18.5.2015
“Türk dünyası I cocuq oyunları və oyuncaqları” qurultayı keçirilib

14-17 may 2015-ci il tarixlərində Türkiyənin Əskişəhər ilçəsində “Türk dünyası I cocuq oyunları və oyuncaqları” qurultayı keçirilmişdir.
Qurultayda Azərbaycanı Folklor İnstitutunun əməkdaşları İlkin Rüstəmzadə və Səkinə Qaybalıyeva təmsil etmişlər. Onlar müvafiq olaraq “Qarabağda “Padşah oyunu””, “Təbriz və Qarabağ folklorunda uşaq oyunlarının təsnifatı” mövzusunda məruzələrlə çıxış etmişlər.
Osmanqazi Universiteti, TİKA, Türkiyə Respublikası Təhsil Nazirliyi və Əskişəhər valiliyinin dəstəyi ilə keçirilmiş qurultaya 38 ölkədən nümayəndə qatılmış, 99-u xarici ölkədən olmaqla 260-a qədər məruzə təqdim olunmuşdur. Yekunda növbəti qurultayın Qırğızıstanın Manas Universitetində keçirilməsi qərara alınmışdır.

Nəzərinizə çatdıraq ki, “Türk dünyası cocuq oyunları və oyuncaqları” Osmanqazi Universiteti Egitim fakültəsinin gerçəkləşdirdiyi uzunmüddətli bir layihədir. Layihənin 5 il sürəcək ilk mərhələsi sahə araşdırmalarına həsr olunub. Bu mərhələdə türk xalqlarının yaşadığı ölkələrə səfər etmək, orada oynanılan oyun və oyuncaqları toplamaq, oyunların uşaqların təlim və tərbiyəsində rolunun araşdırılması planlaşdırılır. Bu mərhələdə, həmçinin müxtəlif türk xalqlarının folklor mütəxəssislərindən ibarət 120 nəfərlik bir qrupun formalaşdırılması, oyunların toplanması və tədqiqinə onların da cəlb olunması nəzərdə tutulur. Sahə araşdırmaları tamamlanandan sonra layihənin ikinci mərhələsi başlayacaq ki, bu mərhələdə oyunların uşaq baxçalarında və orta məktəblərdə tədris proqramına daxil edilməsi, müəyyən mövzuların öyrədilməsində oyunlardan istifadə olunması, oyunları tədris edəcək müəllimlərin yetişdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində həm də uşaq oyun və oyuncaqlarından ibarət muzeyin yaradılması, “Türk dünyası cocuq oyun və oyuncaqları” kitabının hazırlanması, uşaq oyunlarından ibarət olimpiadaların təşkili planlaşdırılır.
 |