1.7.2014
Folklorçularımız 9-cu Beynəlxalq Aşıqlar Bayramında iştirak ediblər
 20-23 iyun 2014-cü il tarixdə Türkiyənin Qars şəhərində 9-cu beynəlxalq aşıqlar bayramı keçirilib. Bayrama ölkə daxilindən və xaricdən 200-dək aşıq və folklor mütəxəssisləri dəvət olunub. Tədbirdə Azərbaycandan, İrandan, Gürcüstandan, Qazaxstandan, Qırğızstandan, Özbəkistandan, Türkmənistandan, Tatarıstandan nümayəndələr iştirak ediblər. Azərbaycan aşıqları toplantıya Azərbaycanla yanaşı, Gürcüstandan (Borçalıdan), İrandan (Təbrizdən) və Türkiyənin azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən gəliblər. Bayram tədbiri Qars bələdiyyə başçısı Murtaza Karaçanta tərəfindən təşkil edilib.

Tədbir Qars bölgəsinin ustad sənətkarı Çobanoğlunun məzar ziyarəti ilə başlayıb, bölgənin başqa bir məşhur sənətkarı Aşıq Şeniliyin heykəlinin qoyulduğu Qars şəhər mədəniyyət mərkəzində davam etdirilib.
Bayram aşıq sənətinin müxtəlif aspektlərini işıqlandıran rəngarəng proqramla diqqəti çəkib. Burada aşıqlıq ənənəsinə və sənətinə aid olan bütün musiqi, şeir, sənət, ifaçılıq və s. özəlliklər nümayiş etdirilib. Eyni zamanda aşıqlıq ənənəsinin məhəlli və regional xüsusiyyətləri də bayram tədbirinə dəvət olunmuş müxtəlif mühitlərə aid sənətkarların ifasında öz əksini tapıb.
Bayram tədbirində AMEA Folklor İnstitutunun bir qrup əməkdaşı – şöbə müdiri Ağaverdi Xəlil, elmi işçi Altay Məmmədli, elmi işçi Nailə Əsgər və aşıq Solmaz Kosayeva iştirak ediblər.

Tədbirdə Ağaverdi Xəlilin “Türk xalqlarının mədəniyyətində aşıqlıq ənənəsinin yeri, rolu və əhəmiyyəti”, elmi işçi Nailə Əsgərin “Aşıqlıq ənənəsi və Çıldır aşıq mühiti” mövzusunda məruzələri maraqla dinlənilib.
Altay Məmmədli və Solmaz Kosayeva öz ifaları ilə Azərbaycan aşıq sənətinin gözəlliklərini mükəmməl şəkildə nümayiş etdiriblər. Onların ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb. Tədbir türk dünyasının müxtəlif yerlərindən gəlmiş aşıqların ifaları ilə davam etdirilib. Bayram tədbiri iştirakçılara sertifikatların və mükafatların təqdimi mərasimi ilə başa çatıb.
|