Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.12.2014

Vəli Xulufluya həsr olunmuş Elmi Sessiya keçirilib

Dekabrın 15-də AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas, türkoloq və ictimai xadim Vəli Xuluflunun anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi Sessiya keçirilib.

Vəli XULUFLU

Tədbiri giriş sözüylə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) açıb, tədbirin əhəmiyyətini vurğulayıb: “İnstitutun “Klassik folklor” şöbəsi V.Xuluflu irsinin yenidən araşdırılması, öyrənilməsi ilə ciddi şəkildə məşğul olub. “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından V.Xuluflunun iki əsərini (“El aşıqları” və “Tapmacalar”) çap etmişik. Bugünkü tədbirin materialları da daxil olmaqla V.Xuluflu haqqında ayrıca bir kitabın nəşr olunmasını qərara almışıq. Kitabda V.Xuluflunun həyatı və yaradıcılığı ilə bağlı ayrı-ayrı məqamlara toxunulacaq. Bizim təkcə V.Xulufluya yox, o dövrdə repressiya qurbanı olmuş ziyalılarımıza böyük borcumuz var. Y.V.Çəmənzəminli, B.Çobanzadə, H.Zeynallı, Ə.Abid, S.Mümtaz, B.Behcət və başqa görkəmli ədəbiyyatşünaslarımız təkcə ədəbiyyatşünaslıq elmimizin yox, həm də onun mühüm qanadı olan folklorşünaslıq elmimizin təməlini qoyublar.


V.Xuluflunun mənsub olduğu nəslin fəaliyyəti nəticəsində Azərbaycan folklorşünaslığı professional şəkildə inkişaf edib. Məsələn, onlar folklorşünaslığın elmi prinsiplərinə əməl edərək toplama işiylə məşğul olublar, həm də bunun nəzəriyyəsini ortaya qoyublar. V.Xuluflunun “Ön söz”lərində belə suallara rast gəlirik: folklor necə toplanmalıdır, hansı şəkildə yazıya alınmalıdır, variantlar, regionlar necə nəzərə alınmalıdır və s. Bu kimi suallara V.Xuluflu peşəkar folklorşünas kimi cavab verib”.
M.İmanov V.Xuluflu, H.Zeynallı, Y.V.Çəmənzəminli və başqaları tərəfindən Azərbaycan folklorşünaslığının ilk terminlərinin yaradılması barədə danışıb: “Ağız ədəbiyyatı”, “el ədəbiyyatı”, “şifahi ədəbiyyat”, “xalq ədəbiyyatı”, “şifahi xalq ədəbiyyatı”... Bu və başqa terminlər onların mübahisələri, müzakirələri, dönə-dönə bu mövzularda yazmaları ilə ortaya gəlib. Bu da həmin dövr ədəbiyyatşünaslığının bir xidmətidir”.
M.İmanov V.Xuluflunun taleyinə diqqət çəkib: “V.Xuluflu və həmfikirlərinin “ən böyük günahı” onda olub ki, onlar o dövrün sərt qayda-qanunları çərçivəsində xalqımıza xidmət etmək istəyiblər. Mədəni quruculuq işlərində V.Xuluflu fəal iştirak edib, bununla bağlı kitabı da var, Krıma kimi gedib və türk respublikalarını gəzib və müzakirələr aparıb. Türkoloji qurultayda çıxış edib. Xeyli vəzifələrdə çalışıb, hər yerdə özünün savadı ilə fərqlənib”.


Fil.ü.e.d., prof. Cəlal Qasımov “Sovet totalitarizmi və Vəli Xuluflu” adlı məruzəsində bildirib ki, V.Xuluflunun o dövrdə Azərbaycan ictimai fikrinin formalaşmasında böyük rolu olub.
C.Qasımov V.Xuluflunun kitabları haqqında danışıb, bildirib ki, onun müxtəlif kitablarında toxunulan elə məsələlər var ki, çağımızda da aktual olaraq qalır. V.Xuluflunun repressiyası məsələsinə ayrıca toxunan C.Qasımov vurğulayıb ki, o, ilk növbədə millilikdə ittiham olunurdu. V.Xuluflunun milli əxlaqı onu istər-istəməz məhbəsə aparıb çıxarmalı idi: “V.Xuluflunun istintaq materiallarından keçən bir məqamı diqqətə çatdırmaq istəyirəm. Ona “3 nömrəli metod” bir neçə dəfə tətbiq olunub. Əgər şəxsiyyət duruş gətirib “tərbiyə olunmursa”, Qriqoryanın, Markaryanın fiziki cəza tədbirlərinə dözürsə, onda həmin şəxsləri əzmək üçün “3 nömrəli metod”dan istifadə edirdilər: 3-5 ay onu danışdırmırdılar, istintaqa çağırmırdılar. Çağıranda da ilk sual belə olurdu: “Siz istintaqa düzgün məlumat verəcəksinizmi?” Təbii ki, o, “bəli” deyirdi. Bu məlumat onların istədiyi idi. Onların istədiyi “Vətən xaini” sözünü boynuna almaq idi. Bu metodu V.Xulufluya da tətbiq etdilər. İttiham olunanların əksəriyyəti bunu boynuna alırdı. Ancaq onların heç biri Azərbaycan adlı məmləkətin xaini olmayıb”.


C.Qasımov daha sonra vurğulayıb ki, kimlər güllələnməyə məruz qalırdı, onların həyat yoldaşları 8 il müddətinə azadlıqdan məhrum edilirdi. V.Xuluflunun həyat yoldaşı Fatmanisə xanım ərinin bəraəti ilə bağlı aidiyyatı orqanlara onlarla məktub yazıb, axıra kimi mübarizə aparıb.


Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli (AMEA Əlyazmalar İnstitutu) “Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu” adlı məruzəsində V.Xuluflunun məhsuldar folklorşünas fəaliyyətindən danışıb: “Görkəmli folklorçunun hazırlayıb nəşr etdirdiyi ilk folklor kitabı “El aşıqları” adlanır. Bu kitab 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Xəlqiyyət bölməsi tərəfindən “Azərbaycan xalq ədəbiyyatının materialları seriyası” başlığı altında çap olunub. Ərəb qrafikasındakı bu nəşrin həcmi 234 səhifədir. Buraya V.Xuluflunun müxtəlif aşıqların repertuarından yazdığı 100-dən yuxarı şeir nümunələri və Şəmkirli Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxildir.
“El aşıqları” toplusu ağız ədəbiyyatı materiallarının toplanması və nəşri işinin uğurlu bir təməli idi. Az sonra ortaya çıxacaq H.Əlizadə, S.Mümtaz nəşrlərinə yol açan dəyərli bir folklor nəşri, təcrübəsi kimi böyük əhəmiyyət daşıyırdı”.


Fil.ü.f.d. Həmidə Əliyeva – Xəlilbəyli (Azərbaycan Dillər Universiteti) “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində Vəli Xuluflunun fəaliyyəti” mövzusunda məruzə edib. O, bildirib ki, V.Xuluflu Cəmiyyət xəttilə təşkil olunan folklor ekspedisiyalarında yaxından iştirak edir, yaddaşlarda yaşayan şifahi söz sənəti nümunələrinin toplanmasında və yazıya alınmasında xüsusi fəallıq göstərirdi: “Toplanmış materialların üzərində geniş elmi-tədqiqat işi aparan alim onların nəticələrini adətən kitab halında çap etdirirdi. Onun 1926-cı ildə ərəb qrafikası ilə çap edilən Azərbaycan xalq ədəbiyyatı materialları seriyasından “El aşıqları” kitabı folklor ekspedisiyalarından birinin nəticələrinə həsr olunub. Bu kitab V.Xuluflunun şifahi ədəbiyyatımızın tədqiqi və nəşri sahəsində gördüyü işlərin diqqətəlayiq nümunəsi idi”.


Fil.ü.f.d. Məhəmməd Məmmədov (BDU) ““Koroğlu” dastanının nəşrində Vəli Xuluflu mərhələsi” mövzusunda çıxışında bildirib ki, onun 1925-26-cı illərdə Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur el sənətkarı Aşıq Hüseyn Bozalqanlıdan topladığı “Koroğlu” qolları 1927 və 1929-cu illərdə iki müxtəlif nəşr halında işıq üzü görüb. “Koroğlu” dastanının Vəli Xuluflu nəşri aşıq repertuarında süjetin müxtəlif variantlarda çoxdan mövcudluğunu, Koroğlu nağıl və rəvayətlərinin xalq arasında yaranıb yaşadığını göstərir. Təəssüf ki, V.Xuluflunun “Koroğlu” üzərində apardığı tədqiqat işini repressiya dövrünün irticası yarımçıq qoyur və o, canı və qanı ilə girişdiyi dastanı tam şəkildə toplayıb nəşr edə bilmir. Onun dastanın toplanması və nəşri ilə bağlı gördüyü tarixi işlər bu gün də əhəmiyyətini itirməyib, 1927 və 1929-cu illərdə hazırladığı “Koroğlu” gələcək tədqiqatlar üçün dəyərli mənbələrdən biridir”.


Fil.ü.f.d. Sönməz Abbaslı (Folklor İnstitutu) “Vəli Xuluflunun “El aşıqları” toplusu” mövzusunda çıxışında bildirib ki, V.Xuluflunun 1927-ci ildə çap etdirdiyi “El aşıqları” kitabı Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin dəstəyi ilə Azərbaycan aşıq sənəti sferasında işıq üzü görən uğurlu nəşrlərdəndir: “Bu nəşrin əhəmiyyəti və digər nəşrlərdən fərqi bir də ondadır ki, “El aşıqları” aşıq yaradıcılığı ilə bağlı çap olunan ilk tədqiqatdır”.


Vəli Xuluflunun qohumu, Türkiyənin Uludağ Universitetinin dosenti, sən. ü.f.d., bəstəkar, sənətşünas Həsən Adıgözəlzadə tədbirin keçirilməsinə görə institutun rəhbərliyinə təşəkkürünü bildirib. O, Vəli Xuluflunun həyat yoldaşı Fatmanisə xanımdan onun xarakteri, həyat tərzi, həbsxanada son görüşü və s. haqqında eşitdiklərini danışıb.
Elmi Sessiyada səslənən fikirləri ümumiləşdirən M.İmanov sonda çıxışçılara və iştirakçılara təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.