25.2.2014
Folklor İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də AMEA-nın Folklor İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən və Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı diviziya ilə birlikdə Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər ağır toplardan atəşə tutulub. Həmin gecə bəşər tarixində misli olmayan qətliam törədilib. Soyqırım nəticəsində 613 nəfər soydaşımız qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu faktlar Xocalı faciəsinin nə qədər dəhşətli bir hadisə olduğunu sübut edir: Xocalı faciəsini törətməkdə məqsəd bütövlükdə Azərbaycanı sarsıtmaq, torpaqlarımızı işğal etmək idi. Bu mənada Xocalı faciəsi həmin dəhşətli ssenarinin tərkib hissəsi idi. Faciənin mahiyyətini anlamalı, bizə qarşı olan təcavüzkar siyasətlə bağlı haqlı mövqeyimizi dünyaya ardıcıl olaraq çatdırmalıyıq.

Fəlsəfə doktoru Xəliyəddin Xəlilli çıxışında əsasən 20-ci yüzildə başımıza gələn faciələrin xronologiyasına nəzər salıb, faciələrdən ciddi nəticə çıxarmağın vacibliyinə toxunub. Qeyd edib ki, Vətəni qorumaq hər birimizin amalı olmalıdır, hər bir valideyn övladını bu ruhda tərbiyə etməlidir.
Şair-alim Nizami Muradoğlu bu kimi faciələrimizin anılmasını ciddi dəyərləndirib, başımıza gələn faciələrdən ibrət götürülməsinin gərəkliyindən danışıb. Sonra o, mövzu ilə bağlı şeirini oxuyub.
Tanınmış ozan, fəlsəfə doktoru Fəxrədin Salim də faciə ilə bağlı fikirlərini bildirib, sazda tədbirin ruhuna uyğun havalar ifa edib.

 |