17.9.2015
“Usta söyləyicilərin repertuarı” toplusu çapdan çıxmışdır

Folklor İnstitutunda yeni bir kitab – “Usta söyləyicilərin repertuarı” toplusu işıq üzü görmüşdür. Toplu Azərbaycanda nağıl söyləyicilərinə həsr olunmuş ilk kitabdır. Kitabda öz dəsti-xətti, söyləyicilik manerası, zəngin repertuarı ilə seçilən dörd söyləyicinin – Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə), Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl) şifahi irsi cəmlənmişdir. Bu söyləyicilər Folklor İnstitutunun icra etdiyi Qarabağ layihəsi çərçivəsində 2012-2014-cü illərdə bölgəyə təşkil olunmuş ezamiyyələr zamanı aşkarlanmış və onların şifahi irsi yazıya alınmışdır. Müxtəlif peşə sahibi olan bu söyləyicilərin hamısı hələ erkən yaşlarından şifahi ədəbiyyata böyük maraq göstərmiş, valideynlərindən, ağsaqqallardan eşitdiyi nümunələri güclü hafizələri sayəsində yadda saxlamışlar. Müxtəlif janrlara dair nümunələr bilsələr də, nağıllar onların repertuarının əsasını təşkil edir və ustalıq, sənətkarlıq keyfiyyətləri məhz bu janrda özünü daha çox göstərir. Bu söyləyicilər Azərbaycan nağıl repertuarını yeni süjetlərlə, yeni kontaminasiya tipləri ilə zənginləşdirmiş, Azərbaycan folkloruna həm informasiya yükünə, həm də variant xüsusiyyətlərinə görə ənənəvi variantlardan kifayət qədər fərqlənən yeni nağıllar bəxş etmişlər.
Kitabda söyləyicilərin geniş tərcümeyi-halı verilmiş, şifahi irsi qısa xarakterizə edilmiş və onlardan yazıya alınmış ən seçmə nümunələr verilmişdir. Kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür.
Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, materialların toplayıcısı fil.üz.f.d. İlkin Rüstəmzadə, kitabın elmi redaktoru fil.üz.f.d. Rza Xəlilovdur. |