9.2.2015
Türkmənistan mətbuatı “Colan türkmanları” kitabı haqqında

Suriyada və İraqda yüz ilə yaxındır fasilələrlə, son üç ildən çox bir zamanda isə fasiləsiz savaş gedir. Dünyanın hər yerində mətbuat, radio və televizya, sosial şəbəkələr durmadan bu mövzunu işıqlandırır. Burada insanların öldürüldüyü, mal-mülklərinin məhv edildiyi yazılsa da, çox təəssüf ki, orada yaşayan soydaşlarımızın taleyindən, demək olar ki, heç nə yazılmır. Beləliklə də Suriyada yaşayan, oğuz qrupundan olan, türkmanların haqqında isə bir çoxumuzun bilgisi yoxdur. İstər Suriyada, istər İraqda yaşayan və türkman adlandırılan xalqın bir qismi ərəbləşsə də, böyük əksəriyyəti öz dilini, folklorunu, mədəniyyətini qorumaq uğrunda mübarizə aparır.
AMEA Folklor İnstitutu 2014-cü ildə diqqəti bu mövzuya yönəltmək üçün “Elm və təhsil” nəşriyyatında “Colan türkmanları” kitabını çap etdirdi. Suriyanın Colan bölgəsində (indi bu bölgənin çox hissəsi İsrail dövlətinin işğalı altındadır) yaşayan soydaşlarımızın - türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açan kitabda Bayır-Bucaq, Hələb, Lazkiye, Hama, Hamus və b. ərazilərdə türkmanların yaşadıqları kəndlərin adı verilməklə yanaşı, sakinlərin hansı tayfadan olduqları da göstərilir. Folklorçu-larla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar üçün dəyərli qaynaq olan kitab kütləvi oxucu marağına da səbəb olmuşdur.
AMEA Folklor İnstitutu Xarici Əlaqələr bölməsinin müdiri Əli Şamilin hazırladığı bu kitab Azərbaycanla yanaşı, Türkiyədə, Türkmənistanda da maraqla qarşılanmış, qəzet və jurnallar, sosial şəbəkələr kitabdan parçalar çap etmiş, həmçinin oxucularına “Colan türkmanları” kitabının nəşr edildiyini də xəbər vermişlər.
Türkmənistan Respublikasında nəşr edilərn “Türkmən dili” qəzeti də 4 fevral 2015-ci il sayındakı “Şamlı türkmanların dilindən” məqaləsində AMEA Folklor İnstitunun nəşr etdirdiyi “Colan türkmanları” kitabından bəhs edir. Məqalənin müəllifi Maxtımqulu adına Türkmənistan Dövlət Universitetinin müəllimi Dünya Soyeqovadır.
Aynur Qəzənfərqızı