Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
19.1.2015

Muxtar Kazımoğlu (İmanov)
AMEA-nın müxbir üzvü,
AMEA Folklor İnstitutunun direktoru

Adım ayrılıqdır, həsrət oğluyam

Şeirimiz tarixində həsrət şairləri az deyil və onların arasında ən qüdrətlisi, yəqin ki, Məhəmməd Füzulidir. Məhəmməd Füzuli nəyin həsrətini çəkir? Əzəli və əbədi dünyanın. Haqqın dərgahında olan həmin əzəli və əbədi dünyaya qovuşmağın yolunu Məhəmməd Füzuli nədə görür? Aşiqlikdə, Allaha və Allahın təcəllası olan insana məhəbbətdə. Aşiqlik təlimini Məhəmməd Füzuli, heç şübhəsiz, özündən qabaqkı şairlərimizdən, məsələn, anadilli yazılı şeirimizin ilk qüdrətli nümayəndələrindən biri olan Yunus Əmrədən alır:

Həsrət ilə ölməyəlim,
Gəl dosta gedəlim, könül.
… Bir ikən ayrılmayalım,
Gəl dosta gedəlim, könül.
(Yunus Əmrə. Şeirlər. Ankara, 1990, səh. 108)

Yunus Əmrənin “dost” dediyi məhz Allahdır və o, Allah dərgahındakı dünyanın həsrətini çəkməyi sadə bir dillə ifadə edir. Məhəmməd Füzuli sələflərdən aldığı eşq təlimini sadə dillə ifadə etməsə də, bu təlimin poetik ifadəsini əlçatmaz bir mərtəbəyə qaldırır. Məhəmməd Füzuli şeirindəki bədiilik, söhbətimizin əsas mövzusu olmadığından şairin həsrət və qəribliklə bağlı bir beytini xatırlatmaqla kifayətlənirəm:

Nolar ağlarsa Füzuli rövzeyi-kuyin anıb,
Lacərəm, giryan olur qılğac vətən yadın qərib.

Görkəmli füzulişünas Sabir Əlim Xəliloğlunun fikirlərinə əsaslanıb (S.Ə.Xəliloğlu. Füzuli qəzəlləri şərhi, 4 cilddə, 1-ci cild. Bakı, Adiloğlu, 2004, səh. 221) beytin mənasını belə başa düşmək olar: Füzuli sənin cənnət məhəlləni anıb ağlasa, təəccüblü deyil, vətənini yad edəndə qərib, əlbəttə, ağlayar. Beytdəki “vətən” və “qərib” sözləri sufi anlamındadır. Vətən əzəli dünyaya; qəriblik, qürbət isə aşiqin yaşadığı maddi dünyaya işarədir. Deməli, aşiq qürbət saydığı maddi dünyada vətən bildiyi axirət dünyasına qovuşmaq eşqilə çırpınır. Yeri gəlmişkən qeyd edək ki, həsrət, qürbət, qəriblik sözlərinin bu cür sufiyanə mənası poeziyamızda son əsrlərəcən özünü göstərib. Məsələn, ömür-gününü vətəndən çox da uzaqlarda keçirməmiş Molla Vəli Vidadinin tez-tez qürbətdən bəhs etməsinin də kökündə, çox güman ki, klassik şairlərimizdən, ən çox da Məhəmməd Füzulidən gəlmə nöqtələr var. Amma mən bu məqamda Molla Vəli Vidadi yaradıcılığına da baş vurmuş olsam, mətləbdən çox aralı düşərəm. Axı bu yazıda mən klassik şairlərimizdən yox, çağdaş şeirimizin tanınmış nümayəndələrindən biri olan Adil Cəmildən danışmaq fikrindəyəm. Klassikanı, ötəri də olsa, xatırlatmaq sadəcə olaraq yazının başlığından irəli gəldi. Yazının başlığı, əlbəttə, təsadüfən qoyulmayıb. Məsələ burasındadır ki, 60 illik yubileyi ərəfəsində Adil Cəmilin çapdan çıxan ikicildliyini (Adil Cəmil. Seçilmiş əsərləri, 2 cilddə. Bakı, Elm və təhsil, 2014) gözdən keçirəndə, yəni ikicildliyə daxil edilən şeirləri və poemaları illər üzrə ardıcıllıqla izləyəndə o əsərlərdən bir həsrət xəttinin keçdiyini gördüm. Və təəccübləndim: necə olub ki, insan və şair kimi nə vaxtdan bəri tanıdığım Adil Cəmilin qəm-qüssəyə, dərd-məlala, həsrət-nisgilə bu qədər yaxın yoldaş olduğunu hiss etməmişəm?! Buna səbəb Adil Cəmilin yaradıcılığını bu vaxtacan diqqətlə izləməməkmi olub? Bəlkə, o həsrət-nisgili dərindən hiss etməməyimin başqa səbəbləri var? Məsələn, belə bir səbəb: Adil Cəmil deyib-gülməyi, zarafatlaşmağı bacaran bir adamdır. Bəlkə, baməzəlik Adil Cəmildən ötrü dərd-səri dost-tanışdan gizlətməyin bir yolu olub? Mümkündür, hər şey mümkündür. Amma fakt faktlığında qalır: Adil Cəmil həsrət şairidir. Bu həsrətin tarixi heç də Kəlbəcərin işğal olunmasından başlamır. İşğaldan sonra Kəlbəcər həsrəti ilə şeirlər, poemalar yazmaq ən sıravi oxucunun belə şairdən umduğu bir iş, gözlədiyi bir haldır. Diqqət yetirdikdə aydın olur ki, Adil Cəmil yaradıcılığında həsrətin tarixi lap əvvəldən – ilk şeirlərin yazıldığı vaxtdan başlayır. Müsahibələrinin birində Adil Cəmil deyir: “Üçüncü sinifdə oxuyanda mənim Mingəçevirdə yaşayan əmim atama dedi ki, Adili aparaq Mingəçevirə, qalan təhsilini orada davam etdirsin… Mən dördüncü sinifdən başlayaraq Mingəçevirdə oxumağa başladım, amma bütün yayı yenə atamın yanında, Kəlbəcərdə olurdum. Bax o həsrət məni şeirə gətirdi. Ata uzaqda, ana uzaqda, başı dumanlı dağlar uzaqda… istər-istəməz qəribsəyirdim. Uşaqlıq illərindəki o hisslər, o duyğular içimdə nəsə oyadırdı. Əvvəl başladım rəsmlə məşğul olmağa, amma gördüm ki, yox, hisslərimi tam ifadə eləyə bilmirəm. Onda başladım söz düzməyə, “şairlik” eləməyə” (V.Yusifli A.Cəmilin sənət yolu. Bakı, Elm və təhsil, 2014, s.117). Doqquz yaşında ikən Mingəçevirə oxumağa getməsini şeirlərində Adil Cəmil “ilk ayrılıq” kimi mənalandırır:

Yadımdadır doqquz yaşım,
Yadımdadır ilk ayrılıq…
Ürəyimin səngiməyən
Odundadır ilk ayrılıq.

İsti ana qucağından
Ayrı düşdüm uşaq ikən.
Ata-baba ocağından
Üzülüşdüm uşaq ikən.
(“Otuz yaşım”)

Bu ayrılıq, ilk növbədə, anadan, atadan, kənddə görüb təmasda, ünsiyyətdə olduğun doğma adamlardan ayrı düşmək, onların isti nəfəsindən ötrü darıxmaqdır. Və isti nəfəsindən ötrü darıxdığı adamlar barədə Adil Cəmilin xeyli şeiri var. Amma bu şeirlər onun başı qarlı dağlar barədə yazdıqlarından çox deyil. Bəli, Adil Cəmil “isti ana qucağından ayrıldım” deyəndə həm də qoynunda doğulduğu o sirli-sehrli dağlardan ayrılmağını nəzərdə tutur:

Bulud məni yağışına çağırır,
Zirvə məni yoxuşuna çağırır,
Dərə məni ağuşuna çağırır,
Göyəribdir yamac indi, yal indi.
(“Dağlara qayıtmışam”)

Doğma adamlarla doğma təbiət ayrı-ayrılıqda yox, birlikdə, bir bütöv şəklində yurd yeri deyilən bir obraza çevrilib Adil Cəmilin şeirlərinə hopmağa başlayır. Səhra, suyu canına çəkən kimi, Adil Cəmil şeiri də yurd havasını canına çəkir:

Dağlar mənə nəfəs verə,
Seyrək havam arta bir az.
(“Bir az”)

Adil Cəmilin dərd-məlalı məhz yurd havası çatmayanda başlayır:

Adım ayrılıqdır, həsrət oğluyam,
Mən kədər övladı, zillət oğluyam.
(“Gözləyən var”)

Adil Cəmilə şeir yazdıran da ən çox həsrət və dərd-qəmdir:

Mən səni kefimdən yazmıram, şeirim,
Dərdimin, sərimin libası sənsən.
(“Şeir haqqında şeir”)

Dərd-sərdən libas geyən şeirlərdən çoxunun baş qəhrəmanı, heç şübhəsiz, şairin özüdür. Amma Adil Cəmil avtoportretlə kifayətlənmir və yeri gəldikcə başqa şairlərin də portretini yaratmağa təşəbbüs göstərir. Aydın olur ki, həmin portretlərdə Adil Cəmilin qabarıq canlandırmaq istədiyi motiv-ştrix məhz qəriblikdir. Adil Cəmilin nəzərində: Lermontov öz nəğməsini bir bülbül kimi Rusiya adlı bir qəfəsdə oxuyur (“Ölməzlik”) ; dustaq həyatı yaşayan Nazim Hikmət günəş işığına möhtacdır (“Divar çatdağından süzülən işıq”) ; ömrü boyu dərdə gülən Məmməd Aslan gülən dərddir, həsrətin özü boyda bir qürbətdir (“Məmməd Aslan”) ; Vətənoğlu adı daşıyan şair Bəhmən sərgərdan düşüb özünə isti bir yuva axtarır (“Bəhmən Vətənoğluna”).
Adil Cəmil gül-çiçək, ağac, meşə, bulaq, çay, dəniz, dağ-daş və s. barədə az yazmayıb və tərəddüdsüz-filansız Adil Cəmili təbiət şairi adlandıra və təbiət şairlərimiz sırasında onun özünəməxsus yerini müəyyənləşdirə bilərik. Amma bu məqamda məni maraqlandıran başqa məsələdir: Adil Cəmil təbiət obrazlarına hansı nöqtədən daha çox yanaşır? Bu suala cavab vermək üçün Adil Cəmilin təbiət obrazlarından bəzilərini yada salmaq bəs edir: ev gülləri, səhra çiçəyi, tək palıd, qayalıqda bitən meşə, qurumuş göl, qərib quşlar… Heç də tam olmayan bu siyahı Adil Cəmili bir təbiət şairi kimi duymağa işıq ucu verir. Aydın olur ki, güllər arasında Adil Cəmilin şeirə gətirdiyi dibçək gülləridir – isti otaqların pəncərəsindən dəli həsrətlə günəşə baxan, sevincini qönçə-qönçə açıb, dərdini yarpaq-yarpaq tökən dibçək gülləri (“Ev gülləri”). Çiçəklər arasında Adil Cəmilin şeirə gətirdiyi səhra çiçəyidir – qərib yolçunun son nəfəsindən göyərən səhra çiçəyi (“Səhra çiçəyi”). Palıdlar arasında Adil Cəmilin şeirə gətirdiyi “təklik odunun” yandırdığı palıddır (“Etüd”). Adil Cəmil hər ağaclığı yox, dağ başında, qayalar arasında bitib ana meşədən aralı düşən qərib meşəni qələmə alır (“Qayalıqda bitən meşə”) ; suyun altında qalıb qurumaqda olan, “puçur-puçur ağlamağa, yarpaq-yarpaq hönkürməyə” həsrət qalan Samux meşələrini qələmə alır (“Sualtı meşə”). Adil Cəmil hər bulağı yox, insan nəfəsinə möhtac qalan Novlu bulağı qələmə alır (“Belə qəribsəmə”). Şübhə yoxdur ki, başqa şairlər kimi, Adil Cəmil də qanad açıb göylərdə uçan quşlarla öz könlü arasında bir yaxınlıq görür və bu səbəbdən “Könlüm uçub qənşərinə o kəndin, Yuva salıb qarşıdakı qayada” deyir (“Həyata bax, həyata”). Bu, öz yerində. Amma quşlara ayrıca şeir həsr edəndə Adil Cəmilin üz tutduğu məhz qərib quşlar olur:

Yollar yorub açmadığım iz – qərib,
Ürəyimi yuva bilən söz – qərib…
Nə dilərsiz mən qəribdən siz qərib –
Qərib quşlar, pəncərəmdən çəkilin.
(“Qərib quşlar, pəncərəmdən çəkilin”)

Adil Cəmil məhəbbətdən də çox yazıb. O qədər yazıb ki, məhəbbət şeirlərindən ibarət “Bir dəli sevgidən göyərib dünya” adlı ayrıca kitab çap etdirib. Adil Cəmili təbiət şairi adlandırdığımız kimi, məhəbbət şairi də adlandıra bilərik və axtarsaq, görərik ki, o, heç də çağdaş məhəbbət şairlərimizdən geri qalmır. Amma bu yerdə mənim aydınlaşdırmaq istədiyim məsələ hansı şairin daha çox irəlidə olması məsələsi deyil. Aydınlaşdırmaq istədiyim məsələ – məhəbbətə Adil Cəmilin hansı yöndən yanaşıb-yanaşmamasıdır. Məsələn, çox da qəliz olmayan belə bir suala cavab tapmaq istəyirəm: Adil Cəmilin sevgi lirikasında aşiq vüsalın sevincindən söhbət açır, ya hicranın nisgilindən? Əlbəttə, hər ikisindən. Amma görmək çətin deyil ki, Adil Cəmilin hicran şeirləri vüsal şeirlərindən hiss olunacaq qədər çoxdur. Adil Cəmilin məhəbbət şeirlərinin əksəriyyətində vüsal – uzaq keçmiş və əlçatmaz bir gələcəkdir. Bu şeirlərdə indiki zaman isə daha çox hicranla, həsrətlə bağlıdır, yəni aşiq bu gün baş verən olaylar içində özünü bir nakam kimi görür. Nakam aşiqin nəzərində: vüsal havasıyla gülən baharı hicran nəfəsi qəhr edir (“Sən məni unut”) ; sevgi – uçurumlar ağzında bitən bir çiçəkdir (“Bağışla, mən səni sevə bilmədim”) ; sevgili – üzdükcə gedib çatılmayan bir adadır (“İlk məhəbbət yarası”) ; aşiqin göz yaşından göl yaranıb, sevgili bu gölün sonasıdır (“Göz yaşımdan göl yaranıb”) ; dövran, aşiqi qoynu bürkülü aran düzünə, sevgilini isə boynu bükülü bənövşəyə döndərib (“Heyif o günlərin şirinliyinə”) ; aşiq – özgə zirvədə əriyən qar, sevgili – özgə zirvədə ağlayan bulaqdır (“Sən özgə, mən özgə”) ; aşiq için-için sızlayır, onun sinəsində ürək adlı bir kəmanə var (“Xoşbəxt o kəsdir ki”) ; sevgili – alovda bişməyən od parçasıdır (“Sən”) ; aşiq – özü boyda hicran dağı, həsrət alovudur (“Həsrət alovuyam”) ; aşiq, eşqi ürəkdə bir qəlpə kimi gəzdirir (“Belə sevən tapılmaz”) ; həsrət, aşiqi bir nar kimi dənələyir, aslan dişli intizar onu didib parçalayır (“Hardasan”).
Adil Cəmilin məhəbbət lirikasında aşiq özünü Məcnuna, Kərəmə tay tutur (“Tapşır gözlərinə, tək bənə baxsın”) ; sevgilisi aşiqi Kərəmin qarlı dağına göndərir (“Ürəyim boş səhra idi”) ; aşiq Məcnuna dönsə də, sərgərdan gəzib-dolanmağa düz tapa bilmir (“Nədir qəsdin”). Adil Cəmilin məhəbbət lirikasında aşiqin hicrana fəlsəfi münasibətində də Məcnundan (Məhəmməd Füzulidən) gəlmə nöqtələr var. Məcnun öz xoşbəxtliyini eşqin əzabında axtardığı kimi, Adil Cəmilin də lirik qəhrəmanı dərin kədər, uzun həsrət qarşısında əyilmir, sınmır (“Səni görmək üçün gəldim dünyaya”) ; gəmisi dəryada tufana tuş gəlsə də (“Sevərək yaşamaq”); kürəkdə hicran yükü, biləkdə qandal daşısa da (“Gec olmamış”), eşq əzabını şirin bir nemət sayır, dözümdə Fərhaddan geri qalmadığını bildirir:

Mən Fərhaddan dözümlüyəm dözümdə –
Əzabından öpə-öpə gəzirəm.
(“Gəzirəm”)

Sən mənim şipşirin dərdim, məlalım,
Gündüz günəşimsən, gecə hilalım.
(“Bu necə sevgidir”)

Aman, Allah, bu nə sevda –
Belə şirin qəm olarmı?..
(“Qınamasın məni bu el”)

Adil Cəmilin sevgi şeirlərində baş qəhrəman sadəcə olaraq hicrandan danışmağı ilə yox, həm də bu hicrana ömrün mənası kimi baxmağı ilə Məcnunu, Fərhadı xatırladırsa, onda söhbətimizin lap əvvəlinə qayıdıb həsrət poeziyasının uzaq keçmişi ilə bu günü arasında yüngülvari tutuşdurma apara bilərik. Poeziyanın “uzaq keçmişi” bu yerdə Yunus Əmrə və Məhəmməd Füzuli, poeziyanın “bu günü” – Adil Cəmildir. Yunus Əmrə və Məhəmməd Füzuli sözünün əvvəli Allah, axırı Allahdır. Yuxarıda misal çəkdiyim “Aman, Allah, bu nə sevda” misrası göstərir ki, Allaha müraciət Adil Cəmil şeiri üçün də səciyyəvidir. Amma bu fakta əsaslanıb, gözələ məhəbbət – Allaha məhəbbətdir, gözələ qovuşmaq – Allaha qovuşmaqdır fəlsəfəsini (Yunus Əmrə və Məhəmməd Füzuli fəlsəfəsini) Adil Cəmil üçün də səciyyəvi xətt saya bilərikmi? Əlbəttə, yox. Adil Cəmilin həsrət poeziyası ilə klassik həsrət poeziyası arasında ən başlıca məzmun yaxınlığı hissənin tamdan ayrı düşməyi və tamın intizarı ilə yanıb-yaxılmağıdır. Tamdan, bütövdən aralı düşmək Adil Cəmilin təbiət və məhəbbət mövzulu şeirlərindən bir ana xətt kimi necə keçirsə, onun tənqidi ruhlu şeirlərindən də eləcə keçir. Adil Cəmil kimləri tənqid edir? Göz önündə kol-kos sayaq əyilən, ayaqlar altında qara qum kimi döyülən yaltaqları (“Bir yaltağa”) ; gözləri köhnə şinel ilgəyinə, qaşları bisavad vergülünə oxşayan simasızları (“Adsız şeir”) ; qurumuş bir çay ola-ola yerli-yersiz coşub-kükrəyən millət qəhrəmanlarını (“Səni tanıyıram”)… Belə adamları tənqid edərkən də Adil Cəmil özünü məhz həsrət şairi kimi göstərir. Məsələ burasındadır ki, özünə yad saydığı və qətiyyən qaynayıb-qarışa bilmədiyi belə adamlar arasında Adil Cəmil tənhalaşır və arxasız-köməksiz bir qəribə dönür (“Vətən mənə qürbət oldu”). Səhra çiçəyi gülüstan, tək palıd sıx orman… həsrətində olduğu kimi, Adil Cəmil də gülü-gülüstanı, ağacı-meşəsi, ən başlıcası isə adamları ilə ona doğmadan doğma olan xəyali bir dünya həsrətindədir. Tam və bütöv dediyimiz həmin xəyali dünyadır, hissə dediyimiz isə şairin lirik qəhrəmanıdır. Özünü “həsrət oğlu” adlandıran bu qəhrəman dərd içindədir, buludlar – bu dərdin gəzəri büstüdür (“Tapmadım”) ; şair dopdolu sünbül kimidir, küləklər sovurur onu, dənələyib dənə-dənə, sac üstdə qovurur onu (“Yıxılmışam öz içimdən”). Amma bu yanıb-yaxılma və sac üstdə qovrulmalar “şipşirin” dərd-məlal doğurduğuna görə şairə güc verir, onun əzmini, mətanətini artırır: qurd gözünün alovunda ardıcların şaxı sınır, gilə-gilə əriyir qar, selə dönüb yeriyir qar (“Qış gecəsinin trilogiyası”). Və şair “dərdin qarında çiçəkləyir” (“Fəridə Ləman”).
Həsrət şairi adlandırdığım Adil Cəmilin əzmli və mətin olmaqdan başqa çarəsi yoxdur, çünki görüləsi iş, deyiləsi söz çoxdur hələ. O ki qaldı 60 məsələsinə, bu yaş ustad yaşıdır. Qoy ustadlıq məsuliyyəti Adil Cəmilin əl-qolunu bağlamasın, əksinə, qol-qanad verib ona yeni-yeni əsərlər yazdırsın!

15 dekabr 2014-cü il.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.