Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
29.3.2016

Ömrün sözdən keçən yolu

    İşıqlı dünyaya doğulan hər kəsə bir cür ömür yolu, tale payı düşür. Kimi cavan olub dağda-düzdə, kimi odda-közdə, kimisi də könlünü sözə verib, sözdə yaşayır. Amma burada tam olaraq hər şeyi bəxtin, qismətin ayağına yazmaq da ədalətli olmazdı. Çünki öz taleyi ilə birgə doğulan Adəm övladının hər biri eyni zamanda, fərqli, fərdi, özünəməxsus potensialla qədəm qoyur yaşadığımız bu rəngarəng həyat gülüstanına. Və burada hər kəs öz taleyinə uyğun həyat yolunu tapır, müəyyənləşdirir, gücünü, təpərini toplayıb, addımlamağa başlayır. Bax bu zaman hər kəsin öz yoluna münasib potensialı-zəhmətkeşliyi, səbri, dözümü, inadı, iradəsi, bacarığı, prinsipiallığı üzə çıxr, onu başqalarından fərqləndirir. Ziyalı olsun, şair olsun, alim olsun, fəhlə olsun, cavan olsun... hər sahədə bacarıq, istedad, əqidə fərqlilikləri təşkil eləyir. İstedadı, zəhmətkeşliyi, əqidəsinə sadiqliyi və s. insanların qiymətləndirilməsi üçün ən dürüst meyara, ölçü vahidinə çevrilir. Bu meyarlarla yanaşdıqda müsbət mənada başqalarından kəskin şəklidə fərqlənən, ucada dayanan görkəmli ziyalılarımızdan biri də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru, folklorşünas alim Muxtar Kazımoğlu-İmanovdur. Bu yaxınlarda alimin sözdən keçən ömür yolundan, elmi yaradıcılığından, xüsusən onun xalq gülüşü, folklorda obrazın ikiləşməsi, psixologizm, şifahi və yazılı ədəbiyyatın qarşlıqlı əlaqələri ilə bağlı araşdırmalarından bəhs edən məqalələrdən ibarət irihəcmli, sanballı bir kitab oxucuların sərəncamına təqdim edilmişdir. Səhifələri çevirdikdə adamın gözləri önündə sözün həqiqi mənasında əzəmətli bir ziyalı şəxsiyyətin, məhsuldar alimin portreti canlanır. Düşünürsən, İlahi, bu qədər zəngin tərcümeyi-hal, fundamental yaradıcılıq bir insan ömrünə necə sığa bilərmiş! Muxtar İmanovun elmi yaradıcılığı, bir şəxsiyyət olaraq fərdi xarakter cizgiləri, idarəçilik, təşkilatçılıq bacarığı, obyektivliyi və prinsipiallığı kitabda hərtərəfli şəkildə əksini tapır. Ön sözdən tutmuş kitab boyu ardıcıllıqla düzülmüş məqalələr alimin mənalı keçən ömür yolunun publisistik boyalarla verilmiş xronikası təsiri bağışlayır. Kitabı oxuduqca Muxtar müəllimi hətta yaxından tanıyan, vaxtaşırı onunla ünsiyyətdə olan adam belə heyrətlənməyə bilmir. Bu şəxsiyyət haqqında daha yeni-yeni zəngin informasiyalar əldə edərək, sanki alimi yenidən kəşf etmiş olur. Azərbaycan filoloji düşüncəsinə milli-ictimai təfəkkürün demokratikləşdiyi, etnik-milli genezisə və milli-mənəvi dəyərlərə qaydışın elmdə, sənətdə, həyatda ümummilli hərəkata çevrildiyi bir dönəmdə (ötən əsrin 80-ci illərində) daxil olmuş Muxtar Kazımoğlu çox da uzun olmayan bir müddət ərzində hətta uzun bir ömrə sığmayacaq sayda uğur və nailiyyətlərə imza atmışdır. Bu da onun, əvvəldə qeyd etdiyimiz kimi, yüksək istedadından, zəhmətkeşliyindən irəli gəlir.

    Qeyd edək ki, Muxtar müəllimin elmi-filoloji yaradıcılığa qədəm qoyduğu dövr də onun maraq dairəsinin formalaşmasında, öz fərdi yaradıcılıq yolunun müəyyənləşdirilməsində mühüm rol oynamışdır. O, həmin dövrdə (elə indinin özündə də!) kifayət qədər aktuallıq kəsb edən mürəkkəb bir elmi-nəzəri problemin (ədəbiyyatda psixologizm) son dərəcə maraqlı bədii faktura üzərində (60-70-ci illər Azərbaycan nəsri) araşdırılmasına başlanmışdır. İsmayıl Şıxlı, Sabir Əhmədov, İsa Hüseynov, Anar, Əkrəm Əylisli, Elçin, Mövlud Süleymanlı kimi nasirlərin bədii yaradıcılığını psixologizm aspektindən tədqiqat predmetinə çevirmiş müəllifin “Müasir Azərbaycan nəsrində psixologizm” adlı elmi kitabı 1991-ci ildə nəşr edilmişdir. Muxtar İmanovun bu tədqiqatı onun filoloji təfəkkürünün analitik-nəzəri səpkiyə, bir alim olaraq fərdi marağının isə milli folklor qaynaqlarına istiqamətləndiyini ifadə edir. Eyni zamanda, onun yaradıcı təfəkkürünün ədəbiyyatşünaslıqdan folklora, romandan (povest və hekayədən) eposa, psixologizmdən gülüşə keçid mərhələsi alimin qət etdiyi yolun əlamətdar cizgilərindəndir. Muxtar müəllimin bir alim olaraq böyüklüyünün, fundamental təfəkkür sahibi olmasının ən mühüm göstəricilərindən biri, fikrimizcə, onun araşdırmalarında daim nəsrin ən müasir nəzəri problemlərini folklorla vəhdətdə götürməsi, şifahi və yazılı ədəbiyyatı eyni bir təhlil kontekstində birləşdirməsidir. Və bu gün də yazılı və şifahi ədəbiyyat paralelliyi Muxtar Kazımoğlu yaradıcılığının xrarakterik xüsusiyyətlərindəndir.

    Qeyd edək ki, elm aləmində alimlər iki əsas istiqamət üzrə qruplaşdırılır: şərhçi alimlər və ortaya yeni konsepsiya qoya bilən mütəfəkkir alimlər. Bu baxımdan tərəddüdsüz deyə bilərik ki, Muxtar müəllim sayca o qədər də çoxluq təşkil etyməyən ikincilər sırasındadır. Onun “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006) kitabları bunlardan irəli sürülən müddəaların orijinallığı, əhəmiyyətlilik dərəcəsi baxımından Azərbaycan folklorşünaslığında yeni bir istiqamət təşkil edir. Yazılı ədəbiyyatla bağlı kifayət qədər geniş təhlil olunmuş gülüş anlayışı Muxtar İmanovun əsərlərində ilk dəfə olaraq sistemli şəkildə folklor üzrə araşdırılır, gülüşün magik mahiyyəti, ayrı-ayrı folklor obrazlarının gülüş aspektindən genezisi problemlərinə aydınlıq gətirilir. Müəllif tərəfindən humanitar düşüncəyə Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı yeni elmi konsepsiya təqdim olunur ki, bu da, qeyd edildiyi kimi, Muxtar Kazımoğlu şəxsiyyətini şərhçi deyil, yaradıcı mütəfəkkir alim kimi xarakterizə edir.

    Bunlarla yanaşı, Muxtar müəllim bir ictimai xadim, təşkilatçı rəhbər, ən başlıcası isə təvazökar, mehriban, sadə insan olaraq kitabda müxtəlif kateqoriyalı müəlliflərin məqalələrində yüksək dəyərləndirilərək alqışlanır, örnək kimi qəbul edilir. Örnəklərdən nümunə götürməksə hər bir ziyalı, həmçinin gənc alim üçün faydalı və zəruridir. O da məxsusu qeyd olunmalıdır ki, Muxtar İmanov yaradıcılığından, şəxsiyyətindən, onun son dərəcə mənalı, zəngin həyat yolundan yüksək səviyyədə söz açan “Yol və söz” məqalələr toplusunun işıq üzü görməsi də bu zərurət və ehtiyacdan doğan uğurlu nəticədir. Alim ömrünün sözdən keçən, zirvəyə istiqamətlənmiş şərəfli yollarına səadət günəşinin şəfəqlər çiləməsi isə bizim ən böyük, ən səmimi arzularımızdandır.

Cəmilə Çiçək

AMEA Folklor İnstitutunun doktorantı,
AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.