21.4.2015
Nizami Muradoğlu-60

Aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d., şair, publisist Nizami Muradoğlunun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirin aparıcısı Ağaverdi Xəlil çıxışında Nizami Muradoğlunun yaradıcılıq yolundan bəhs edib, müəllifi olduğu kitablar haqqında danışıb: “Nizami Muradoğlunun yaradıcılığılnda ən çox sevdiyi mövzulardan biri Vətən mövzusudur. O, Vətənə həsr etdiyi şeirlərdə illərlə ürəyində yaşatdığı hissləri şeirə çevirib”.
Yubiley mərasimində çıxış edənlər – Vaqif Yusifli, Adil Cəmil, Oqtay Rza, Dilarə Nağıyeva, Tahir Orucov və başqaları Nizami Muradoğlunun yaradıcılıq məziyyətlərindən söz açıblar, onu 60 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər vurğulayıblar ki, Nizami Muradoğlu bütöv Azərbaycanın bənzərsiz gözəlliklərini, yurdumuzun igid, qəhrəman övladlarını, tariximizin şərəfli səhifələrini poetik bir dillə qələmə alıb.
Tədbirin sonunda çıxış edən Nizami Muradoğlu ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Nizami Muradoğlu ötən əsrin 70-ci illərində ədəbiyyata gəlib. Onun “Kəhrizin suyu” və “Duman” adlı ilk şeirləri 1971-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. O, ”Qayıda bilmirəm” (1989), “Dayan, əsən külək” (2002), “Vətən dərdi” (2005), “Sabaha açılan qapılar” (2009), “Bu dünyanın məzarları ağlamaz” (2010), “Yaşayan Cavidlər” (2012), “Sözün Məmməd Araz zirvəsi” (2013), “Baba ocağı” (2014), “Seçilmiş əsərləri” (2015) kitablarının müəllifidir. |