17.6.2014
Folklor İnstitutunun əməkdaşları Qarsda

keçirilən simpoziumda iştirak ediblərİyun ayının 9-11-də Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin Dövlət Konservatoriyasının təşkil etdiyi “Doğu Dünyasında Geleneksel Türk Müzik Kültürü” mövzusunda uluslararası musiqi simpoziumu keçirilib. Simpoziuma dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər dəvət edilib.
Simpoziumun rəhbəri prof. Rafiq İmrani mərasimi açaraq iştirakçıları salamlayıb. Daha sonra o, geniş məruzə ilə çıxış edib.
AMEA Folklor İnstititutunun əməkdaşları fil.ü.f. d. Tacir Səmimi “Ağbaba elində Qars ərazisinin aşıq ənənəsi” və fil.ü.f.d. Sönməz Abbaslı “Azərbaycan aşıq sənəti ilkin folklor nəşrlərində və yaxud Vəli Xuluflunun “El aşıqları toplusu” mövzusunda məruzə ilə çıxış ediblər.
Tanınmış Ağbaba aşıqlarından olan Aşıq İsgəndər Ağbabalının oğlu Aşıq Faxfur Ağbabalının çıxışı da maraqla qarşılanıb. O, “Çalpapaq”, “Xoşdamağı”, “Otalı qızı”, “Sarı yaylıq”, “Dərbədəri”, “Nanayı”, “Summanı”, “Mələk xanı” kimi Ağbaba aşıq havalarını ifa edib. Qarsda aşığın 17 saz havası yazıya alınıb.
Konfransa qatılan Fatih Universitetinin professoru Dr. Ruhi Ayangil, Macarıstandan dəvət olunan Janos Sipos, Fransadan gələn qonaq prof. Dr. Jean During də aşığın çıxışını yüksək qiymətləndiriblər. Simpoziumun sonuncu günü Qarsın görməli yerlərindən olan Sarıkamışa gəzinti təşkil olunub.