Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


AMEA FOLKLOR İNSTİTUTU: NAİLİYYƏTLƏR, PERSPEKTİVLƏR

Azərbaycan müstəqillik əldə etdikdən sonra – yəni 1990-ci illərin əvvələrindən etibarən xalqımızın həyatında öz tarixinə, folkloruna və mədəniyyətinə əsaslı surətdə dönüşü, milli mənlik şüurunun kəskin oyanışı, eləcə də özünüdərk proseslərinin sürətli sıçrayışı başlandı. Azərbaycan dövlətinin və cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, Azərbaycanın elm sisteminin yeni reallıqlara adekvat reaksiyasını tələb etdi. Cəmiyyətin sürətli inkişaf dinamikasında humanitar elmlərin üzərinə xüsusi vəzifələr düşdü. Bu, bir tərəfdən, milli azərbaycanlı «mən»inin qorunması işinə xidmət edən, mənəvi və mədəni dəyərlərə, eləcə də pozitiv ənənələrə, mühüm əhəmiyyət kəsb edən tədqiqatlara xüsusi önəm verilməsini, digər tərəfdən, elmi tədqiqatların nəzəri-metodoloji əsaslarının yeniləşməsini, daha dərin, sistemli və əsaslı araşdırmaların aparılmasını zərurətə çevirdi. Eyni zamanda, bu dövrlərdə Azərbaycan elm sistemindən cəmiyyətin iqtisadi-texniki tərəqqisi və maddi rifahın yüksəlişi fonunda bu imkanları insanın mənəvi və əqli zənginliyinin xidmətinə yönəltmək bacarığı tələb olundu. Bu dialektik proseslər cəmiyyətin hər bir sahəsində, o cümlədən, ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasında və onun yerli qurumlarında özünü daha qabarıq göstərməyə başladı. Dövlətin bütün sahələrə, eləcədə elm sahəsinə dqqəti daha artıq hiss edilməyə başladı.
Milli-etnik yaddaşımıza qayıdış, maddi və mənəvi dəyərlərimizin layiqincə qiymətləndirilməsi, elmə, mədəniyyətə və təhsilə daimi diqqət isə 1993-cü ilin iyunundan-mərhum prezidentimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra daha geniş vüsət aldı və özünün ən yüksək zirvəsinə qalxdı. H.Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə sanki hər sahədə bir canlanma, intibah hiss olunmağa başladı. Onun elmə, təhsilə qayğısı xüsusilə nəzərə çarpırdı. Elmə, mədəniyyətə bu qayğının təzahürü kimi 1994-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi genişləndirilərək onun bazası əsasında Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi («Folklor sarayı») yaradıldı. Yeni yaradılan bu Folklor Elmi-Mədəni Mərkəzinə rəhbərlik etmək isə Hüseyn İsmayılova etibar edildi. H.İsmayılov tez bir zamanda binanı əsaslı təmir etdirdi, oranı elmi mühit üçün yararlı bir hala gətirdi və Folklor EMM-ə çağdaş Azərbaycan folklorunun ən görkəmli nümayəndələrini, bütün yaradıcı həyatını folklora, onun inkişafına həsr edən alimləri cəlb etməyə başladı. Görülən bu əsaslı işlərin nəticəsində Folklor EMM tez bir zamanda böyüdü, həqiqi bir folklor və elm mərkəzinə çevrildi. Ümumilli lider, mərhum prezident Heydər Əliyevin və AMEA-nın prezidenti Mahmud Kərimovun Folklor EMM-ə daimi qayğısını və himayəsini hiss edən H.İsmayılov qısa bir müddətdə Folklor EMM-də 4 böyük şöbə və bir jurnal redaksiyası yaratmağa nail oldu: Qorqudşünaslıq (şöbə müdiri: Azərbaycan MEA-nın muxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev), Azərbaycan folkloru (şöbə müdiri: filologiya elmləri doktoru, professor İsrafil Abbasov), Aşıq yaradıcılığı (şöbə müdiri: filologiya elmləri namizədi Elxan Məmmədli), Türk xalqlarının folkloru (şöbə müdiri: filologiya elmləri namizədi Əfsələddin Əsgərov) və «Dədə Qorqud» jurnalı redaksiyası (Baş redaktor: Türk Dil Qurumunun fəxri üzvü, professor Tofiq Hacıyev) yaradıldı. Aparılan bu struktur dəyişiklərindən sonra, qısa müddət ərzində Folklor Elmi-Mədəni Mərkəzində əsaslı irəliləyişlər oldu. H.İsmayılovun rəhbərliyi və Folklor Elmi-Mədəni Mərkəzinin əməkdaşlarının gərgin zəhməti öz bəhrəsini verdi. Azərbaycan folklorunun elmi prinsiplərlə toplanması, onun tədqiqi və nəşri sahəsində böyük uğurlar əldə edildi. Dədə Qorqud adına Folklor EMM tez bir zamanda respublikanın bütün ərazisində gedən folklorşünaslıq fəaliyyətinin həm elmi, həm də təşkilati baxımdan idarəetmə və nəzarətedici funksiyasını öz üzərinə götürdü. Müxtəlif folklor nümunələri toplamaq üçün Azərbaycanın müxtəlif regionlarına tərkibinə təcrübəli folklorçuların da daxil edildiyi folklor ekpedisiyaları göndərildi. Bu ekspedisiyaların nəticəsində külli miqdarda folklor nümunələri toplanıb sistemləşdirildi. Görülən bu möhtəşəm, təşkilati işlərin və tədbirlərin nəticəsində xalqımızın mənəvi söz xəzinəsi olan folklorun torlanması, tədqiqi və çapı sahəsində misilsiz işlər görüldü. Belə ki, 16 il ərzində, yəni 1994-2010-cu illərdə Folklor EMM-də (indiki Folklor İnstitutunda – T.O. ; N.M.) Azərbaycan folklorunun regional mühitlər üzrə çoxcildi antologiyasının (AFA-nın) 19 cildi (Naxçıvan, İraq-Kərkük, Göyçə, Şəki-1, Qarabağ, Şəki-2, Qaraqoyunlu, Ağbaba, Gəncəbasar, İrəvan Çuxuru, Şirvan, Zəngəzur-1, Şəki-Zaqatala, Dərbənd. Dərələyəz, Ağdaş, Muğan, Şəki-3, Zəngəzur-2) çap edildi. Antologiyanın daha 2 cildi isə (Loru - Pənbək və Qazax) hazırda Folklor İnstitutunun Nəşriyyat-Redaksiya Şöbəsində nəşrə hazır vəziyyətdədir. Bundan başqa, bu illərdə 200-ə yaxın müxtəlif folklor toplularının və elmi tədqiqatlarının da kitab halında nəşri həyata keçirildi. Əsası 1961-ci ildə qoyulmuş və 1961-1994-cü illərdə, yəni 33 il ərzində cəmi-cümlətanı 7 cildi çapdan çıxan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin qısa müddət ərzində, yəni 1999 - 2010-cı illərdə, daha 26 cildi (VIII-XXXIII cildlər) yüksək poliqrafik səviyyədə çap olundu və beləliklə, bu məcmuənin də dövriliyi təmin olundu. Folklor İnstitutunda Beynəlxalq «Dədə Qorqud» jurnalı da məşhur türkoloq alim, AMEA-nın müxbir üzvü, T. Hacıyevin baş redaktorluğu ilə müntəzəm sürətdə nəşr edilməyə başladı. Bütün türk dünyasına yayımlanan, səhifələrində qorqudşünaslığa, folklorşünaslığa, türk xalqlarının ortaq mədəni nümunələrinə və digər mühüm elmi məsələlərə geniş yer ayıran bu jurnalın da çapı hazırda müntəzəm surətdə həyata keçirilir. 2001-ci ildən, hər il 4 sayı nəşr olunan bu jurnalın indiyə kimi 40 sayı işıq üzü görmüşdür.
Bütün bunlar isə AMEA rəhbərliyinin, xüsusilə AMEA-nın prezidenti M. Kərimovun nəzərindən heç vaxt yayınmayıb. Belə ki, hər il keçirilən AMEA Rəyasət Heyətinin hesabatında Folklor Elmi Mədəni-Mərkəzinin gördüyü işlər yüksək qiymətləndirilib, mərkəzin kitab çapı sahəsində misilsiz uğurları isə xüsusi olaraq vurğulanıb. Bunları nəzərə alan AMEA rəhbərliyi 2003-cü il aprelin 2-də Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzinin daha böyük struktur vahidinə – Folklor İnstitutuna çevrilməsi haqqında sərəncam imzaladı. Bundan sonra Folklor İnstitutunda əvvəlki 4 şöbə – Qorqudşünaslıq, Azərbaycan folklorşünaslığı, Aşıq yaradıcılığı və Türk xalqlarının folkloru şöbələri saxlanılmaqla, əlavə olaraq 3 yeni şöbə də yaradıldı: Folklor nəzəriyyəsi (şöbə müdiri: filologiya elmləri namizədi Agaverdi Xəlil), Mifologiya (şöbə müdiri: filologiya elmləri namizədi Seyfəddin Rzasoy) və Folklor laboratoriyası (şöbə müdiri: filologiya elmləri namizədi Tahir Orucov). Hazırda Folklor İnstitutu AMEA-nın müstəqil bir institutu kimi fəaliyyət göstərir.
Bu işlərin görülməsində, Folklor İnstitutunun belə uğurlar qazanmasında Hüseyn İsmayılovun xüsusi xidmətləri vardır. O, Folklor İnstitutunda görülən bu işlərdə təkcə inzibati-elmi rəhbər kimi yox, eləcə də bir folklorşünas alim kimi yaxından iştirak edib. Belə ki, Göyçə, Qaraqoyunlu, Ağbaba, Gəncəbasar, İrəvan Çuxuru, Şirvan, Dərbənd, Dərələyəz folklorunun toplanması və folklorşünaslığın tədqiqi sahəsində alimin «Vətən qürbətdə qaldı», (Göyçə folkloru örnəkləri. Bakı, «Yazıçı», 1993), «Müdriklik çələngi» (Bakı, Səda, 2000), «Göyçə folkloru» (AFA, III c. Bakı, Səda, 2000), «Miskin Abdal» (Bakı, Səda, 2001), «Göyçə dastanları və aşıq rəvayətləri» (Bakı, Səda, 2001), «Qaraqoyunlu folkloru» (AFA, VII c. Bakı, Səda, 2002), «Ağbaba folkloru» (AFA, VIII c. Bakı, Səda, 2002), «Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları» (Bakı, Səda, 2004), «Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri» (Bakı, Səda, 2004), «Gəncəbasar folkloru» (AFA, IX c. Bakı, Səda, 2004), «İrəvan Çüxuru folkloru» (AFA, X c. Bakı, Səda, 2004), «Şirvan folkloru» (AFA, XI c. Bakı, Səda, 2004), «Azərbaycan xalq ədəbiyyatından seçmələr» (Bakı, Şərq-Qərb, 2005),) «Azərbaycan folklorunun regional xüsusiyyətləri»(Bakı, Səda, 2006), «Dərələyəz folkloru» (AFA, XV c. Bakı, Səda, 2006), «Göyçə aşıqları və el şairləri, I cild » (Bakı, Səda, 2006), «Azərbaycan folkloru külliyatı» (I-XIX c. Bakı, Səda, 2006-2008), «Azerbaycanda aşıq sanatı» (Ankara, Alpan yayınlar, 2008), «Azerbaydjanskoe aşıkskoe iskusstvo» (Kazan, Almalit, 2009), «Voprosı russkoy literaturı v Azerbaydjanskoy literaturovedenii» (Kazan, Almalit, 2009), «Göyçə aşıqları və el şairləri, II cild» (Bakı, Səda, 2009) və s. kimi kitabları onun Azərbaycan folklorşünaslığındakı fəaliyyətinin misilsiz bir göstəricisinə çevrilmişdir. Bunun üçün təkcə bu faktı demək kifayətdir ki, yalnız praktik toplama materialları olan «Göyçə folkoru» - 766 səhifə, «Göyçə dastanları və aşıq rəvayətləri» - 700 səhifə, «Gəncəbasar folkloru» - 522 səhifə, «Ağbaba folkloru» - 476 səhifə, «Qaraqoyunlu folkloru» 464 səhifə, «Göyçə aşıqları və el şairləri, I-II cildlər» isə 1086 səhifədir.
2005-ci ildə Folklor İnstitununun həyatında çox əlamətdar, nailiyyətlərlə dolu bir il oldu. Belə ki, Respublika rəhbərliyinin qayğısı, AMEA-nın prezidenti M. Kərimovun dəstəyi, Folklor İnstitununun direktoru H.İsmayılovun rəhbərliyi və təşkilatçılığı ilə Folklor İnstitutu üçün əlavə, müasir tələblərə cavab verən üçmərtəbəli, yeni bir bina tikilib institut əməkdaşlarinin istifadəsinə verildi. 2005-2010-cu illərdə hər il Folklor İnstitutunda, təxminən, 40-yaxın kitab və elmi monaqrafiyalar nəşr olunmağa başladı. Folklor İnstitutunda hər il aprel ayının 7-si günü - yəni Ümummilli lider H.Əliyevin «Dədə Qorqud» dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verdiyi fərman günü «Respublika Dədə Qorqud günləri» elan edilmişdir. Həmin tarixdə Folklor İnstitutunda «Respublika Dədə Qorqud» günləri yüksək səviyyədə, təntənə ilə qeyd edilir. Bundan başqa, «Aşıq Ələsgər günləri» də Folklor İnstitutunda «saz-söz bayramı» səviyyəsində keçirilir və bu şənliyə respublikamızın tanınmış aşıqları, saz və söz ustadları dəvət olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə də mütamadi olaraq məşğul olur. Bu baxımdan artıq 2003-cü ildən etibarən müntəzəm keçirilən «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı Uluslararası Folklor Konfransını xüsusi qeyd etmək lazımdır. Beş il ərzində – 2003-2007-ci illərdə ardıcıl olaraq beş dəfə düzənlənən bu beynəlxaq tədbir təkcə Folklor İnstitutunun deyil, həm də Azərbaycanın elmi və siyasi həyatında da əlamətdar hadisələrdən hesab edilir. Bu tədbirlərdə Türkiyə, Rusiya, Almaniya, İran, İraq, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Dağıstan, Başqırdıstan, Şimali Kipr Türk Respublikası, Tatarıstan, Qaraçay-Çərkəz, Kabada-Balkar və s. respublikaların alimlərinin adları və məqalələri yer alır. Uluslararası Konfranslarda bir-birindən uzaq düşmüş, siyasi və ictimai vəhdət telləri qırılmış türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumiləşdirirlər. İki illik fasilədən sonra yenə də 2010-cu il noyabr ayının 25-26-da AMEA Folklor İnstitutu KKTC Doğu Akdeniz Universiteti ilə birgə “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI Uluslararası Folklor konfransını keçirmişdir. Bu konfrans son illərin ən böyük tədbirlərindən və Azərbaycanın elmi və mədəni həyatının ən mühüm hadisələrindən biri olub, həm də Folklor İnstitutunun Azərbaycanın elmi-ədəbi və mədəni-siyasi həyatında mühüm rol oynadığını yenidən nümayiş etdirmiş oldu. Konfrans iki gün ərzində – 25-26 noyabr tarixlərində Bakı şəhərində – AMEA Rəyasət Heyətinin iclas salonlarında baş tutmuşdur. Respublika siyasi rəhbərliyinin dəstəyi və AMEA rəhbərliyinin, xüsusilə onun prezidenti akademik Mahmud Kərimovun qayğısı ilə bu dəfə düzənlənən VI Uluslararası Folklor Konfransının problematikası “Türk epik ənənəsində dastan” kimi müəyyənləşdirilmişdir. Bu il keçirilən konfrans, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, onun işində iştirak etmək üçün 153 alimin tezisi (o cümlədən 10-a yaxın xarici ölkədən 85 tezis və məruzə) daxil olmuşdur. Dəyərləndirmə zamanı onlardan 100-nün proqrama salınması uyğun hesab edilmişdir. Konfrans proqramında və operativ şəkildə çap edilərək iştirakçılara çatdırılan 520 səhifəlik materiallar məcmuəsində azərbaycanlı alimlərlə yanaşı, 10-a qədər xarici ölkədən – Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistandan gələn tədqiqatçı alimlərin məruzələri yer almışdı. Altıncı dəfə keçirilən bu beynəlxalq tədbirə Azərbaycan və xarici elm adamlarından başqa, ölkəmizdə fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəliklərin təmsilçiləri – Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin atteşesi – Gülnara Ziqanşina və KKTC nümayəndəliyindən Kerem İzzen də qatılmışdılar. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI Uluslararası Folklor Konfransı öz işinə noyabrın 25-də AMEA Rəyasət Heyətinin Böyük iclas salonunda başladı. Konfransın açılış iclasını giriş sözü ilə AMEA-nın I vitse-prezidenti Arif Həşimov açaraq konfrans iştirakçılarını təbrik etdi və konfransa öz işində böyük uğurlar arzuladı. Sonra AMEA Folklor İnstitutunun direktoru, f.e.d., professor Hüseyn İsmayılovun çıxışı konfrans iştirakçılarına oxunmuşdur. Çıxışda konfransa dəvət olunmuş qonaqlar hərarətlə salamlanmış və bu konfransın keçirilməsinin türk xalqlarının mənəvi, elmi, siyasi və mədəni birliyini daha möhkəmləndirməyə xidmət etdiyi xüsusi olaraq vurğulanmışdır. Bundan sonra KKTC Doğu Akdeniz Universitetinin rektoru, prof. Dr. Abdullah Öztoprağnın şəxsi nümayəndəsi Doç. Dr. Vüqar Salamzadə, Dağıstan Dövlət Pedaqoji Universitetinin prorektoru, Prof. Dr. Zagir Atayev, Türkiyənin Qazi Universitetinin professoru Dr. Necati Demir, AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, İran İslam Respublikası Bonab Azad İslam Universitetinin professoru, Dr. Azim Sahatimehr, Ukrayna Milli Elmlər Akademiyası M.Rılski adına Şərqşünaslıq, folklor və etnologiya İnstitutunun professoru Anatoliy Momrik çıxış etdilər. Açılış iclasından sonra konfrans iştirakçıları iki bölmədə: prof. Dr. Füzuli Bayat və Doç. Dr. Sebahattin Şimşirin həmsədrlikləri ilə I otaqda, prof. Dr. İsmayıl Vəliyevin və Abdulkadir İnaltekinin həmsədrlikləri ilə II salonda davam etdirildi. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI Uluslararası Folklor Konfransı öz işini noyabrın 26-da yenə də AMEA Rəyasət Heyətinin iclas salonlarında davam etdirdi. Günortayadək AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin və prof. Dr. Ülkər Vançının həmsədrlikləri ilə I salonda, prof. Dr. Necdet Vancının və prof. Dr.Kamran Əliyevin həmsədrlikləri ilə II salonda iclas keçirildi. Günortadan sonra yenə də prof. Dr. Rafiq İmraninin və prof. Dr. Kenan Ziya Taşın həmsədrlikləri ilə I otaqda, Dr. Ağaverdi Xəlilin və prof. Dr. Necati Dəmirin həmsədrlikləri ilə II salonda daha iki iclas keçirildi. İclaslardan sonra, noyabrın 26-da AMEA-nın I salonunda prof. Dr. Hüseyn İsmayılovun və Doç. Dr. Vüqar Salamzadənin həmsədrlikləri ilə VI Uluslararası Folklor Konfransının bağlanış iclası keçirildi. Burada altıncı dəfə keçirilən bu beynəlxalq tədbirin işi dəyərləndirildi və bağlanış iclasında “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI Uluslararası Folklor Konfransının iştirakçılarına qatılımcı bəlgəsi və məruzələr çap olunmuş “Konfrans materialları” toplusu hədiyyə edildi.
Ümumiyyətlə, Folklor İnstitutu AMEA-nın müstəqil struktur vahidi kimi fəaliyyət göstərdiyi az bir zaman müddətində (2003-2010) elmi, elmi-praktiki və elmi-təşkilati istiqamətdə böyük həcmdə, yüksək səviyyəli işlər gercəkləşdirmişdir. Qısa şəkildə, qeyd etsək bu illərdə: 1. Azərbaycan folklorunun nəzəri problemlərinə dair çoxsaylı elmi-tədqiqat işləri yerinə yetirilmiş, 80-ə yaxın monoqrafiya çapdan çıxmışdır; 2. Azərbaycan folklorunun ayrı-ayrı janrlarının və Azərbaycan aşıqlarının yaradıcılıq örnəklərinin əks olunduğu onlarla kitab son elmi qənaətlər əsasında, folklor mətnlərinin tərtibi və nəşri tələblərinə tam riayət edilməklə çap olunmuşdur; 3. Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi və kataloqlaşdırılması istiqamətində zəruri işlər görülmüş, zəngin folklor fondumuzu böyük ölçüdə özündə ehtiva edən elmi arxiv yaradılmışdır; 4. Aşıq sənətinin tipologiyası, poetikası və genezisi ilə bağlı yeni elmi-nəzəri konsepsiya işlənib hazırlanmış, eyni zamanda aşıq musiqisinin yeni lad nəzəriyyəsi ortaya çıxarılmışdır; 5. Azərbaycan folklorunun müxtəlif problemlərinə və Azərbaycan xalqının mənəvi mədəniyyətində xususi yer tutan əlamətdar hadisələrə həsr olunmuş 20-yə yaxın beynəlxalq və respublika səviyyəli konfrans, simpozium, sessiya və seminarlar keçirilmişdir; 6. Aşıq musiqisinin YUNESKO-da dünyanın qorunan nadir sənət incilərindən biri kimi mənəvi dəyərlər siyahısına salınması üçün geniş həcmli xüsusi rəy və təkliflər hazırlamışdır; 7.«Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» folklorşünaslıq məcmuəsinin nəşrinin dövriliyi təmin olunmuş, «Dədə Qorqud» elmi-ədəbi toplusu və «Elmi axtarışlar» jurnalları nəşrə başlamışdır; 8. Yüksək səviyyəli gənc elmi kadrlar hazırlanmışdır; 9. Dünyanın bir sıra elmi-tədqiqat və mədəniyyət qurumları ilə əlaqələr qurulmuş, müştərək tədbirlər və layihələr gerçəkləşdirilmişdir və s. Xüsusi vurğulamaq lazımdır ki, İnstitut Azərbaycan mədəniyyət tarixində daimi yer tutacaq «Azərbaycan folkloru antologiyası», «Azərbaycan folkloru külliyyatı», «Azərbaycan folklorunun ilkin nəşrləri», «Cənubi Azərbaycan folkloru» layihələri cərçivəsində nəfis tərtibatda 50-yə yaxın kitab nəşr etmişdir. Folklorun qorunması və rekonstruksiyası, həmçinin onun müasir ictimai-mədəni kontekstə daha böyük miqyasda daxil edilməsi, bu mövzuda tarixi-nəzəri xarakterli əsərlərin yazılması da bu gün milli folklorşünaslığın əsas vəzifələrindən biridir. Bu baxımdan, AMEA Folklor İnstitutunun bu istiqamətdə gerçəkləşdirdiyi elmi-kütləvi (Novruz elmi sessiyası və şənliyi, Aşıq Ələsgər saz-söz bayramları, Dədə Qorqud günləri və b.) və elmi-tədqiqat yönümlü (aşıq sənəti, xalq gülüş mədəniyyəti, xalq paremiologiyası, mərasim folkloru, türk mifologiyası, xalq inamları, oğuz eposu və s. mövzuda monoqrafiyalar) işlərlərin əhəmiyyəti və dəyəri xüsusilə böyükdür.
Bu nailiyyətlərin nəticəsidir ki, ümummilli lider, Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu müasir Azərbaycan ictimai-humanitar düşüncəsinin milli-ideoloji təmayülünün istər elmi-mədəni, istərsə də ideoloji baxımdan əsas aparıcı müəssisələrindən birinə çevrilmişdir.Təbii ki, bütün bunlar - milli-mənəvi dəyərlərimizin, folklorumuzun və ümumən, qeyri-maddi irsimizin toplanması, tədqiqi, nəşri və təbliği işinin əsas ağırlıq mərkəzinə çevrilmiş AMEA Folklor İnstitutunun kollektivi qarşısında geniş perspektivlər açır, onun üzərinə mühüm vəzifələr qoyur.
Folklor İnstitutunda müasir dövrdə Azərbaycan humanitar elmlərinin qarşısında duran vəzifələr diqqətə alınmaqla hazırlanmış və gələcək illərdəki (2010-2015) elmi və elmi-təşkilati fəaliyyətin zəruri perspektivlərini müəyyənləşdirən Fəaliyyət proqramı və İnkişaf konsepsiyası göstərilən istiqamətlərdə fəaliyyət sferasını daha genişləndirmək və daha yüksək səviyyəyə qaldırmaq məqsədi daşıyır. İnstitutun direktoru f.e.d., prof. H.İsmayılovun rəhbərliyi ilə hazırlanmış 2010-2015-ci illər üçün İnstitutun Fəaliyyət proqramı və İnkişaf konsepsiyası «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı», Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, «Qeyri-maddi irsin qorunması haqqında» Beynəlxalq Konvensiya, «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu kimi hüquqi sənədlər əsasında hazırlanmışdır və AMEA Folklor İnstitutunun 2015-ci ilə kimi strateji fəaliyyətini reqlamentəşdirən əsas sənədlərdir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 2010-2015-ci illər üçün İnkişaf Konsepsiyası Azərbaycan Respublikasının milli-mədəni və elm siyasətinin həyata keçirilməsində Folklor İnstitutunun tədbirlər sistemini nəzərdə tutur. Konsepsiyada Respublikamızın daim yüksəlməkdə olan müasir sosial-iqtisadi vəziyyəti, dövlətin mədəni və milli siyasətindəki inkişaf tendensiyasından çıxış etməklə Folklor İnstitutunun 2015-ci ilə kimi inkişaf strategiyasınıın missiyası, məqsədləri və vəzifələr müəyyənləşdirilmişdir. Strategiyada Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi, təbliği və yaşadılması, Azərbaycançılıq ideyasının təşviqi ilə milli özünəməxsusluğun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin ictimai düşüncənin aktiv dövriyyəsinə daxil edilməsi ən əsas məqsəd kimi qoyulmuş və Azərbaycan xalqının milli mədəniyyətinin inkişaf etdirilməsi, milli mədəniyyətin, onun mühüm alt sistemi olan folklorun toplanması, tədqiqi və təbliği ilə əlaqəli layihələrin gerçəkləşdirilməsi, xarici və daxili elmi və mədəni qurumlarla əməkdaşlıq qarşıdakı illərdə mühüm vəzifələr olaraq müəyyənləşdirilmişdir. Strategiyanın həyata keçirilməsi AMEA Folklor İnstitutunun ölkənin milli mədəniyyəti ilə məşğul olan əsas elm mərkəzi kimi nüfuzunun möh-kəmləndirilməsi, Azərbaycan folklorunun azərbaycançılıq məfkurəsi mövqeyindən kompleks tədqiqi, tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətləri və nəzəri problemləri barədə mühüm əsərlərin ortaya çıxması, Azərbaycan xalqının qeyri-maddi irsinin, onun böyük əhəmiyyətə malik ölməz sənət abidələrinin dünya elminin müasir nailiyyətləri səviyyəsində öyrənilməsi və dünyada ən yüksək səviyyədə tanıdılması, gənc nəslin Azərbaycan xalqının mə`nəvi dəyərlərinə daha dərindən yiyələnməsi kimi nəticələri hədəfləyir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 2010-2015-ci illər üçün Fəaliyyət Proqramı isə İnstitutun elmi-tədqiqat və elmi-praktiki fəaliyyətinin prioritetlərini və fəaliyyət proqramının inkişaf istiqamətlərini təqdim edir. İnstitutun folklorun daha geniş şəkildə təbliği işinin yaxşılaşdırılması, Azərbaycan mədəniyyətini dünyaya çıxarmaq və çağdaş dünyanın böyük mənəvi dəyərləri səviyəsində tanıtmaq, həmçinin folklorun praqmatik aspektlərinin öyrənilməsi üçün zəruri video və audio material bazasının yaradılması, milli-mənəvi dəyərlər mövzusunda sənədli və elmi-publisistik filmlərin çəkilişi və bu materiallardan gələcəkdə əsaslı faktlar kimi istifadə imkanının yaradılması kimi məsələlərlə bağlı gələcəkdə əsaslı layihələr həyata keçirməyi də planlaşdırır. İnstitutun elmi-tədqiqat və elmi-praktiki fəaliyyətinin prioritet istiqamətini Azərbaycan xalqının mənəvi mədəniyyətinin müəyyənləşdiricisi olan xalq adət-ənənələrinin, onun folklorunun tədqiqi, təbliği, qorunması və yaşadılması təşkil edir.Folklor İnstitutu özünün 2010-2015-ci illər üçün fəaliyyət proqramını elmi-tədqiqat və elmi təşkilati fəaliyyət proqramının inkişaf istiqamətlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 4 may 2009-cu il tarixli 255 №-li sərancamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»na uyğun olaraq aşağıdakı şəkildə müəyyyənləşdirmişdir:
1)Azərbaycan folkloru nümunələrinin Azərbaycan Respublikasının bütün ərazilərindən və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifatı, tərtibi və kataloqlaşdırılması; 2)Toplanmış materiallar əsasında folklor antologiyalarının və çoxcildlik «Folklor külliyyatı»nın nəşr olunması; 3) Folklor mətnlərinin variantlarının üzə çıxarılması; 4) Folklor abidələrimizin akademik-tənqidi mətninin hazırlanması və çapı; 5) XIX – XX əsrlərdə ərəb və kiril əlifbasında toplanmış və ya nəşr olunmuş folklor materiallarının transliterasiyası və nəşri. 6) İnstitutun mövcud elmi kadr potensialından səmərəli istifadə, gənc kadrların düzgün elmi istiqamətə yönəldilməsi, onların elmi inkişafı üçün münasib şəraitin yaradılması, problem mövzuların işlənməsinə cəlb olunması, onların aspirantura və doktorantura hazırlığının aparılması, səriştəli elmi rəhbərlərlə təmini. 7) Folklorun tədqiqi, elmi əlaqələrin inkişafı, Azərbaycan folklorunun təbliği və qorunması, yeni nailiyyətlərlə tanışlıq və elmi-təcrübə mübadiləsi məqsədilə xarici ölkələrin qabaqcıl elm və mədəniyyət qurumları ilə müştərək elmi konfrans, sempozium, sessiya, seminar və s. tədbirlərin keçirilməsi; 8) Dünya ölkələrinin folkloru və qeyri-maddi irsi öyrənən elmi-mədəni təssisatları (Avropa Folklor İnstitutu, Finlandiyanın Şimal Folklor İnstitutu, Rumıniya Folklor İnstitutu, Rusiya Federasiyası Respublikalarındakı Folklor Mərkəzləri və İnstitutları və s.) ilə birbaşa elmi əlaqələrin qurulması; 9) Beynəlxalq, nüfuzlu elmi dərgilərlə əməkdaşlıq; 10) Azərbaycan folklorunun xarici dillərə tərcüməsi və xaricdə nəşri; 11) Dünya folkloru nümunələrinin Azərbaycan dilinə tərcüməsi və nəşri; 12) Folklorun tədqiqi ilə bağlı qabaqcıl nəzəriyyə və metodları əks etdirən elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi və nəşri; 13) Azərbaycan folklorşünaslığında milli maraqlarımıza uyğun olmaqla qabaqcıl elmi nəzəriyyə və metodların tətbiqi. Azərbaycan xalqının qeyri-maddi irsinin, onun böyük əhəmiyyətə malik ölməz sənət abidələrinin dünya elminin müasir nailiyyətləri səviyyəsində öyrənilməsi. 14) Toplanmış folklor örnəklərinin qeydiyyatı, janrlar üzrə təsnifi, elmi prinsiplər üzrə sistemləşdirilməsi, saxlanılması və onlardan istifadə imkanlarının asanlaşdırılması məqsədilə Azərbaycan folklor arxivi və onun elektron versiyasının yaradılması. 15) Respublikanın elm və mədəniyyət qurumları ilə müştərək elmi konfrans, sempozium, sessiya, seminar və s. tədbirlərin keçirilməsi; ali məktəblərlə elmi-təcrübə mübadiləsi.
16) «Azərbaycan folklor atlası»nın tərtib edilməsi, onun lokal, regional, etnik, milli və qlobal əlaqələrinin tədqiqi. «Azərbaycan folklorşünaslığının əsasları»nın işlənib hazırlanması.
17) Azərbaycan folkloru materiallarının sistemləşdirilməsi və «Azərbaycan folklor ensiklopediya»sı çoxcildliyinin hazırlanması. 18) Azərbaycan mifoloji mətnlərinin tədqiqi, Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması və öyrənilməsi. 19) Azərbaycan xalqının epik təfəkkürünün ən möhtəşəm abidəsi olan «Dədə Qorqud kitabı» eposunun müxtəlif aspektlərlən öyrənilməsi. 20) Azərbaycan mifoloji mətnlərinin tədqiqi, Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması və öyrənilməsi. 21) Azərbaycan xalqının epik təfəkkürün ən möhtəşəm abidəsi olan «Dədə Qorqud kitabı» eposunun müxtəlif aspektlərlən öyrənilməsi.
22) «Azərbaycan aşıqları» çoxcildliyinin tərtib və nəşr edilməsi, «Aşıq yaradıcılığı» ensiklopediyasının hazırlanması.
Folklor İnstitutunun qazandığı bu nailiyyətlərin və bundan sonra da əldə edəcəyi uğurların əsasında isə mühüm bir amil – Müstəqil Azərbaycan dövlətinin qurucusu və ümummilli lider, Ulu öndər H.Əliyevin xeyir-duası, dövlətin və AMEA-nın xüsusi diqqəti, institutut rəhbərliyinin təşkilatçılığı dayanır. İnanırıq ki, Folklor İnstitutu bundan sonra da hələ neçə-neçə nəaliyyətlərə imza atacaq, , xalqımızın tükənməz mənəvi sərvəti olan folklorun toplanması, tədqiqi və öyrənilməsi sahəsində misilsiz işlər görəcəkdir.


Tahir ORUCOV
AMEA Folklor İnstitutunun şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru,

Nizami MURADOĞLU
AMEA Folklor İnstitutunun elmi işçisi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.