Folklor İnstitutunda “III Uluslarası Türk Dünyası Araşdırmaları Simpoziumu”nun düzənlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb
 Yanvarın 14-də Türkiyənin Niğde Universitetinin təmsilçisi, prof. dr. Nazim Hikmət Polad, həmin universitetin əməkdaşı Loğman Zor, Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, siy.e.ü.d. Gülzar İbrahimova, həmin universitetin nəzdində Türkoloji Araşdırmalar Mərkəzinin başqanı, fil.ü.f.d. Seyfəddin Altaylı AMEA Folklor İnstitutunun qonağı olublar.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov qonaqları salamlayıb, bundan sonra da əlaqələrin davamlı olmasının gərəkliyini bildirib.
 Söhbətdə bu ilin 24-28 mayında Bakıda AMEA Folklor Institutu, Niğde Universiteti və Avrasiya Universitetinin birgə təşkilatçılığıyla keçiriləcək “III Uluslarası Türk Dünyası Araşdırmaları Simpoziumu”nun düzənlənməsi ilə bağlı fikir mübadiləsi olub, toplantı mövzuları müzakirə edilib.
Söhbətdə institutun Xarici Əlaqələr bölməsinin müdiri Əli Şamil, İnstitutun Dissertasiya Şurasının elmi katibi, fil.ü.f.d. Afaq Xürrəmqızı iştirak ediblər.
Türkiyəli qonaqlar əvvəlki simpoziumlarla bağlı toplu nəşrləri AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanova hədiyyə ediblər. Eləcə də Muxtar Kazımoğlu-İmanov qonaqlara institutun nəşrlərini hədiyyə edib.
 |