Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

2.11.2015

“Naxçıvanda Dədə Qorqud” Beynəlxalq Elmi Simpoziumu keçirilib

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvanda Dədə Qorqud” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib. Simpoziumda ölkəmizin nüfuzlu alim və tədqiqatçıları ilə yanaşı, Türkiyə və İrandan olan mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.


Simpoziumu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq keçirilən simpoziumun işinə uğurlar arzulayıb. Bildirib ki, “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada mühüm işlər görülüb. Naxçıvan MR-sı Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılıb və Dədə Qorqud meydanı yaradılıb, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı elmi konfrans keçirilib, tədqiqatlar aparılıb, kitablar nəşr olunub.


AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin “Dədə Qorqud ideyaları və müasirlik”, İqdır Universitetinin professoru Turqut Öcalın “Türk ədəbiyyatında Dədə Qorqud” mövzusu, Təbriz Universitetinin müəllimi İbad Məmizadənin “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri”, AMEA Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda məruzələri dinlənilib.


Beynəlxalq Simpoziumun açılış toplantısında çıxış edən AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov “Dədə Qorqud və Naxçıvan folkloru” mövzusunda məruzəsində vurğulayıb ki, «Dədə Qorqud» dastanının tədqiqi sahəsində vacib istiqamətlərdən biri ayrı-ayrı bölgələrimizdə bu dastanla səsləşən folklor nümunələrinin üzə çıxarılması, ayrı-ayrı folklor mühitlərində «Dədə Qorqud» ruhunun nə dərəcədə qorunub saxlandığının öyrənilməsidir. «Dədə Qorqud» ruhunu qabarıq şəkildə yaşadan bölgələrimizdən biri Naxçıvandır. Naxçıvan folkloru, söz yox ki, Azərbaycan, ümumtürk, eləcə də dünya folklorunun tərkib hissəsidir. Bununla yanaşı, Naxçıvanda yaranan folklorun bir sıra özünəməxsus cəhətləri, başqa regionlarımızın folklorundan müəyyən qədər fərqlənən xüsusiyyətləri vardır. «Dədə Qorqud» dastanı ilə yığcam müqayisə bir daha göstərir ki, Naxçıvan bölgəsində folklor zəngin və rəngarəngdir. Bu zəngin və rəngarəng folkloru toplamaq, nəşr etmək və dərindən araşdırmaq biz folklorşünasların təxirəsalınmaz vəzifələrindəndir.


AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, prof. Kamran Əliyev “Dədə Qorqud eposunda rəqəmlərin simvolikası” adlı məruzəsində bildirib ki, eposda ən kiçik rəqəm 2, ən böyük rəqəm 16 mindir. Folklorda olduğu kimi, eposda da 3, 7, 40 kimi sakral rəqəmlər işlənir.
Məruzədə diqqət daha çox 3 və 6 rəqəmlərinə yönəldilib. Tədqiqatdan bəlli olur ki, 3 və onun törəmələri olan 30 və 300 Oğuza aid rəqəmdir. 6 və onun törəmələri olan 60, 600 isə kafirlərə aiddir.


AMEA Folklor İnstitutu “Türk xalqlarının folkoru” şöbəsinin müdiri, fil.ü.e.d. Əfzələddin Əsgərin “Oğuznamələrdə Oğuz tarixinin inanc baxımından dövrləşdirilməsi” adlı məruzəsində Oğuz tarixinin inanc baxımından iki dövrə bölünməsi vurğulanıb: “Birinci dövr Oğuz xanla başlayıb, Kayi İnal xana (Dədə Qorqud Oğuznaməsinə görə Bayandır xana) qədər davam edən
tək tanrı inancıdır. İkinci dövr isə Kayi İnal xan və Bayandır xanla başlayan islam dövrüdür”.


Prof. Ə.Tanrıverdinin “Sadaqda oxum kişin dilər” misrasının transkripsiyası və semantikası” mövzusunda məruzəsində vurğulanıb ki, “Sadaqda oxum kişin dilər” misrasındakı “dilər” sözü parçadakı alliterativ qafiyələnməni zənginləşdirən vasitələrdən biri kimi çıxış edir.


Çıxışlarda bildirilib ki, Azərbaycan oğuz türklərinin yaratdığı “Kitabi-Dədə Qorqud” dastanları dünya ədəbiyyatında özünəməxsus yer tutur. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev onun tədqiqi və təbliği istiqamətində tarixi addımlar atıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı mahiyyət etibarilə bu böyük abidənin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətində dövlət siyasətinin məntiqi davamıdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.