Drezdendə “Dədə Qorqud”la bağlı beynəlxalq tədbir
17 dekabr 2015-ci ildə Almaniyanın Drezden şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimi» mövzusunda kollokvium keçirilib. Drezdendəki Saksoniya Dövlət Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla və Drezden Saksoniya Dövlət Kitabxanasının direktoru Matias Bötger giriş nitqi söyləyiblər. K.Abdulla “Dədə Qorqud»un elm aləminə məlum olmasının 200 illiyi ilə bağlı görülən mühüm tədbirlərdən, o cümlədən alman alimləri ilə birlikdə həyata keçirilən layihələrdən, “Dədə Qorqud”un əlyazmasının qorunub saxlandığı bir kitabxanada keçirilən kollokviumun tarixi əhəmiyyətindən bəhs edib. K.Abdulla alman şərqşünası F.F.Ditsin 1815-ci ildə alman dilinə tərcümə edib, qiymətli ön söz yazdığı “Basatın Təpəgözü öldürməsi” boyunun bu il Bakıda 25 dildə həmin öz sözlə birlikdə çap edildiyini xatırladıb və çıxışının sonunda həmin kitabları alman həmkarlarımıza təqdim edib.
 Drezden Saksoniya Dövlət Kitabxanasının direktoru M.Bötger Azərbaycan-Almaniya mədəni əlaqələrinə böyük önəm verdiyini xüsusi olaraq vurğulayıb.
Kollokvium üç bölmə əsasında keçirilib:
1. “Kitabi-Dədə Qorqud” eposunda tolerantlıq;
2. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” eposlarında tolerantlıq və multikulturalizm;
3. Müasir Azərbaycan və Almaniyada multikulturalizm.
Həmin bölmələrdə Azərbaycan və alman alimlərinin maraqlı məruzələri dinlənilib: “Berlindən Bakıya gələn yol” (K.Abdulla); “Kitabi-Dədə Qorqud” dastanında etnik stereotiplər” (H.Buşoten); “Kitabi-Dədə Qorqud” dastanlarında şamançılıq» (Ş.Xəlilli); “Azərbaycan ədəbiyyatında multikulturalizm ənənələri və “Kitabi-Dədə Qorqud” (A.Hacıyev); “Tolerantlıq və döyüşçü cəmiyyəti” (K.Fasbender); “Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsinin Azərbaycan əlyazmaları sırasında yeri» (M.Nağısoylu); “Kitabi-Dədə Qorqud” əlyazması: ənənə və bugünkü təqdimat» (F.Anrix); “Riayət edilməli qaydalar” (R.Qeybullayeva); “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”ndə yuxu motivləri» (T.Kazımov); “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan Respublikasının multikulturalizm siyasətinə verdiyi önəmin təzahürüdür” (A.Qəhrəmanova); “Tarixi perspektivdə Almaniyadakı multikulturalizmin tarixi əsası” (E.M.Aux); “Multikulturalizm problemi və qloballaşma şəraitində onun inkişaf məsələləri” (İ.Məmmədzadə).
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov da kollokviumda iştirak edib və o, tədbirdə “Nibelunqlar nəğməsi” və “Dədə Qorqud”: oxşar və fərqli qəhrəmanlar» adlı məruzə ilə çıxış edib.


|