bayram öz müasir vəziyyətinə gəlib çatana qədər 4 iri mərhələdən - mif, ritual, mərasim, bayram mərhələlərindən keçib. Müasir bayram özünün ritual-mifoloji semantikasında bu mərhələlərin özünəməxus xüsusiyyətlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan laylarda yaşatmaqdadır. Şübhəsiz, bir çox türk xalqları ilə yanaşı xalqımızın milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, total bir şəkildə etnik təfəkkürdə daşlaşmış belə bayram Novruzdur. Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi, mətbəx atributlarına kimi bu mifoloji yolun izləri özünü qoruyub-saxlayıb. Bu yolu bayrama qədərki dörd ilaxır çərşənbə üzrə nəzərdən keçirmək daha çox məqsədəuyğundur. Məlumdur ki, Hovruz bayramına kimi 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşləri simvollaşdırır və öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir".
Bu mənada Od çərşənbəsi ilə bağlı danışan H.İsmayılov bildirir ki, Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür: "Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübut edir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Yazda torpağın oyanması mifik kökləri etibarı ilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır".
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.
Od çərşənbəsi Mirəli Seyidovun tədqiqatlarında da öz əksini tapıb. Qam-Şaman mərasimindən söz açan alimin araşdırmalarına görə, Hovruz mərasimlərində ocağın çevrəsində oturanlar gündoğandan günbatana dığırladırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti günəşə inamla bağlıdır. Qamlar dəfə yaranışın simvolu kimi baxırdılar. Miflərə görə, Günəş-Od-Atəş tapılmasının ilk nümunəsi, daha doğrusu, mənbəyi ağacın gövdəsində yatan istiliklə bağlı idi. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. Qədimlərdə ocağın, odun əldə edilməsi ilə ailənin təməlinin qoyulmasına, insanların ev tikməyi öyrənməsinə inamı böyük olub.
Atəşpərəst etiqadlarına görə, "Müqəddəs od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiəti özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə şənliklər yaranmışdı. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi.
İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanarlar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.
Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od
amilinin Hovruzun mahiyyətində durmasına ən gözəl sübutdur.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.