
Adil Cəmil Qəza Tələbə yoldaşım, alim dostum Muxtar Kazımoğlunun çox gənc yaşında dünyasını dəyişən övladı Toğrulun əziz xatirəsinə Təzə açılanda səhərin gözü
Bir xəbər yayıldı ildırım kimi.
Fələk fəlakətlə sınadı bizi,
Qəm keçdi ürəkdən bir şırım kimi. Saraldı çəmənlər, soldu güneylər,
Günahsız bir gəncin varmı günahı?!
Nə yer tuta bildi, nə də ki, göylər
Ağı deyənlərin çəkdiyi ahı. Arzusu bitməyən bir ömür bitdi,
Elə bil yer çıxdı öz məhvərindən.
Bir göz qırpımında ayrılıb getdi
Ana balasından, gəlin ərindən. Ucaldı göylərə ana fəryadı -
Tanrıdan istədi öz balasını.
Toğrul yandıraraq doğmanı, yadı
Qurdu ürəklərdə qəm qalasını. Atanın göz yaşı axdı içinə
Elə bil arzusu, kamı çəkildi.
Oğul böyütmüşdü qələm gücünə,
Halal çörəyinin tamı çəkildi. Uzaq üfüqlərə boylandı ata,
Qapıldı özünə səssiz, kirimiş.
Elə bil sevgisi öldü həyata,
Elə bil gördüyü bir yuxu imiş… …Bir bəla yol gəlib gecəyarısı,
Ana evdə yoxmuş, ata evdə yox.
Sən demə qəzaymış "ürək ağrısı",
Sən demə o gəncə tuşlanıb bu ox. Bu dərdin oduna əriyirəm mən,
Belə müsibətə dözməyir adam.
Ay oğul, dünyaya gələsi körpən
Hələ gəlməmişdi, getdin dünyadan. ***
Allahım, bəndənə təmkin bəxş elə,
Səbrin sığalından keçsin qəm, kədər.
Çoxalıb fələyin qurduğu tələ,
Ölüm cavanlaşıb niyə bu qədər?! Həyatda ağ ilə qara qarışıq,
Verən Allahdırsa varı tükənməz.
Hər zülmət gecənin sonunda işıq -
Ümid ağacının barı tükənməz. 24.04.2015 |