22.5.2014
Folklor İnstitutunun əməkdaşları Bilecikdə keçirilən simpoziumda iştirak ediblər
 May ayının 8-10-da Türkiyənin Bilecik şəhərindəki Şeyx Edebalı Universitetində "Tarixdə ve günümüzde Ortadoğuda Türkmenler (İraq-İran-Suriya)" mövzusunda uluslarası elmi simpozium keçirilib. Simpoziuma dünyanın müxtəlif ölkələrindən 74 alim dəvət edilib.
AMEA Folklor İnstitutunun əməkdaşları Əfzələddin Əskər "Oğuzlarla türkmanların etnik fərqlilik problemi", Nailə Əskər "Xoca Nəsrəddin Mahmud əl-Xoyi və lətifə qəhrəmanı Nəsrəddin Xoca", Aynur Qəzənfərqızı "Kərkük ədəbiyyatının və folklorunun təbliğində Qəzənfər Paşayevin rolu", Qumru Şəhriyar "Müqayisəli Bayır-Bucaq Türkmən xalq inancları və Azərbaycan folkloru", Əli Şamil "Colan türkmanlarının milli varlığının qorunmasında folklorun rolu" mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə AMEA Ədəbiyyat İnstitunun əməkdaşı, prof. Qəzənfər Paşayev, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları, dos. Təranə Haşımova, Zülfiyyə Vəliyeva, Yaxşıxanım Nəsirova, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının təhsil və kadrlar şöbəsinin əməkdaşı Aynurə Mahmudova da iştirak ediblər.
Zəncan Universitetinin (İran) müəllimi Davud Rzayinin, Milandan (İtaliya) gəlmiş təbrizli Məsumə Xanızadənin məruzələri də diqqətlə dinlənilib. Simpoziumun təşkilatçıları bölgəni tanıtmaq üçün maraqlı proqram hazırlayıblar. İştirakçılar mayın 8-də Türkməneli abidəsinin açılışında iştirak etməklə yanaşı, Osman qazinin atası Ertoğrol qazinın və onun müəllimi Şeyx Edebalının, Osmanlının ilk qazısı Dursun Fatihin məzarlarını, Sultan Əbdulhəmidin tikdirdiyi məktəbi, Çelebi Mehmet və Kuyulu məscidlərini ziyarət edib, Xıdır Ellez etkinliklərində də iştirak ediblər.
|