Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
Sərxan Abbasoğlu (Xavəri)
Filologiya üzrə fəlsəfə doktoru

Muxtar Kazımoğlu: folklor və yazılı ədəbiyyat mədəni bütövlük kontekstində

Müasir Azərbaycan folklorşünaslığı dinamik inkişafda olan, bir tərəfdən müasir dünya elminin yeni nəzəri-metodoloji tendensiyalarına, digər tərəfdən qloballaşan və virtuallaşan dünyada dövlətin və cəmiyyətin mənəvi dəyərlərin qorunması ilə bağlı milli maraqlarına ən çevik intellektual reaksiya verən elm sahələrindəndir. O qədər də qədim tarixi olmayan, buna baxmayaraq zəngin elmi ənənələr üzərində qərarlaşan Azərbaycan folklorşünaslıq elmi özündə neçə-neçə görkəmli alimin, milli-mənəvi dəyərlər sevdalısı olan neçə-neçə vətəndaş-ziyalının, Vətən torpağını el-el, oba-oba gəzən neçə-neçə zəhmətkeş toplayıcının ad və imzasını cəmləşdirir. Bu adlar içərisində məhz özünün layiq olduğu statusa yüksəlmiş Muxtar Kazımoğlu (İmanov) imzası bənzərsiz istedaddan, gərgin elmi zəhmətdən, Azərbaycan xalqına və onun mədəniyyətinə səmimi bir məhəbbətdən, ən başlıcası isə elmi yaradıcılıqda klassik halallıq normalarına zərgər dəqiqliyi ilə əməl etmək mədəniyyətindən və əxlaqından yoğrulmuş 30 illik gərgin fəaliyyətin məntiqi nəticəsi və təsdiqidir. Bir neçə gündən sonra 60 yaşına qədəm qoyacaq Muxtar Kazımoğlu ömrün bu zirvə məqamına əliboş gəlməmişdir: o, müasir Azərbaycan filoloji və folklorşünaslıq elminin tanınmış nümayəndəsidir, elmi-ictimai mühitdə sözünün çəkisi və sanbalı olan görkəmli ziyalıdır, Azərbaycan Milli Elmlər Akademiyasının folklorşünaslıq ixtisası üzrə yeganə üzvüdür, AMEA Folklor İnstitutunun direktoru olaraq folklorşünas alim kollektivinin flaqmanıdır. Bundan əlavə o, zəngin ictimai fəaliyyətlə də məşğuldur. Tələbə Qəbulu üzrə Dövlət Komissi-yasında Ədəbiyyat fənni üzrə Elmi-Metodiki Seminarın rəhbəri və Ekspert Şurasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvüdür. Bütün bunlardan əlavə, ən nəhayət yüksək mənəvi dəyərlər daşıyıcısı kimi gözəl insandır, səmimi dostdur.

* * *

Muxtar Kazımoğlu Azərbaycan filoloji düşüncəsinə ümumən milli ictimai təfəkkürün demokratikləşdiyi, etnik-milli genezisə və milli-mənəvi dəyərlərə qayıdışın elmdə, sənətdə və həyatda ümummilli hərəkata çevrildiyi 80-ci illərin əvvəllərində gəlmişdir. Hesab edirik ki, bu amil onun elmi-filoloji maraq dairəsinin formalaşmasında, yaradıcı şəxsiyyət kimi milli mədəniyyətə münasibətdə elmi baxış bucaqlarının müəyyənləşməsində həlledici rol oynamışdır. O, ötən əsrin 80-ci illərinin ortalarında filoloji elmi yaradıcılığa həmin dövr üçün (elə indinin özündə də!) kifayət qədər elmi aktuallıq kəsb edən mürəkkəb bir nəzəri problemin (ədəbiyyatda psixologizm) kifayət qədər maraqlı bədii faktura üzərində (60-70-ci illər Azərbaycan nəsri) araşdırılması ilə başlamışdır. 1991-ci ildə nəşr olunan "Müasir Azərbaycan nəsrində psixologizm" kitabında müəllif İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Mövlud Süleymanlı kimi nasirlərin bədii yaradıcılığını psixologizm aspektindən tədqiqat predmetinə çevirir. Bu tədqiqat alimin fililoji təfəkkürünün analitik-nəzəri səpkiyə, milli folklor potensiyasına (artıq normativləşmiş qənaətə görə 60-70-ci illər Azərbaycan nəsri öz genetik qaynağı etibarilə epos təfəkkürünə söykənir) elmi marağının ifadəsi olmaqla onun yaradıcı təfəkkürünün tipoloji oriyentasiyasını da əsaslı olaraq müəyyənləşdirmiş olur. Muxtar Kazımoğlunun elmi yaradıcılıq təkamülünün 80-ci illərin ortalarından bu günədək qət etdiyi yolu ən ümumi şəkildə aşağıdakı kimi cizgiləmək olar:
• elmi təsnifat baxımından ədəbiyyatşünaslıqdan folklora;
• janr təsnifatı baxımından romandan (povestdən, hekayədən...) eposa (nağıla, lətifəyə...);
• nəzəri problematika baxımından psixologizmdən onun konkret təzahür formalarından biri olan və mühüm elmi-kateqorial anlayış kimi götürülən gülüş anlayışına.
Hazırda Muxtar Kazımoğlu zahirən fərqli elmi problemlərlə məşğul olmuş kimi görünsə də, əslində otuz il bundan əvvəl başladığı işi davam etdirir. Hələ nəsrdə psixologizm problemi üzərində araşdırmalar apararkən müəllifin nəsrin ən müasir nəzəri problemlərini folklorla vəhdətdə araşdırdığının, şıfahi və yazılı ədəbiyyatı eyni bir təhlil kontekstində birləşdirdiyinin şahidi oluruq. Sonralar da yazılı və şifahi ədəbiyyat paralelliyi onun yaradıcılığının xarakterik xüsusiyyətinə çevrilir.
Müəllifin "Gülüşün arxaik kökləri"(2005) və "Xalq gülüşünün poetikası" (2006) kitabları həm problematikası, həm də problemə elmi-metodoloji yanaşması baxımından müasir Azərbaycan folklorşünaslığında yeni bir istiqamətin əsasını qoyan əsərlərdir. Yazılı ədəbiyyatla bağlı kifayət qədər geniş təhlil olunmuş gülüş anlayışı bu əsərlərdə ilk dəfə olaraq sistemli şəkildə folklor üzrə araşdırılır, gülüşün magik mahiyyəti, ayrı-ayrı folklor obrazlarının gülüş aspektindən genezisi kimi problemlərə işıq salınır. Aydın görünür ki, gülüşün arxaik köklərinə elmi maraq nəsrdə psixologizm axtarışlarının təbii davamıdır. Gülüş Muxtar müəllimin təqdimatında gerçəkliyə münasibətin hər hansı bir fiziki-bioloji faktoru kimi deyil, xüsusi semantikaya malik elmi-kateqorial paradiqma kimi təhlil olunur. Kitabların elmi dəyəri ondadır ki, aparılan tədqiqatın nəzəri ümumiləşdirilməsi olaraq humanitar düşüncəyə Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı yeni elmi konsepsiya təqdim olunur.
2011-ci ildə müəllifin indiyədək milli filoloji və folklorşünaslıq düşüncəmizdə heç bir aspekti ilə elmi tədqiqatın predmetinə çevrilməyən digər bir nəzəri problemə həsr olunmuş "Folklorda obrazın ikiləşməsi" kitabı nəşr olunur. Əsərdə müxtəlif folklor janrlarında, xüsusən nağıl, dastan, lətifə və s. kimi epik janrlarda “ciddi” və komik yöndəki ikiləşmənin folklordakı mahiyyəti, mifoloji kökləri və təzahür formaları elmi tədqiqatın predmetinə çevirir. Bu araşdırmada ilk dəfə olaraq bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında təzahür edən, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilmişdir.
2012-ci ildə nəşr olunan "Epos. Nəsr. Problemlər" kitabına müəllifin müxtəlif illərdə həm ayrı-ayrılıqda epos və nəsr probleminə, həm də epos və nəsrin qarşılıqlı əlaqələrinə həsr olunmuş məqalələri daxil edilmişdir. Eposda obrazın ikiləşməsi, Mənfi əvəzedici, Yalançı qəhrəman kimi məsələlər ənənəvi ədəbiyyatşünaslıqda özünə yer tapa bilməyən, müasir dünya, xüsusən də Avropa folklorşünaslığının elmi-nəzəri bazası əsasında qələmə alınan ciddi problemlərdəndir. Müəllif buradakı elmi yanaşmaları ilə yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış ortaya qoyur, ədəbi düşüncənin yazılı və şifahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının orijinal nəzəri təhlil standartlarını təqdim edir.
2013-cü ildə nəşr olunan "Portretlər" kitabında "Yazıçılar" və "Ədəbiyyatşünaslar" bölmələri üzrə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Molla Pənah Vaqif, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi ədiblər, Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Nizami Cəfərov, Kamran Əliyev kimi ədəbiyyatşünaslar "portretləşdirilir". Bu kitabda ideya-estetik məfkurəsi baxımından bir-birindən fərqli ədəbi və elmi simalardan bəhs edilsə də, onların hamısı vahid Azərbaycan mədəniyyəti kontekstində birləşdirilir. Kitabda seçilən portretlərin yaradıcılıqları, fəaliyyət sahələrinin çoxprofilliliyi müasir Azərbaycan ictimai düşüncəsini narahat edən məqamlara gətirib çıxarır və müəllif ayrı-ayrı ədiblərin simasında ictimai-mədəni düşüncəni narahat edən problemlərə öz baxışlarını və münasibətini ortaya qoyur.
2014-cü ildə müəllifin "Folklor həm keçmiş, həm də bu gündür" kitabı işıq üzü görür. Burada biz Muxtar müəllimi bir alim olmaqla yanaşı, eyni zamanda bir publisist kimi də kəşf edirik.
Muxtar müəllim həmin kitabın sonunda yer alan müsahibəsində qeyd edir ki, folklorda qəribə bir sadəlik var və bu müdrikin sadəliyidir. Belə bir müdrik sadəliyi onun öz elmi yaradıcılığına da şamil etmək mümkündür. Onun elmi yaradıcılığı indi filologiyada və folklorşünaslıqda geniş yayılmış, bir çox hallarda yaradıcı elmi təfəkkürün səmimi inkişaf dialektikasından deyil, elmi görünmək, orijinal təsir bağışlamaq mərəzindən qaynaqlanan terminoloji əllaməçilikdən, sintaksisin süni mürəkkəbləşdirilməsindən tamamilə uzaqdır. Onun əsərlərində elmi düşüncə təbii sadəliyindəcə təqdim edilir. Və bu səmim sadəlik ən mürəkkəb elmi mətləbləri izah etməklə özünüifadə mədəniyyətinin təvazöyə əsaslanan yüksək nümunəsi kimi faktlaşır.

* * *

Uzun illər ərzində apardığı gərgin elmi axtarışları, bu elmi axtarışların nəticəsi olaraq nəşr etdirdiyi çoxsaylı məqalələri, toplama-tərtib işləri, monoqrafiyaları ilə müasir elmi-ədəbi və mədəni-ictimai mühitdə orijinal təfəkkür sahibi, filoloq-folklorşünas kimi ciddi və nüfuzlu alim imicinə malik Muxtar Kazımoğlu son dörd ildə Folklor İnstitutunun direktoru vəzifəsini uğurla icra edərək bacarıqlı bir elm təşkilatçısı olduğunu da sübut etdi. Ötən əsrin 90-cı illərinin ortalarından Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, tədqiqi və təbliği, ümumtürk ədəbi abidələrinin, xüsusən "Kitabi-Dədə Qorqud"un öyrənilməsi istiqamətində həyata keçirdiyi siyasətin, hətta belə demək mümkünsə, mədəni hərəkatın humanitar elmi düşüncəmizdə rezonansının məntiqi nəticəsi olaraq meydana gələn Folklor İnstitutu Akademiyanın nisbətən gənc struktur vahidlərindəndir. XX əsr Azərbaycan humanitar-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Yaşar Qarayevin ideya moderatorluğu və görkəmli folklorşünas alim Hüseyn İsmayılovun elmi-təşkilati icraçılığı ilə ərsəyə gələn Folklor İnstitutu hazırda Azərbaycanın humanitar infrastrukturunun həm elmi, həm də inzibati-təşkilati baxımdan əsas mərkəzlərindən biridir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, hazırda akademik humanitar qurumlarımız içərisində müasir dünyanın elmi-metodoloji istiqamətdəki yeniliklərinə ən çevik reaksiya verən İnstitutlardan biri Akademiyanın Folklor İnstitutudur. Bunun bir səbəbi İnstitutun ideya əsaslarında "Yaşar Qarayev mənəvi-intellektual stixiyası"nın dayanmasıdırsa, digər səbəbi burada hər cür intriqadan kənar sağlam elmi mühitin, yaradıcı ab-havanın mövcudluğu, güclü kadr potensialının olmasıdır.
2009-cu ildə İnstitutun direktoru Hüseyn İsmayılovun səhhətində yaranan problemlərdən sonra bir müddət İnstitutda idarəçilik böhranı yaşandı. Akademiyanın Rəyasət Heyətində çalışdığım üçün "daxili mətbəxə" bələd bir şəxs kimi bilirəm ki, həmin vaxtlar bəzi diletantlar inzibati resursları nisbətən kövrək olan Folklor İnstitutunun Akademiyanın digər müvafiq qurumları ilə birləşdirilməsi kimi tamamilə əsassız, pərdələnmiş şəxsi maraqlara xidmət edən fikirlər səsləndirirdilər. Belə bir vaxtda elmi yaradıcılığının miqyas və sanbalı, həmçinin şəxsiyyət bütövlüyü ilə mühitdə boy verən Muxtar Kazımoğlu faktoru Folklor İnstitutunu korporativ maraqların qurbanına çevrilməkdən xilas etdi. O, İnstitutun direktoru seçilərək xarakterindəki təmkin və sadəliyinə görə çoxlarının təsəvvür edə bilməyəcəyi bir əzmlə fəaliyyətə başladı. Onun inteqtariv aurası ən müxtəlif xarakterə və ambisiyaya malik, dünyanın istənilən nöqtəsində yaşayan bütün alimlər kimi "qəribə adamlar" kateqoriyasına malik folklorşünas alimləri bir yerə cəm edib yola davam etməyə imkan verdi. Beləliklə, onun rəhbərliyi ilk andanca "irs və varis əlaqələri"nə dialektik yanaşmanın ən yaxşı nümunəsinə çevrildi: indiyədək görülmüş işlər yeni keyfiyyətdə və miqyasda davam etdirildi, bir sıra yalnız elmi deyil, həm də ümummilli əhəmiyyətli yeni layihələrin əsası qoyuldu.
Muxtar Kazımoğlu humanitar elm sahəsinin bütün istedadlı nümayəndələri kimi inzibati idarəçilikdən, demək olar ki, uzaqdır. Onun idarəçiliyi daha çox mənəvi prinsiplərə əsaslanan akademik idarəçilikdir. Və bu idarəçilik kollektivin yaradıcı enerjisinin vahid məcraya yönəldilməsində, konkret elmi nəticələrin əldə edilməsində inzibati idarəçilikdən heç də az effekt vermir.
Mütəxəssislər yaxşı bilirlər ki, istənilən elmi istiqamətin institusional modeldə inkişafı həmin elmi sahənin həm dünyada gedən elmi proseslərə həmahəng olan, həm də ölkənin milli maraqları kontekstində düzgün müəyyənləşdirilən infrastruktur şəbəkəsinin müəyyənləşdirilməsindən asılıdır. Muxtar Kazımoğlu da, haqlı olaraq, Folklor İnstitutunun direktoru kimi fəaliyyətinə ilk növbədə İnstitutun elmi strukturunun əsaslı olaraq təkmilləşdirilməsindən başladı. Bilavasitə onun təşəbbüsü əsasında İnstitutun yeni strukturunun müəyyənləşdirilməsində folklorun dünyada öyrənilmə təcrübəsinin fundamental əsaslarından birini təşkil edən dioxronik yanaşma əsas götürüldü (arxaik, klassik və müasir folklor – postfolklor). Burada İnstitutun elmi struktur bölmələrinin (arxaik folklorun öyrənilməsi üzrə: "Mərasim folkloru" və "Mifologiya" şöbələri, klassik folklorun öyrənilməsi üzrə: "Klassik folklor", "Dədə Qorqud", "Aşıq yaradıcılığı" şöbələri, müasir folklorun öyrənilməsi üzrə: "Müasir folklor" şöbəsi, zəngin folklor musiqisinin araşdırılması üzrə: "Musiqi folkloru" şöbəsi) struktur-funksional xüsusiyyətləri ilə onların şəbəkə olaraq struktur keyfiyyətlərinin optimal uyğunlaşdırılması tam nəzərə alınmış oldu. Həmçinin institutun struktur şəbəkəsinin təkmilləşdirilməsi elmi fəaliyyətin idarə edilməsinin optimallaşdırılması fonunda aparılmaqla bu qurumun özünütəşkiledən elm sisteminə çevrilməsinə tam nail olundu.
Muxtar Kazımoğlunun institut rəhbəri kimi elmi-təşkilati fəaliyyətindən bəhs edərkən son illər zəngin Azərbacan folklorunun məhz folklorşünaslıq elmi prinsipləri baxımından toplanıması, sistemləşdirilməsi və nəşri sahəsindəki keyfiyyət və kəmiyyət dəyişikliyi üzərində də xüsusi dayanmaq lazımdır. Cəsarətlə demək olar ki, Azərbaycan folklorşünaslığı tarixində heç bir mərhələdə bu keyfiyyətdə və kəmiyyətdə toplama həyata keçirilməmişdir. Folklorun spesifikası belədir ki, formalaşmış elmi prinsiplər əsasında uğurlu toplama olmadığı halda ən modern nəzəriyyəçilik belə havadan asılı vəziyyətdə qalmış olur. Və bu halda nəzəri folklorşünaslığın əsas vəzifələrindən biri kimi təqdim olunan universallaşmış bilik əsasında kollektiv yaddaşdan etnik dünya modelinin rekonstruksiyası da elmi blefdən başqa bir şey olmur. Şifahi ənənədə mövcud olan folklor mətnlərinin kollektiv yaddaş daşıyıcısı olan infarmatorlardan mümkün qədər zədəsiz və zamanında toplanılması xüsusi intellektual-metodoloji, bəzi hallarda hətta psixoloji hazırlıq tələb edən, eyni zamanda fiziki zəhmət bahasına başa gələn bir işdir. Bu sahədəki fəaliyyəti müasir tələblər səviyyəsində qurmaq üçün Muxtar müəllim İnstitutun strukturunda müstəqil "Folklorun toplanması və sistemləşdirilməsi" şöbəsinin əsasını qoydu, şöbəni lazımi kadr potensialı ilə təmin etdi, ümumiyyətlə yaradıcı kollektivin diqqətini bu istiqamətdəki fəaliyyətə yönəltdi. Az bir müddət ərzində həm Azərbaycanın mövcud inzibati ərazi hüdudları daxilindən (Qazax, Masallı, Ağcabədi, Bərdə), həm də tarixi Azərbaycan torpaqları ərazilərindən (Güney Azərbaycan, Dərbənd, Borçalı) xeyli folklor toplanıb tədqiqatçıların və geniş oxucu kütləsinin ixtiyarına verildi.
Bir məsələni xüsusilə qeyd etmək istərdim. 2012-ci ildə Azərbaycanın etnik-mədəni bölgələrindən biri üzrə folkrun toplanması, sistemləşdirilməsi, tədqiqi və nəşri üçün xüsusi layihənin həyata keçirilməsinə əlverişli şərait yaranmışdı. Layihə üçün müvafiq regionun müəyyənləşdirilməsi istiqamətində İnstitutda aparılan gərgin müzakirələrdə Muxtar müəllimin doğulub boya başa çatdığı Naxçıvan da daxil olmaqla müxtəlif regionlar gündəmə gəldi, fərqli arqumentlər səsləndirildi. Bu müzakirələr prosesində Muxtar müəllim təkidlə Qarabağ üzərində dayandı və digər folklorşünasları da bu istiqamətdə fəaliyyətin zəruriliyinə inandıra bildi. Və kiçik bir işçi qrupu ilə layihə fəaliyyətə başladı, az bir müddət ərzində yalnız Azərbaycanın və Qafqazın deyil, bütövlükdə planetin qədim sivilizasiya mərkəzlərindən olan, hazırda isə ermənilər tərəfindən işğal edilmiş, əhalisi didərgin salınmış, bütün sosial-mədəni infrastrukturu dağıdılmış, sərvətləri talan edilmiş Qarabağın tamamilə məhv olmaq təhlükəsi qarşısında olan folklor örnəklərinin toplanması, tədqiqi və təbliği sahəsində, sözün həqiqi mənasında, inqilabi bir iş görüldü. Təkcə bir statistik faktı qeyd etmək kifayətdir ki, görülən işin miqyası və ümummilli səviyyədə elmi, eyni zamanda ictimai əhəmiyyəti aydın olsun: Muxtar Kazımoğlunun rəhbərliyi ilə həyata keçirilən bu layihənin nəticəsi olaraq masa üzərinə hər biri beş yüz səhifəyə yaxın 9 cild "Qarabağ: folklor da bir tarixdir" fundamental akademik nəşri qoyuldu. Muxtar Kazımoğlunun Qarabağ folklorunun toplanması ilə bağlı həyata keçirdiyi bu layihə folklorşünas alimin uğurlu elmi fəaliyyəti olmaqdan daha çox, Azərbaycan ziyalısının Vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətinin və ziyalı cavabdehliyinin göstəricisi, dövlətçiliyə sədaqətin nümunəsi idi. Hazırda Ermәnistan – Azәrbaycan Dağlıq Qarabağ münaqişәsi ilә bağlı dövlәt orqanlarının ölkә daxilindә fәaliyyәt vә sәylәrinin uzlaşdırılması, Azәrbaycan Respublikasına qarşı tәcavüz vә әrazisinin bir hissәsinin işğalı zamanı xalqımıza qarşı törәdilmiş soyqırımın, "ermәni problemi"nin hәrtәrәfli şəkildə dәrindәn tәdqiqi, hәqiqәtlәrin üzә çıxarılması vә beynәlxalq ictimaiyyәtin diqqәtinә çatdırılması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir. Belə bir şəraitdə ixtisas sahəsindən asılı olmayaraq, Azərbaycan alimlərinin, ziyalılarının qarşısında duran əsas vəzifələrindən biri bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin apardığı siyasətə dəstək verməkdir. Çox təqdirəlayiq haldır ki, Azərbaycanın tarixçi alimləri Qarabağ həqiqətlərinin tədqiqi istiqamətində xeyli uğurlar əldə etmişlər. Bu işlərin yeni miqyasda davam etdirilməsi zərurətinin nəticəsidir ki, yaxın günlərdə AMEA-nın strukturunda Qafqazşünaslıq İnstitutunun yaradılması ilə bağlı qərar qəbul edildi. Bax belə bir şəraitdə Qarabağ folklorunun toplanması və tədqiqi yalnız elmi deyil, xüsusi ümummilli əhəmiyyət daşıyır.
Muxtar Kazımoğlunun elmi-təşkilati fəaliyyətinə digər bir baxış bucağından da nəzər salmaq istərdim. Hamıya yaxşı məlumdur ki, indi Akademiyanın prezidenti, akademik Akif Əlizadənin bilavasitə rəhbərliyi ilə elmi fəaliyyət sahəsində çoxprofilli islahatlara start verilmişdir. Dünya elminə sürətli inteqrasiya, Azərbaycan elminin ölkədə formalaşmaqda olan biliklər iqtisadiyyatının lokomotivinə çevrilməsi, qabaqcıl texnologiya və metodlara yiyələnmə, elektron elmin bərqərar olması, elmin gəncləşməsi, yüksək səviyyəli kadr hazırlığı, istedadlı gənclərin alim kimi yetişdirilməsi, yeni multidistiplinar araşdırmaların aparılması bu islahatların tam olmayan ideya istiqamətlərini təşkil edir. Akademik Akif Əlizadə AMEA-da elmi qurumların işinin yenidən qurulmasına, Azərbaycan dövlətinin və cəmiyyətinin marağına səbəb olacaq yeni elmi prioritetlərin müəyyənləşdirilməsinə böyük əhəmiyyət verir.
Həyata keçirilən islahatların ayrıca blok-istiqamətlərindən birini ictimai və humanitar elm sahələrinin işini müasir tələblər səviyyəsində qurulması təşkil edir. Akademiyanın humanitar və ictimai elmlər üzrə vitse-prezidenti, tanınmış alim və ictimai xadim, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Azərbaycanın arxeologiyasını, tarixini, mədəniyyətini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, ictimai-fəlsəfi, sosial-hüquqi, ədəbi-bədii fikir tarixini, dilini, etnoqrafiyasını, folklorunu öyrənən elm sahələrinin inkişaf etdirilməsi, Azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi, qloballaşan və virtuallaşan müasir dünyada milli dəyərlərin qorunmasında humanitar potensialın yaxından iştirakına nail olunması və s. istiqamətlərdə kompleks tədbirlər həyata keçirilməkdədir.
Belə bir şəraitdə Akademiyada hər hansı bir istiqamət üzrə elmi müəssisəyə rəhbərlik etmək xüsusi məsuliyyət, sözün həqiqi mənasında həmin sahəyə elmi və inzibati sahiblik etmək istedadı və bacarığı, eyni zamanda fasiləsiz məqsədyönlü fəaliyyət və təşəbbüskarlıq tələb edir. Muxtar müəllim istər özünün fərdi elmi axtarışları, istərsə də elmi-təşkilati fəaliyyəti ilə İnstitutu daim yeni islahatların ritminə kökləyir, bunun da nəticəsində Folklor İnstitutu daim yeni-yeni "ilk"lərə imza atır. Belə "ilk"lərdən biri Akademiya rəhbərliyinin maddi və mənəvi dəstəyi əsasında Respublikada ilk dəfə olaraq ayrıca bir məkanda, ən müasir avadanlıqlarla təchiz olunmuş Folklor studiyasının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Neçə-neçə yeni layihələr isə öz uğurlu həllinə doğru start götürmüşdür.

* * *

Əziz Muxtar müəllim! Uzun illər Sizinlə yaxın münasibətdə olan bir şəxs kimi insani xüsusiyyətlərinizi, ən mürəkkəb situasiyalarda davranışınızı şərtləndirən mənəvi-əxlaqi prinsipləri yaxından müşahidə etmək imkanım olmuşdur. Sizin üçün zahirən büruzə vermədiyiniz, daxilən müqəddəs hesab etdiyiniz elə bir ali mənəvi prinsip var ki, istər elmi, istər təşkilati, istərsə də ictimai fəaliyyətinizdə, hətta adi məişət davranışlarınızda heç vaxt onun pozulmasına yol verməmisiniz. Bu prinsip bizim yaxından tanıdığımız Muxtar müəllimin daxili şəxsiyyət bütövlüyünü şərtləndirən əsas amildir. Hansısa şəxsi maraq, hətta hansısa "ali konyuktura" naminə olsa belə, bu prinsipin pozulması, mən bilirəm ki, sizin üçün bağışlanılmazdır. Siz bu cür daxili xəyanəti, xalq deyim tərziylə, "urvatdan düşmək" adlandırırsınız. Məhz belə bir prinsipsizliyə getməmək üçün vaxtilə ədəbi tənqiddən uzaqlaşmışdınız.
Siz təvazökar və işgüzar bir həyat sürürsünüz. Çoxları üçün istirahət mövsümü olan yay məzuniyyətləri Sizin üçün ən əlverişli elmi yaradıcılıq fürsətidir. Yay məzuniyyətlərində "hal-əhval üçün" Sizinlə zəngləşərkən hansısa bir elmi məqaləni tamamlamaq və ya hansısa bir yazı üzərində işləmək barədə necə həvəslə danışdığınızı yaxşı xatırlayıram.
Tanrı Sizə təmənnasız və ən başlıcası minnətsiz xeyirxahlıq etmək bacarığı bəxş etmişdir. Ətrafınızda xeyli sayda istedadlı gənclər var ki, onların ayaqda durması, itib-batmaması üçün onlara adi məişət problemlərinin həllinə qədər yardım edirsiniz.
Sizin xarakterinizdə daxili kövrəkliklə zahiri sərtliyin qəribə bir sintezi vardır. Dəfələrlə şahidi olmuşam ki, ən mötəbər ali tribunalardan sözü birbaşa, gəldiyi sərtlikdə (və məntiqilikdə) demisiniz, ən adi bir hadisənin təsirindən belə daxili hissi yaşantını bütün kövrəkliyi və şairanəliyi ilə yaşamısınız. Bir il bundan əvvəl hamımızın sevimlisi, gözəl ziyalı Arif Əmrahoğlu ağır xəstəliyə düçar olarkən, nə qədər gizlətməyə çalışsanız da, biz anladıq ki, itki Sizin üçün nə demək imiş...
Əziz Muxtar müəllim! Ürəkdə "Sizə deyilə bilməyən Sizə deyiləsi" çox söz var... 60 yaş ömrün müdriklik zirvəsidir. Bu müdriklik zirvəsində Sizə yeni-yeni nailiyyətlərə imza atmağı, ailə üçün, dostlar üçün, elm üçün var olmağı, həyatın bütün keşməkeşlərinə bundan sonra da müdrik yanaşmağı arzulayıram.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.