Folklor İnstitutu ilə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb
Dekabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə Elmi-Metodiki Mərkəz arasında qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
 Tədbirdə mərkəzin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, bu epos folklorumuzun, tariximizin keşiyində dayanan mənəvi varlığımızdan xəbər verən ana kitabımızdır. Bu tarixi əsər təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həmçinin Azərbaycan türklərinin mifik, tarixi, coğrafi, etnoqrafik, ictimai görüşlərinin qaynağıdır, ana dilimizin ən ulu kitabı, xalqımızın mədəniyyət abidəsidir.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Kitabi-Dədə Qorqud” eposunun daha çox təbliğ olunması və gələcək nəsillərə tanıdılmasının vacibliyini bildirib. Belə hesab edib ki, müvafiq qurumlar arasında əməkdaşlıq xalq mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır.
Dəyirmi masada alimlərin “Kitabi-Dədə Qorqud” və İslam”, “Kitabi-Dədə Qorqud”un musiqi dünyası”, “Kitabi-Dədə Qorqud” - ana kitabımız”, “Kitabi-Dədə Qorqud” dastanında mənəvi dəyərlər”, “Kitabi-Dədə Qorqud”un tədqiqi tarixindən” və digər mövzularda məruzələri dinlənilib.
 |