16.11.2015
“Güney Azərbaycan folkoru” layihəsinin növbəti cildləri işıq üzü görüb
 AMEA-nın Folklor İnstitutu “Güney Azərbaycan folkoru” çoxcildliyinin IV və V cildlərini çap edib. Hər iki cilddə Güney Azərbaycanın zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb.
Kitablarda uşaq folkloru, düzgülər, acıtmalar, tapmacalar, oyunlar, andlar, alqışlar, xeyir-dualar, qarğışlar, atalar sözü və məsəllər, deyimlər, bayatılar, nağıllar, lətifələr, mifoloji mətnlər, əfsanə və rəvayətlər, bayram oyunları, toy adətləri, yağış yağma mərasimləri, inanclar, xalq təbabəti, ovsunlar, xörəklər haqqında geniş bilgilər öz əksini tapıb.
Cildlər müxtəlif yazılı qaynaqlardan folklor materiallarının seçilərək transliterasiya olunması və informatorlardan toplanaraq yazıya alınması yoluyla tərtib edilib. Folklor örnəkləri Təbriz, Miyana, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və başqa bölgələrdən toplanıb, orijinallığı saxlanılıb.
Bildirək ki, “Güney Azərbaycan folkoru” layihəsinin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtib edənlər filologiya üzrə fəlsəfə doktoru Mətanət Abbasova və güneyli soydaşımız, orada nəşr olunan “Xudafərin” jurnalının redaktoru Hüseyn Şərqidərəcəkdir.
Cildlərdəki mətnləri M.Abbasova, Kəmalə Qasımova, Lalə Şabanova ərəb qrafikasından latın qrafikasına çeviriblər. Kitabların redaktorları filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov və Aydın Mustafayevdir. |