Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

11.11.2015

“Epos və etnos” Beynəlxalq Elmi Simpoziumu keçirilib

6-7 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” Beynəlxalq Simpoziumu keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Simpozium Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli sərəncamına əsasən təşkil olunub.


Tədbiri giriş sözüylə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, “Kitabi-Dədə Qorqud” abidəsinin türk xalqlarının mədəniyyət tarixindəki yeri barədə danışıb və Prezidentin sərəncamına əsasən ilin sonuna qədər belə silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb: “Kitabi-Dədə Qorqud” türk dünyasının müstəsna dərəcədə qiymətli abidəsidir. F.Köprülü deyib ki, əgər “Kitabi-Dədə Qorqud” dastanlarını tərəzinin bir gözünə, türk ədəbiyyatını da tərəzinin o biri gözünə qoysaq, “Dədə Qorqud” ağır gələr. Mən isə belə deyirəm: əgər “Kitabi-Dədə Qorqud” dastanını tərəzinin bir gözünə qoysaq və Qərbdəki, Şərqdəki dastanların hamısını o biri gözə qoysaq, yenə də “Kitabi-Dədə Qorqud” ağır gələr. Qərb dastanlarında daha çox salnaməçiliyə, Şərq dastanlarında isə daha çox poetikaya, şeirə, şişirtməyə meyl güclüdür. “Kitabi-Dədə Qorqud” isə mükəmməl nəzm və nəsrin vəhdətindən yaranan abidədir. Burada mənsub olduğu xalqın böyük idealları əks olunub. Türk dünyasında və Azərbaycanda “Kitabi-Dədə Qorqud”la bağlı az qala bir kitabxanalıq kitablar yazılıb, tədqiqatlar aparılıb. Burada görkəmli qorqudşünaslarımızdan Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülü, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev və b. alimlərin adlarını çəkməyi özümə borc bilirəm.


Bu abidənin taleyində dönüş nöqtəsi 20 aprel 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqındakı qərardır. Qərarın işığında çoxsaylı tədbirlər keçirildi və yeni nəşrlər meydana gəldi. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası”, məqalələr çap olundu, dastanın oxucular üçün sadələşdirilmiş variantı işıq üzü gördü, rəsm əsərləri çəkildi, şeirlər yazıldı. Sanki “Kitabi-Dədə Qorqud” yenidən həyata qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə sözügedən dastanlarla bağlı verdiyi sərəncamlara əsasən, Dədə Qorqud parkı salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, eyni zamanda dastanın motivləri əsasında çoxseriyalı filmin çəkilişi nəzərdə tutulub. Böyük alman şərqşünası Fridrix fon Dits tərəfindən “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi də Prezidentin qərarıdır. Dövlət səviyyəsində həyata keçirilən bütün bu layihələr Azərbaycanda, türk dünyasında milli düşüncənin, soykökə bağlılığın, müstəqillik anlayışının daha da dərinləşməsinə, inkişaf etdirilib möhkəmlənməsinə xidmət edən və yeni nəsillərin milli ruhda tərbiyə olunmasına göstərilən qayğının bariz ifadəsidir”.


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla çıxış edərək bildirib: “Azərbaycan Prezidenti bir alman aliminin Azərbaycan üçün, türkologiya üçün, qorqudşünaslıq üçün gördüyü işə siyasi qiymət verdi. Bu, çox önəmli bir məsələdir. Bu, Azərbaycanın bugünkü siyasətinin, mədəniyyətinin, ədəbiyyatının, azərbaycançılığın dünyada daha da tanınıb inkişaf etdirilməsi üçün atılan son dərəcə mühüm addımlardan biridir. Həmin sərəncamla tanış olan alman həmkarlarımız da böyük fəxr və minnətdarlıq hissi keçiriblər. “Kitabi-Dədə Qorqud” dastanlarının “Nibelunqlar nəğməsi” ilə müqayisəli şəkildə öyrənilməsinin əsası Bakı Slavyan Universitetində qoyulub”.


Akademik bu sərəncamın qorqudşünaslığın sistemli şəkildə inkişafını nəzərdə tutduğunu bildirib: “Bir il ərzində görülən işlər onu göstərir ki, biz hamımız bir yerdə bu sərəncamın ruhuna, daxili məzmununa uyğun hərəkət etmişik. Yanvar ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində böyük bir kollokvium keçirilib. Bu kollokviumla silsilə tədbirlərə bir növ start verilib. Bilik Fondunun həyata keçirdiyi “Kitabi-Dədə Qorqud”un izi ilə” adlı layihə çərçivəsində Beyləqan, Xocavənd, Qax, Zaqatala, Horadiz, Naftalan, Lənkəran, Gəncə, Naxçıvan, Bakı şəhərlərində ən müxtəlif tədbirlər – dəyirmi masalar, simpoziumlar, kollokviumlar təşkil olunub. “Qardaşlamış məktəblər” proyekti çərçivəsində məktəblilərin “Kitabi-Dədə Qorqud” dastanları ilə tanışlığının səviyyəsini və dərəcəsini göstərən müxtəlif işlər həyata keçirilib. Xocavənd rayonundakı Nərgiztəpə ətrafında Qaraca Çobanla bağlı, Horadiz qəsəbəsində “Kitabi-Dədə Qorqud” dastanı milli-mədəni sərvətimizdir” adlı tədbirlər təşkil olunub. Bilik Fondunun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində alim və tədqiqatçılar bütövlükdə 50-yə yaxın mühazirə oxumuşlar. Şamaxı, Qax, Oğuz şagirdləri arasında qorqudşünaslığın 200 illiyinə həsr olunmuş tədbirlərin təşkilini də yüksək qiymətləndirmək lazımdır. 100-dən artıq orta məktəbdə “Kitabi -Dədə Qorqud”la bağlı inşa müsabiqələri keçirilib. Naxçıvanda xarici və yerli alimlərin mövzuyla bağlı silsilə mühazirələri təşkil edilib”.


Kamal Abdulla ilin sonuna qədər görüləcək işlər haqqında danışarkən vurğulayıb ki, Fridrix fon Dits haqqında sənədli filmin çəkilməsi də nəzərdə tutulur: “Drezden şəhərində - “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlandığı kitabxanada beynəlxalq tədbir keçirməyi qarşımıza məqsəd qoymuşuq. Bu yəqin ki, dekabrın ortalarında olacaq. Son yekun tədbirimizi isə qonaqlarımızın iştirakı ilə burada keçirməyi planlaşdırırıq. Arzulayırıq ki, silsilə layihələr bu ilin sonunda yekunlaşmasın, gələn illərdə də davam etsin. Bununla bağlı bir layihə düşünmüşük. Fridrix fon Ditsin yazdığı ön söz və “Basatın Təpəgözü öldürdüyü boy”un yer aldığı kitabın artıq siqnal nüsxəsi əlimizdədir. Bu kitab alman, avar, çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udin, ukrayna, yəhudi, yapon və yunan dillərinə tərcümə edilib, 25 dildə çap ediləcək.

Biz bununla tariximizi, mədəniyyətimizi təkcə Azərbaycanın müxtəlif bölgələrinə deyil, dünyanın bütün guşələrinə çatdırmağı düşünürük. Yaxın gələcəkdə həmçinin bu kitabın Afrika xalqlarının dillərinə və b. dillərə tərcüməsi də nəzərdə tutulur. Prinsip etibarilə “Kitabi-Dədə Qorqud”la həmişə türkoloqlar məşğul olub, bir növ bu abidə türkoloqların inhisarında qalıb. Biz bu inhisar məsələsini qırmalı, abidənin dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərini alimlərə yaxınlaşdırmalıyıq. “Kitabi-Dədə Qorqud”la bağlı ədəbiyyatçıların, dilçilərin, tarixçilərin bir-birinə fikir bildirdiyi dövr arxada qalmalıdır. Biz bu gün bu abidənin mənəvi dünyasının gözəlliklərini kimyaçılarımıza, fiziklərimizə, riyaziyyatçılarımıza, iqtisadçılarımıza da açıqlamalıyıq. Çünki onların baxışı bizim özümüzü də yenidən daxilən silkələyə və yeni nəticələrə gəlməyə vadar edə bilər. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin bizim hamımızı tərpədən sərəncamı qorqudşünaslıq istiqamətində yeni bir mərhələnin başlanğıcıdır və arzu edirəm ki, bu mərhələ nəinki illərlə, hətta əsrlərlə davam etsin”.


AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanov çıxışında bildirib: “Hamınızı, xüsusən Türkiyədən, Serbiyadan, Türkmənistandan gələn qonaqlarımızı alqışlayıram, sizlərə “Xoş gəlmisiniz!” deyirəm, minnətdarlığımı bildirirəm ki, bizimlə bir yerdəsiniz. Simpozium ölkə Prezidenti, cənab İlham Əliyevin məlum sərəncamı əsasında keçirilir. Bu sərəncamdan irəli gələn mühüm vəzifələrdən biri “Dədə Qorqud” eposunun yenidən, hərtərəfli öyrənilməsi məsələsidir. Hesab edirəm ki, simpoziumda aparılacaq fikir mübadiləsi bu istiqamətdə bizə müəyyən töhfələr verəcək”.


Simpoziumun adına diqqət çəkən Muxtar Kazımoğlu – İmanov vurğulayıb ki, bu, təsadüfi deyil: “Bildiyiniz kimi, dünyanın bütün qəhrəmanlıq eposları xalqın öz milli-mənəvi varlığı uğrunda mübarizəsinə həsr olunub. Bu mübarizə iki istiqamətdə təsvir olunur: tarixi və mifoloji. Eposun mifdən götürdüyü ən vacib xüsusiyyətlərdən biri təsvir etdiyi, haqqında danışdığı hadisəni, hətta insanı mənşəyinə görə izah etməkdir, onun kökünə getməkdir. Bu mənada bütün tədqiqatçıların etiraf etdiyi kimi, “Dədə Qorqud” eposu da söykökü, soykimliyi haqqında, ulu əcdad haqqında bir dastandır. Burada belə bir düşüncə hakimdir: atanın adı övlad üçün ən böyük mülkdür. “Dədə Qorqud”da həm də kutsal (müqəddəs) bir zaman təsvir olunur. Dünyanın digər qəhrəmanlıq eposlarında da belədir. Koroğlu da sonuncu qolda deyirsə ki, “Mənmi qocalmışam, ya zəmanəmi?” həmin o köhnə, əcdadın yaşadığı zamana işarə olunur. Əgər “Dədə Qorqud”da Oğuz zamanında yaşayan ulu əcdad təsvir olunursa, təbii ki, burada ideallaşdırma ilk növbədə diqqəti cəlb edir. “Dədə Qorqud”un əsas məzmun-forma xüsusiyyətlərindən biri – məhz ideallaşdırmadır.

Amma bu ideallaşdırmanın yanında – dərin qatda “Dədə Qorqud”un başqa bir aləmi, xüsusiyyəti də var. Bu, ondan ibarətdir ki, “Dədə Qorqud”da bayaq işarə etdiyim mif antimiflə bir yerdədir. Qəhrəman antiqəhrəmanla bir yerdədir. Müdriklik dəliliklə bir yerdədir. Ciddilik komikliklə bir yerdədir. Dastanda ideallaşdırılan əsas xətlərdən biri elə müdriklikdir. Amma bu müdriklik dastanda bəzən tərsinə çevrilir, dəlilik dolayı şəkildə müdrikliyin ifadə forması kimi təqdim olunur. “Dəli Domrul” boyunda dünyanın ən böyük hikmətlərindən olan “Məhəbbət ölümə də qalib gəlir” qənaəti – məhz dəlilik əsasında təsvir olunur. Bu, müdrikiliyin dolayı şəkildə ifadəsinə bir nümunədir. Oğuz elində müdriklik sadə anlamda xan divanına, övliyaya, dini ehkamlara münasibətdə ciddi olmaq, qaydalara əməl eləmək, normalardan kənara çıxmamaqdır. “Dədə Qorqud”da bunun əksinə olan məqamlar da var. Məsələn, Əgrək xan divanında adlı-sanlı bəyləri itələyib yuxarı başa keçir. Yaxud da Dəli Qarcar hamının övliya hesab elədiyi Dədə Qorquda əl qaldırır. Dəli Domrul Allahın birliyini tanısa da, ölüm mələyinə dərs vermək fikrinə düşür. Bu misallar qəhrəmanın normaya, qayda-qanuna qarşı çıxmasıdır. Normadan çıxmaq səhnələri dastanda xoş təbəssümlə təsvir olunur. Bu epizodların özünəməxsus poetikası var. Əgər burada təbəssüm özünü göstərirsə, onda biz gərək gülüşün də funksiyasını, mifoloji kökünü araşdıraq. Məlum olur ki, dastanda başqa kultlarla yanaşı, bir gülüş kultu da var. Ümumiyyətlə, dastandakı kultların əsas məqsədi güc mənbəyi kimi, qəhrəmana magik dayaq olmaqdır”.


Muxtar Kazımoğlu – İmanov çıxışının sonunda vurğulayıb ki, bu epos hərtərəfli axtarışlara rəvac verir.
Açılış toplantısında Türkiyə Ərdahan Universitetinin rektoru, prof. Ramazan Korkmazın “Terrorun mifoloji siması: Təpəgöz”, Türkmənistandan Kakajan Janbekovun “Kitabi-Dədə Qorqud”un Türkmənistanda araşdırılma tarixi”, Serbiyadan Qustav-Adolfo Loria-Rivelin “Sakral və epik mətnlərdə fövqəltəbii bədheybət obrazları” mövzusunda məruzələri də maraqla dinlənilib.
Həmin gün simpozium öz işini bölmə iclaslarında davam etdirib. Axşam isə Beynəlxalq Muğam Mərkəzində Folklor İnstitutu “İrs” ansamblının ifasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyi və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş konsert proqramı olub.
Noyabrın 7-də başa çatan Beynəlxalq Simpoziumun iştirakçılarına “Təşəkkür bəlgələri” təqdim olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.