2.11.2015
AMEA Folklor İnstitutunun əməkdaşları Naxçıvanda keçirilən Beynəlxalq Konfransda iştirak ediblər

16-17 oktyabr tarixində “Naxçıvan” Universitetində “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib. “Naxçıvan” Universitetinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Türkiyənin Ərdahan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 5 ölkənin 35 elm və təhsil müəssisəsindən 100-dən çox görkəmli elm xadimi, mədəniyyət işçisi və tədqiqatçı iştirak edib.
Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. Konfransın materialları, hələlik, tezis toplusu kimi (166 səh.) işıq üzü görüb. İnstitutun əməkdaşları fil.ü.e.d. Seyfəddin Rzasoyun “Nuh haqqında əfsanələrin yayılma sahələri, süjet və obrazları”, fil.ü.e.d. Rüstəm Kamalın “Naxçıvan epik mətnlərində hədislərin yeri”, fil.ü.f.d. Fidan Qasımovanın “Naxçıvan folklor örnəklərinin xarakterik cəhətləri (Şərur nümunələri əsasında)”, fil.ü.f.d. İlhamə Qəsəbovanın “Naxçıvan və Qazax aşıqlarının ortaq və fərqli cəhətləri”, fil.ü.f.d. Nizami Muradoğlunun “Əylisdə qədim türk mədəniyyəti”, Elçin Qaliboğlu- İmaməliyevin “Azərbaycan yaradılış əfsanələrində Ucubılıx (Ucuqulu) obrazı (Naxçıvan materialları əsasında)”, Aytən Cəfərovanın “Xalq mədəniyyətində mərasim folkloru nümunələrinin yeri (Ordubad folklor nümunələri əsasında)”, Sevinc Əliyevanın “Naxçıvan nağıllarının regional xüsusiyyətləri”, Gülnar Osmanovanın “H.Cavidin “İblis” əsərində mifoloji düşüncə və ümumbəşəri ideya” mövzularında məruzələrinin tezisləri konfrans materialları sırasında yer alıb.
Bildirək ki, iştirakçıların məruzələrindən ibarət toplu da nəşrə hazırlanır. |