Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
18.3.2014

Novruz milli bayramımız olmaqla yanaşı, ümumbəşəri xarakter daşıyır

Müsahibimiz AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri üzrə doktoru Muxtar İmanovdur.

- Muxtar müəllim, qarşıdan xalqımızın ən gözəl bayramlarından biri olan Novruz gəlir.
Folklorşünas alim olaraq bu bayramın tarixi haqqında fikirlərinizi bilmək istərdik...

- Novruz xalqımızın ən gözəl milli bayramlarından biridir. Bu bayramın tarixi çox qədimdir və onun qədimliyi haqqında müxtəlif mülahizələr var. Həmin mülahizələrin ən mötəbərlərindən biri görkəmli folklorşünas alimimiz Məmmədhüseyn Təhmasibə məxsusdur. M.Təhmasib qeyd edir ki, Novruz bayramı həm zərdüştlükdən (atəşpərəstlikdən), həm də İslamdan əvvəl yaranıbDoğrudan da, tarixi mənbələr, xüsusilə XI əsrə aid elmi mənbələr göstərir ki, Novruz bayramının tarixi dini tarixlərdən daha əvvələ gedib çıxır. Yəni biz bu gün od simvolunu atəşpərəstliklə bağlamaq istəsək, yanılmış olarıq. M.Təhmasib bildirir ki, zərdüştlük fəlsəfəsində odun üzərindən tullanmaq yasaq idisə, biz Novruz bayramında odun üzərindən tullanırıq. Bu o deməkdir ki, Novruzun zərdüştlüklə birbaşa əlaqəsi yoxdur. Novruz bayramının xalqımızla, ümumilikdə türk xalqları ilə əlaqəsinə çoxlu nümunələr göstərmək olar. Özbəklərdə, qazaxlarda, türkmənlərdə, Anadolu türklərində, dini etiqad etibari ilə xristian olan qaqauzlarda da bu bayram qeyd olunur. Ayrı-ayrı türk xalqlarında yazla bağlı bayramların qeyd olunma mərasimləri, ayinləri bizim Novruz adətlərimizlə xeyli dərəcədə üst-üstə düşür. Məsələn, qazaxlarda belə bir adət var: Novruz bayramı günlərində gil qabı götürərlər, onu evin divarına, ayrı-ayrı əşyalara vurub sındırarlar. Bu adət köhnəni sındırıb atmaq, və yeniyə qovuşmaq anlamı daşıyır. Bilirsiniz ki, Novruz yeni gün, yeni il bayramı deməkdir. Bu mənada qazaxlardakı həmin adət onu göstərir ki, rəmzi mənada köhnəni sındırmaq yeniyə qovuşmaq lazımdır. Yaxud, qırğızlarda odla həyət-bacanı təmizləmək ayinləri həyata keçirilir. Novruz günlərində türkmən ailələri isə bir yerə yığışıb böyük qazanda yemək bişirirlər. Buna səməni yeməyi deyirlər. Bu yeməkdən bütün ailələrin üzvləri bir yerdə dadırlar. Krım türklərində, Kipr türklərində, özbəklərdə təbiətin qoynuna çıxmaq ayinlərini var. Martın 21-də qaqauzlar qırx dəfə ağacı yerə vururlar ki, torpaq oyansın.

- Novruz bayramının mahiyyəti haqqında da müxtəlif mülahizələr var. Siz bu barədə nə deyə bilərsiniz?
- Novruz bayramının əsas mahiyyəti qışdan çıxıb yaza qovuşmaqdır. Yəni insan qışın zillətindən qurtararaq yaza qovuşmasını bayram edir. Təsadüfi deyil ki, Novruza qədərki üç əsas mərhələ qışdan çıxmaq mərhələləridir: 40 gün çəkən böyük çillə, 20 gün çəkən kiçik çillə və 1 aylıq «boz ay». «Boz ay»dan sonra bayram keçirilir. Bu, onu göstərir ki, insanlar qışdan çıxmağı bayram edirlər. Böyük çillədən çıxıb kiçik çilləyə keçəndə bizim bəzi bölgələrdə müəyyən mərasimlər keçirilir. Belə mərasimlərdən biri “çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan «çillə qarpızları» kəsilir və ailənin bütün üzvləri bu təamdan dadırlar.
Kiçik çillənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun. Novruza qədərki dörd mərhələ də bu bayramın əsas mərhələlərindən hesab olunur. Dörd həftənin çərşənbələri xüsusi qeyd olunur. Xalq Novruz bayramına yaxınlaşma ərəfəsində «boz ay»ın içərisində həmin çərşənbələri qeyd edir. Azərbaycanın bəzi bölgələrində, Türkiyənin azərbaycanlılar yaşayan Qars vilayətində belə bir inam var ki, yaz ərəfəsində təbiətə yavaş-yavaş cəmrə, yəni istilik gəlir. Bu istilik əvvəlcə havanı, sonra suyu, sonra isə torpağı isidir. İlin axır çərşənbəsində isə tonqal qalayıb bütövlükdə qışdan, yəni soyuqdan qurtarıb, istiyə qovuşmağı bayram edirlər. Bu bayramda kultlar var. Od və su kultlarını xüsusi qeyd etmək lazımdır. Tonqal qalayıb, odun üstündən tullanıb müəyyən sözlər deyirik. Eyni sözlər suyun da üstündən tullanaraq deyilir: ağırlığım-uğurluğum tökül bu odun (suyun) üstünə! İlaxır çərşənbəsinin səhərisi insanlar suyun üstünə, xüsusilə bulaq başına çıxarlar. Bu su müqəddəs sayılır. O sudan qız-gəlinlər səhənglərə, bardaqlara doldurarlar. Həmin suyu gətirib evə, həyətə səpərlər, uşaqların üzünə çəkərlər və s. İnsanlar niyyət edərlər ki, həmin su bolluğa, bərəkətə rəvac versin. Xalqın belə bir inamı var ki, bayram ilin ən qeyri-adi vaxtıdır. Həmin qeyri-adi vaxtın da ən müqəddəs anı il təhvil olan andır. İnanca görə, həmin vaxt bir anlığa suyun axması dayanır, ağaclar başını aşağı əyir. İnanca görə, həmin an nə niyyət edərsənsə, o niyyət hasil olar.

- Bu bayrama xas olan bir sıra adət-ənənələr mövcuddur. Sizcə, bu adət-ənənələr nə kimi dəyərləri özündə əks etdirir?
- Bu adətlərin bir çoxu süfrənin bolluğu ilə əlaqədardır. Xalqda belə bir inanc var ki, Novruzu necə qarşılasan, il sənin üçün elə keçər. Ona görə bu bayramda hamı çalışır ki, süfrəsi bol olsun. İnsanlar bolluq süfrəsi ilə məhz ilin bollu-bərəkətli olmasını arzulayırlar. Cücərdilmiş səməni də süfrəni bəzəyir. Səməni yaşıllığın, barın-bərəkətin rəmzidir. Həmin gün xalq arasında müxtəlif adətlər həyata keçirilir. Baca-baca oyunu, qurşaqatma,qapıpusma adətləri var. Qapıpusma adətinin mənası odur ki, həmin müqəddəs gündə eşitdiyin söz gerçəkləşəcək. İnsanlar həmin gün ailədə mümkün qədər xoş sözlər danışırlar. Bilirlər ki, kimsə xoş sözlər eşitmək məqsədilə onların qapısını pusa bilər. Həmçinin qızlar arasında fala baxmaq da gözəl adətlərdən biridir. Oyunlara gəlincə, Novruz bayramının ən gözəl oyunlarından biri Kosa-kosa oyunudur. Bu qədim oyun haqqında müxtəlif mülahizələr var. Bu mülahizələrdən biri də odur ki, kosa da, keçəl də bərəkətin rəmzidirlər, amma maskalanmış şəkildə. Onlar həm insanları güldürmək, həm də şər qüvvələri aldatmaq üçün maskalanırlar. Həm kosa, həm də keçəlin bərəkət rəmzi olmasını onlara aid xalq şeiri nümunələri də göstərir:

Kosa gəldi,
Xoş gəldi.
Nə gətirdi?
Bərəkət!

- Muxtar müəllim, Azərbaycan dövlətinin Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və təbliğ olunması istiqamətindəki siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətimiz bu bayrama böyük önəm verir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. O tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə bir yerdə YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahasına daxil edilib. Prezident İlham Əliyev hər il möhtəşəm Novruz tədbirlərində iştirak edir və bu bayramın əhəmiyyətini xüsusi vurğulayır. Bununla demək istəyirəm ki, Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də
ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. Hesab edirəm ki, milli bayramımız olan Novruzun ümumbəşəri məna daşıması imkan verdi ki, 2010-cu ildə BMT-nin Baş Məclisi 21 Mart tarixini «Beynəlxalq Novruz Günü» elan etsin. Novruz bərabərlik, ruzi-bərəkət, rifah, küsülülərin barışdığı bayramdır. Bildiyimə görə, bu il Novruz bayramı Bakıda fərqli şəkildə keçiriləcək. Fərq ondan ibarət olacaq ki, bayram şənlikləri eyni zamanda, beynəlxalq festival kimi qeyd ediləcək. Yəni təkcə Azərbaycanın deyil, başqa ölkələrin də nümayəndələri özlərinin bayram adətlərini nümayiş etdirəcəklər. Bu festival bir daha göstərəcək ki, Novruz bayramı ölkəmizdə hər il yüksək səviyyədə keçirilir və ildən ilə onun möhtəşəmliyi artır.
Bayramınız mübarək!

www.yap.org.az
18-03-2014

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.