21.5.2015
Cismani ayrılıq  Ölüm! Dördcə hərfdən ibarət bu kabus bizi sevdiklərimizdən, sevdiklərimizi də bizdən həmişəlik qoparır, əbədiyyət, haqq adlı bir dünyaya aparır. Amma bu, cismani ayrılıqdır. Çünki bizdən ayrılanlar bizi cismən tərk etsələr də, ruhən elə bizimlədi. Ən xoş, ən ağrılı məqamlarda belə, qayğılı-qayğısız anlarda, yuxularda belə onlar yenə bizimlədi.
Deyirlər ki, ölüm qaşla-göz arasındadı. Bir də deyirlər ki, ölümlər çox vaxt vədəsiz və yersiz olur. 29 yaşlı Toğrulun faciəsi də elə qaşla-göz arasında olan vədəsiz və yersiz ölümlərdəndir. Bəli, qaşla-göz qədər yaxın. O qədər yaxın ki, ən əzizləri belə bu ölümün bu qədər yaxında olduğunu təsəvvür edə bilməzdilər. Axı, vaxtsız gələn ölümü necə təsəvvürə gətirərsən?
AMEA-nın müxbir üzvü, zəhmətkeş alim və dəyərli insan Muxtar Kazımoğlu (İmanov) və ömür-gün yoldaşı Gültəkin xanım bu “sürpriz ölüm” kabusundan çox-çox uzaqda idilər. Bu ilki baharın onlara gətirəcəyi “qəfləti ölüm” xəbərindən çox-çox uzaq. Nə biləydilər ki, bu ilk baharda açılacaq gül-çüçək qoxusu yerinə ölüm qoxusu duyacaqlar. Nə biləydilər ki, quşların vuracaqları cəh-cəhlər, oxuyacaqları avazlar yerinə qəlbləri parçalayan nalələr eşidəcəklər. Axı, nə biləydilər ki, isti ocaqlarına yaxınlaşıb o isti ocağın canlı bir parçasının indi buz kimi soyuq, cansız parçasına toxunacaqlar. Boy-buxunlu, qəddi-qamətli, ailəcanlı, qeyrətli bir oğulun ona yaraşmayan bu ölümünü izləyib, çarəsizlik içində yanacaqlar. Hələ isitmədiyi ocağının tüstüsünə baxıb alışacaqlar. Şair yaxşı deyib:
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Bir qədər sonra isə “O çadır mənim olmalıydı!”, “O ölüm mənim olmalıydı, ay oğul!” deyə fəryad qoparan bir ananın üsyankarlığı uğultuya dönüb qulaqlarımızda əks-səda verir. İndi o ana bu yaz günü gülə necə aç desin, bülbülə necə oxu desin?! Yadımıza yenə böyük söz ustadı B.Vahabzadənin misraları düşür:
Bu ilki bahardan bizə nə?
Vallah,
Gəlsə də, bu bahar bizimçün deyil,
Oxuma, oxuma, bülbül, sən Allah,
Açma, xarı bülbül, açma, sən bu il. İndi bu anaya, bu ataya necə təsəlli vermək olar?
Hələ yazdı, yaydı, qarşıdan payız-qış gəlib, qar-yağış qapımızı döyəndə, sellər-sular oynayanda “O soyuq məzarda necə yatırsan, ay oğul?”- deyib həyata üsyan edəcək Gültəkin xanıma necə təsəlli vermək olar?
Sizə, Muxtar müəllim, hər zaman bizə dayaq olub, düzgün yol göstərənə, çətin məqamlarımızda, ağrılı-acılı günlərimizdə ürək-dirək verənə, uğurlarımıza şərik çıxıb, bizimlə paylaşana, yas məclisinə gəlib bizim deyə biləcək sözümüz olmayanda belə “Evinizə xeyir aparın, şadlıq aparın” deyənə axı, necə təsəlli verə bilərik?
Oğlunuzu, ciyərparanızı son mənzilə yola salarkən güclə atdığınız addımlarınızı, boğulmuş simanızı, əyilmiş qəddinizi seyr etmək bilsəniz bizə nə qədər ağır idi?
Muxtar müəllim! Bir də əvvəldə qeyd etdiyimiz sözümüzə qayıdırıq: Toğrul yalnız cismən sizdən ayrıdı, ruhən elə sizinlədi.
Həyat belədir. Ötən hər bir gün bizi itkilərimizdən daha da uzaqlaşdırır. Amma digər tərəfdən biz saatbasaat, addımbaaddım elə onlara doğru gedirik. Allah ölümün də gecindən versin! Sönməz ABBASLI
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
21 may 2015-ci il, "Təhqiqat" qəzeti.
|