12.5.2015
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpoziumun bağlanış toplantısı
 Mayın 8-də AMEA-nın əsas binasında “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpoziumun bağlanış toplantısı olub.
Tədbiri giriş sözüylə AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanov açıb: “Düşünürəm ki, simpozium gözlədiyimizdən maraqlı keçdi. Məruzələr müxtəlif səpkilərdə oldu. Simpoziumun mövzusu kifayət qədər geniş olduğundan məruzələrin yönü, məzmunu, doğurduğu problem də müxtəlif oldu. Bu sənətkarları birləşdirən fəlsəfi yönlü, onların həyatını dəqiqləşdirən, sırf yaradıcılıqları ilə bağlı məruzələr dinlədik. Məruzələrdə ən maraqlı məqamlardan biri bu sənətkarların ətraf ölkələrə, xalqlara, onların mədəniyyətinə, ədəbiyyatına, folkloruna təsiri məsələsi idi”.

Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan Elmi Simpoziumun gedişindən razılığını bildirib, yaradıcılıq əlaqələrinin davamlı olmasını arzulayıb.
Dünya Söz Akademiyasının başqanı Hayrettin İvgin (Türkiyə) çıxışında yeddi ulu ozanın birgə dəyərləndirilməsini əhəmiyyətli hadisə saydığını bildirib, araşdırmalar haqqında fikrini bölüşüb.
Prof. dr. Nail Tan bu kimi tədbirlərin Azərbaycanla Türkiyə arasında mənəvi-mədəni körpü rolunu oynadığını söyləyib.
Qazi Universiteti Ədəbiyyat fakültəsinin müəllimi dos.dr. Armağan Coşğun Elçinin “Dilkeş” təsnifi üstə oxuması iştirakçıların alqışına səbəb olub.
Sonda simpozium iştirakçılarına qatılım bəlgələri verilib.


















 |