Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
21.5.2015

Həyat sınaq meydanıdır

Tanrı heç kəsə xoşbəxtliyi bütöv şəkildə bəxş eləmir, hər kəsi bir yandan yaslı-yaralı edir. Bəlkə də, bununla hərəni bir cür sınağa çəkir, səbrini-dözümünü yoxlayır, Allaha asi düşüb-düşməyəcəyini gözləyir.
Birinin var-dövləti başından aşır, amma onu bir parça övlad payına həsrət qoyur; birinin köçü-külfəti ağır olur, oğul-uşaqlarının əyin-başını geyindirməyə, qarınlarını doyurmağa imkansız edir, yoxsulluq içində üzülür. Birini öz evində-ailəsində şad-xürrəm yaşatsa da, ictimai dairədə nüfuz sahibi olmur, özü üçün yaşayan qafası dar adam olub, el-oba içində xətirsiz-hörmətsiz yaşayır. Digərini ictimaiyyət arasında şan-şöhrət atına mindirib gəzdirir, amma di gəl ki, şəxsi həyatında (taleyində) bəxti gətirmir. Birtərəfli eşq atəşində qəlbini-könlünü yandırıb-yaxır, dirigözlü ölüyə çevirir, bu dünyada ikən o dünyadakı cəhənnəm odunda yandırıb cızdağını çıxardır. Beləsinin bu dünyadakı cismani ömür keçirməyindənsə, məncə, heç yaşamaması ondan yeydir. Çünki ölü diri kimi yaşamaqdansa, diri ölü kimi o dünyaya köçüb-getmək daha fərzdir, daha yaxşıdır. Ona görə ki, xalqımızın da təfəkkür tərzində dünyasını dəyişənlər “ölü ölü” və “diri ölü” şəklində iki qismə bölünmüşdür. Əlqərəz, bu dediklərim hamısı insanın əl apara, baş vura bilməyəcəyi tanrı sirridir ki, el arasında buna sirri-xuda deyirlər. Tanrı isə sirlərinin hamısını tam axıracan külli-bəşərə açmayıb. Ona görə ki, elə sirlər var ki, onlar elə Tanrıya məxsus gizli sirlər (sirri-xuda) kimi axıracan dünyadan, insanlardan örtülü qalırlar və qalmalıdırlar da. S.Vurğunun təbirincə, «Sirrini verməyir sirdaşa dünya». Buradakı «dünya» ifadəsi sosial-ideoloji yöndən Tanrı kəlməsinin ekvivalenti olaraq işlədilmişdir. Hər kəs ona əta olunmuş fiziki ömür müddətində bu sirlərdən ağlının-idrakının qavrayıb-anlayacağı qədərdə özünə götürməyə nail olur. Hətta heç alimlər də bu sirri-xudanın hamısına yiyələnə bilmirlər. Hər alim öz dünyasına uyğun miqdarda bu sirləri kəşf edə bilir. Buna görə də mən məqamı düşəndə deyirəm ki, alim Allah deyil, o da hər şeyi bilə bilməz. Hər şeyi bilən, hər şeyi görən tək Allahdır. İ.Nəsimi də «ənəlhəqq» deyərək insana «Allahlaşmağı», əslində bununla Tanrıya yaxınlaşmağı tövsiyə edirdi ki, könüldən-beyindən Allaha zidd qütbdə dayanan şeytanı (-iblisanə duyğuları) qovub çıxara bilək!
Həyat hər kəsə bir cür sınaq meydanıdır!
Aprelin 7-də səhər açılar-açılmaz qulaqlarımızın eşitdiyi, amma hələ də beynimizin qəbul etmədiyi, ürəyimizin inanmadığı, könlümüzün qıymadığı bir acı xəbər ildırım sürətilə bir ucu Naxçıvandan tutmuş bir ucu Gədəbəyəcən hər yanı gəzdi-dolaşdı. İnsandan qurban olmaz deyiblərsə də, ana ürəyi tablamadı, Gültəkin xanım Gədəbəydən oturub-gəldiyi maşında özünü diddi-tökdü, əziz-doğma balası Toğrula özünü qurban dedi ki, təki balasına bir şey olmasın.
Öz elmi çəkisinə görə AMEA-nın müxbir üzvü rütbəsinə ucalmış atası Muxtar müəllim də bir alim kimi bu sirri-xudadan baş açammadı, övladını heç vəchlə amansız ölümün pəncəsindən geri qaytara bilmədi. Ulu kitabımız «Kitabi-Dədə Qorqud»da babalarımızın dediyi kəlamın hikmətindən o yana getməyin mümkünsüzlüyünü qət etdi: «çıxan can geri gəlməz»…
Nə ata əzəməti, nə ana mərhəməti, nə elmi dühanın qüdrəti fələyin amansız gərdişi qarşısında heç nə eləyə bilmədi. Heç dəfn mərasiminə toplaşan insan seli də bu vaxtsız gedişin qabağını kəsə bilmədi.
Təfəkkürünə həmişə qibtə etdiyim yazıçı-publisist Əli Rza Xələfli ilə Toğrulun «yeddi» adlanan yas məclisinə getmişdik. Diqqətimi Əli Rza müəllimin ağzında saxlamışdım ki, elə bilirdim ki, o, bu ağır faciə müqabilində Muxtar müəllimə nə isə təskinlik gətirici bir söz deyəcək. Bu ümidim də boşa çıxdı. Muxtar müəllimi səssiz-səmirsiz gözləri doluxsunmuş halda qucaqlayıb bağrına basandan bir müddət sonra astadan və ağır-ağır bunları deyə bildi: “Təskinlik üçün bir söz yoxdu…” və sözlər sanki qəhərdən boğazında düyünlənib qaldı.
Toğrul İmanov Nərimanov rayon İcra Hakimiyyətində işləyirdi. Evləndiyi də 6 ay olardı. Yaşının da çiçək açdığı çağları idi-29 yaşın içərisində idi. Xoşbəxt bir ailə həyatı yaşayırdı. Gecə özünü pis hiss etdiyindən təcili tibbi yardım maşını evlərinə gəlib-getdisə də, ölüm adlanan bir qara kabusun əlindən Toğrulu xilas edə bilmədi.
Sağlam bir gəncin inanılmaz dərəcədə qəflətən həyatını qeyb etməsi də elə bir cür sirri-xudadır. Dünyaya öz arzumuzla gəlməmişik ki, öz arzumuzla da dünyadan gedək. Bunlar Allahın iradəsi altında baş verən olum-ölüm qoşalığıdır. Tanrı sirrinin qəribəliyi həm də ondadır ki, bu sirrin zahiri tərəfi bəndələrə agah olur, amma bu sirrin batini mənası bir sirr olaraq həmişə insanlardan gizli qalır. Niyə belə oldu sualı qarşısında elə sual işarəsinin özü kimi belibükülü, məhzun bir görkəmdə dayanıb qalırıq. Ölüm adlı çağrılmamış qonaq (Allah elçisi) qapımızı döyəndə ona faciə donu geyindirən biz fani dünya sakinləri idrakımızın çərçivəsini aşa bilsək, bəlkə də ölüm adlı məfhumun gözəlliyini də dərk edə bilərik. Axı ölümü də Allahın müqəddəs sayılan mələklərindən biri olan Əzrayıl gətirir. Mələklərin gətirdikləri isə öz adlarına uyğun şəkildə mələkvari-gözəl olar. Amma bu məqamı dərk etməyə insan idrakının gücü-qüdrəti çatmaz. Çatsaydı, onda insan bəni-adəm övladı yox, elə mələk olardı. Mələklərin gördüyünü, eşitdiyini və nə elədiklərini isə bəndələr bilməzlər!..
Obrazlı ifadə ilə qəfləti gələn ölümə «dolu vurdu, sel apardı» deyirlər. Amma bu dərd-bəla adama bəndədən yetişmir, fələkdən gəlir:
Mənə fələk eylədi,
Qurdu kələk eylədi.
Girdi güllü bağçama,
Ələk-vələk eylədi.
Fələk Muxtar müəllimlə Gültəkin müəllimənin bağçasını ələk-vələk elədi. Toğrulunu aramızdan vaxtsız apardı… Amma eşitdiyimə görə, bu bağçanın yerində bir gül cücərib boy atacaq. O gül Toğrulun nişanəsi olacaq bir qız övladıdır. Atasından sonra dünyaya gələcək, atasının cismani ömür yolunun və mənəvi dünyasının davamçısı olacaq o gül balamız!
Son təsəllimiz, son ümid yerimiz olan o gülümüzü Allah qorusun!

Şakir ƏLİFOĞLU

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.