25.11.2014
Elmi Şuranın növbəti iclası keçirilib

Noyabrın 24-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov (Kazımoğlu) açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq “AMEA Folklor İnstitutunda “Cənubi Azərbaycan folkloru” şöbəsinin yaradılması haqqında” məsələ müzakirə olunub. Şuranın sədri M.İmanov AMEA institutlarında Cənubi Azərbaycanı araşdıran şöbələrin olduğunu bildirib, Folklor İnstitutunda Cənubi Azərbaycan folklorunu araşdıran şöbənin yaradılmasının gərəkliyini vurğulayıb. Elmi Şura İnstitutun “Cənubi Azərbaycan folkloru” şöbəsinin yaradılması haqqında qərar qəbul edib.
Sonra Folklor İnstitutunun “Arxetip” elmi jurnalının təsis edilməsi barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.
Növbəti məsələ – “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” Beynəlxalq Elmi Konfransının yekunları haqqında məlumat verən M.İmanov tədbirin yüksək səviyyədə keçirildiyini, KİV-lərdə geniş şəkildə işıqlandırıldığını bildirib.

2014-cü il üçün AMEA Folklor İnstitutunun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə qəbulun nəticələri haqqında institutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura müsabiqənin nəticələrinə əsasən Ü.Yusifovanın əyani, G.Məmmədovanın qiyabi doktoranturaya qəbul edilməsi barədə qərar qəbul edib. Doktoranturaya qəbul imtahanlarında yüksək nəticə əldə etmiş D.Səfərova üçün də əlavə yer ayrılması məqsədilə AMEA Rəyasət Heyətinə müraciət olunması məsləhət bilinib.
Cari məsələlər sırasında İnstututun qocaman əməkdaşı, “Klassik folklor” şöbəsinin müdiri, fil.ü.f.d. Rza Xəlilovun 70 illik yubileyi ilə bağlı fikirlərini bölüşən M.İmanov onun özünəməxsus insani keyfiyyətlərindən danışıb, elmi fəaliyyətini dəyərləndirib. Elmi Şura R.Xəlilovun elmi əsərlərinin kitab halında çap olunmasını qərara alıb.
Sonda “Klassik folklor” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Ü.Əliyevaya və “Qazax-Borçalı” bölməsinin müdiri, bio.ü.f.d. N.Həkimovaya dosent elmi adının verilməsi cari məsələ kimi müzakirə olunub, Elmi Şura üzvləri məsələnin lehinə səs veriblər.