Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.2.2014

Tahir Rzayev
Milli Məclisin deputatı

Milli-mənəvi dəyərlərimizə sadiqliyin nümunəsi

Folklorumuz, ən kiçik şifahi xalq ədəbiyyatı nümunəsi belə, milli ruhumuzun ifadəsi kimi qiymətlidir. Tariximizin və kimliyimizin aynası olan bu nümunələr sevinc və kədərimizdən yarandığı, dilimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi, zövqümüzü, milli və bəşəri dəyərlərimizi qoruyub yaşatdığı üçün sevilir, əsrlərin sınağından keçə-keçə nəsillərdən nəsillərə ötürülür.

Xalqımızın tarixi qədim, təbii sərvətləri zəngin, təbiəti füsunkar olduğu kimi xalq ədəbiyyatı da zəngindir, cəlbedicidir. Tarixən nənələrimizin, babalarımızın sinəsi sözlü-söhbətli olub, bu söz-söhbətlər hikmətli bir xəzinəyə çevrilmişdir. Kamilliyin ifadəsi olan bu xəzinənin hər bir nümunəsi əxlaqi dəyərlərə, mənəvi duyğulara, hisslərə, əcdadlarımızın və müasirlərimizin nəcib arzularına, istəklərinə söykəndiyi üçün zaman-zaman yaşamaq haqqı qazanmışdır.

Nənəmin təhsili olmasa da dünyagörüşlü, hazırcavab, yaxşını pisdən, aqili nadandan düzgün seçən, ürəyi təmiz, dili şirin, sözlü-söhbətli bir qadın idi. O, həmişə, xüsusilə qış gecələrində bəzən saatlarla bizə nağıl, rəvayət danışar, bayatı, atalar sözləri, tapmacalar, laylalar söyləyərdi.

Müharibənin ilk günlərində ərini və oğlunu, neçə-neçə yaxınlarını itirən və onların həsrəti ilə qovrulan, illərlə gözlərini yollardan çəkməyən bu insanın dilindən eşitdiyim yanıqlı bayatılar, ağılar bu gündə yadımdadır. Həmin nümunələrin bu gün qaçqın və köçkünlərin, şəhid analarının, niskinli gəlinlərimizin dilindən eşitdiyim ağılarla, bayatılarla necə də səsləşdiyini eşidəndə, necə də bir-birini tamamladığını görəndə milli ruhumuzun ölməzliyinə, əbədiliyinə daha da inanıram.

Nənəm çox vaxt tənhalıqdan gileylənərdi:

Balam, haya, dada gəl,

Vermə ömrü bada, gəl.

Getdin evim yıxıldı,

Atdın məni oda, gəl.

Laylay canım, ürəyim,

Sınmış qolum-biləyim.

Sən gedəndən gülmürəm,

Zəhərdir duz-çörəyim.

Nənəm nakam oğlunun, cəfakeş ərinin həsrətinə dözə bilmirdi. Hər dəfə namaz qılandan sonra əllərini göyə tutub xeyirxah insanlar üçün Allaha dualar edir, pis adamları, müharibə, qan salanları qarğıyır, bir neçə yanıqlı bayatı çağırırdı:

Həsrətin daddı mənə

Qalan tək addı mənə.

Canım candan üzülmür,

Ölüm də yaddı mənə.

Hər oba yurdum olmaz,

Hər oğul mərdim olmaz.

Sənə əlim yetişsə

Dünyada dərdim olmaz.

Mən nənəmin dilindən onlarla bayatı, nağıl, əfsanə eşitmişdim. Universitetdə tələbə olarkən onların bir çoxunu toplayıb kurs işi kimi müdafiə etmişdim və bir çoxlarını qələmə alıb saxlamadığım üçün bu gün də peşmançılıq hissi keçirirəm.

Bu misraları yazmaqda məqsədim milli ruhumuzun ifadəsi olan şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa, qorumağa və nəşr etdirib yaymağa bir daha çağırış etməkdir. Çünki insanların sinəsindəki nağıllarımız, dastanlarımız, əfsanələrimiz, bayatılarımız, laylalarımız və s. söz incilərinin itirilməsi qorxusu ildən-ilə artır, yaşlı nəsil dünyasını dəyişdiyi üçün həmin söz incilərini də özləri ilə əbədiyyətə aparırlar.

Məhz buna görə də ulu öndərimiz Heydər Əliyev xalqımızın zəngin söz xəzinəsinə, şifahi ədəbiyyatımıza çox böyük qiymət verir, xalq ədəbiyyatı nümunələrinin qorunmasını, toplanılmasını, çap olunmasını xeyirxah bir əməl kimi dəyərləndirir və bu nümunələrin kökümüzlə, tariximizlə, milli ruhumuzla sıx bağlı olduğunu göstərirdi.

"Xalq gərək daim öz kökünü xatırlasın" sözlərini daha tez-tez səsləndirən ümummilli liderimiz həm də bildirirdi ki, "milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır."

Kökümüzdən, milli ruhumuzdan qaynaqlanan və pərvazlanan folklorumuza bu günkü münasibət Heydər Əliyevin tövsiyələrinin, arzularının layiqincə həyata keçirilməsinə əyani sübutdur. Mənəvi-əxlaqi dəyərlərimizə, keçmişimizə, kökümüzə, milli ruhumuza bağlılığın ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu öz əməli fəaliyyəti, milli-mənəvi dəyərlərimizə verdiyi qiymət, xalqımızın milli ruhunun canlandırılması sahəsində həyata keçirdiyi tədbirlərlə bir daha təsdiqləyir. O, həmişə, hər yerdə xatırladır, fəaliyyəti ilə göstərir və söyləyir ki, "Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə bağlıdır. Bu gün Azərbaycan dövləti bu dəyərlər üzərində qurulubdur."

Son illərdə folklorumuzun toplanması və nəşr edilməsi, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi sahəsində çox mühüm tədbirlər həyata keçirilmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrinin, muğam və aşıq sənətinin, qədim oyunlarımızın dünyada tanıdılmasında və geniş təbliğində Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri əvəz olunmazdır.

Əlbəttə ki, xalq yaradıcılığına, söz sənətinə, qədim el oyunlarına münasibətin yaxşıya doğru dəyişilməsi tariximizin və mədəniyyətimizin yaşadılması baxımından əhəmiyyətli olduğu kimi, həm də hansı kökə, mənəviyyata, düşüncəyə, həyat tərzinə, zövqə, qabiliyyətə malik olduğumuzu öyrənmək və dünyaya çatdırmaq baxımından dəyərlidir.

Son illərdə çap olunan" Azərbaycan folkloru antologiyası" çoxcildliyi, şifahi ədəbiyyatımızın öyrənilməsi və təbliği ilə əlaqədar keçirilən elmi-praktiki konfranslar, folklorşünas alimlərin, tədqiqatçıların regionlara səfərləri və insanlarla görüşləri folklorumuza olan maraqdan və ona göstərilən diqqətdən xəbər verir.

Regionlar üzrə folklor nümunələrinin toplanılaraq nəfis halında nəşr edilib oxuculara çatdırılması təqdirəlayiq haldır. AMEA Folklor İnstitutunun "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" layihəsi əsasında 2012-2013-cü illərdə çap olunmuş "Qarabağ: folklor da bir tarixdir." altı cildliyi Qarabağın mənəvi həyatını, söz dünyasını, keçmişini, adət-ənənəsini öyrənmək və tarixə bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyətə malikdir.

Bu kitablarda toplanmış folklor nümunələrinin hər birində vətənimizin dilbər güşələrindən olan Qarabağın nəinki söz sənətinin, meşələrinin, dağlarının, düzlərinin, bağlarının, yaylaqlarının nəfəsi duyulur, çaylarının, bulaqlarının, şəlalələrinin, qartallarının səsi eşidilir, insanlarının qəhrəmanlığı, vətənpərvərliyi, xeyirxahlığı, müdrikliyi, hazırcavablığı, qonaqpərvərliyi hiss olunur.

Qarabağ folkloru nümunələrinin toplanması tarixi XİX əsrdə başlansa da, ancaq müəyyən illərdə çap olunmuş kitablarda bu nümunələrə az yer ayrılmışdır ki, bu da yetərincə deyildir. Bu boşluğu doldurmaq üçün keçən əsrin doxsanıncı illərinin əvvəllərindən-Qarabağda baş qaldıran separatizm hərəkatından sonra Qarabağ folklor nümunələrinin toplanması işi sürətləndirilmişdir.

"Qarabağ: folklor da bir tarixdir." kitablarının çap olunması şifahi xalq ədəbiyyatımızı təbliğ etməklə bərabər, ilk növbədə Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtdırmaq məqsədi daşıyır. Digər tərəfdən kitabın birinci cildində göstərildiyi kimi əsas məqsəd Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, arxivləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir.

Buna görə də Qarabağ sakinlərinin ürəklərində yurd salan, dillərində dolaşan folklor nümunələrini toplayıb, çap edib yaymaqla biz həm folklorumuzu yaşadır, həm də gənc nəslə doğma tarixi-coğrafi məkanları, həmin məkanın etnoqrafiyası, dili, tarixi, məişəti, adət-ənənəsi və s. haqqında məlumat vermiş oluruq.

Qarabağ folklorunu toplamaq çətin olduğu qədər də məsuliyyətlidir. Bu iş diqqət və həssaslıq tələb edir. Çünki doğma od-ocaqlarından ayrı düşən insanları dilə gətirmək, onların xatirələrini yenidən oyatmaq, yaralarının qaysaqlarını qoparmaq, keçmişlərini yada salıb sonsuz əzablarını təzələmək asan deyil.

Ancaq Folklor İnstitutunun əməkdaşları bütün çətinliklərin öhdəsindən gəlmiş, nəinki qaçqın və köçkünlərin məskunlaşdıqları rayonlarda olmuş, eləcə də Ağcabədinin, Bərdənin, Tərtərin ərazilərini gəzmiş, ayrı-ayrı kəndlərdə, obalarda, evlərdə olmuş, hətta evlərdə qonaq qalmış, yüzlərlə insanlarla görüşmüş, məqsədlərinə nail olmaq-hər bir folklor nümunəsini söyləyicidən almaq üçün bütün vasitələrdən istifadə etmişlər.

Əvvəlki illərlə müqayisədə indi folklor söyləyicilərinin sayı xeyli azalsa da, onların bir çoxu dünyasını dəyişib, bir çoxlarının yaşayış yeri məlum olmasa da institut əməkdaşları bəzən bir rayonda günlərlə, hətta həftələrlə qalaraq yaşlı insanlarla görüşmüş, həssaslıq və diqqət göstərərək yüzlərlə folklor nümunələri toplayaraq nəticədə çox sanballı "Qarabağ: folklor da bir tarixdir." altı cildliyinin meydana gəlməsinə və nəşr edilməsinə nail olmuşlar.

Bu kitablarda toplanmış miflər, əfsanələr, rəvayətlər, lətifələr, ovsunlar, nağıllar, atalar sözü və məsəllər, deyimlər, tapmacalar, bayatılar, laylalar, cırnatmalar, bağlamalar, düzgülər həqiqətən də bir tarixdir, xalqımızın milli ruhunun, təfəkkürünün ifadəsidir.

Müdrikliyimizdən, hikmət dünyamızın, mənəvi aləmimizin köklərindən qidalanan bu nümunələr insanları bəzən sirli, əlçatmaz bir aləmə qovuşdurmaqla bərabər, həm də onlara həyat dərsi keçir, dünyanın gəldi- gedərini, xeyrini- şərini, yaxşısının-pisinin aqibətini, xeyirxahlığın, insanlığın əbədiliyini, haqqın- ədalətin, həqiqətin yenilməzliyini xatırladır və hər bizimizi aliliyə, saflığa dəvət edir. Dünya əbədi, insan müvəqqətidir anlamı bu kitabları oxuyandan sonra adamı daha çox düşündürməyə başlayır.

Nağıllarımızda, əfsanələrimizdə, rəvayətlərimizdə, miflərimizdə olan şişirtmələr, uydurma səhnələr, əlçatmaz arzular sanki yaddan çıxır, insan nağıl, əfsanə qəhrəmanlarına bağlanır, onların haqq-ədalət, öz istəkləri, sevgiləri, xeyirxah amalları uğrunda apardıqları mübarizəyə ruhən dəstək verir və bu vətənpərvər, qorxmaz, sədaqətli mübarizlərin qələbəsinə inanır və onlara bənzəməyə çalışır.

İnsan inanır ki, dastanlarımızın, nağıllarımızın, bayatılarımızın və s. ömrü kimi onların qəhrəmanlarının da ömrü daimidir, əbədidir. Əslində bu belədir. Çünki folklorumuz tariximiz olmaqla bərabər, həm də həyatımızdır. Həyatımızın ayrı-ayrı əsrləri, illəri, fəsilləridir. İnsan yaxşı ya pis dünən yaşadıqlarını bu gün də yaşayır, dünən gördüklərini bu gün də görür, dünənin sevincini, kədərini indi də duyur. Hansı dövrdə yaşamasından asılı olmayaraq əcdadlarımızın, nənələrimizin, babalarımızın sinəsindən qopub gələn və bu gün folklor nümunəsinə çevrilən hər bir söz bir ruhdan qaynaqlandığı, bir xalqın, bir yurdun sevincini-kədərini ifadə etdiyi, dünənimlə, bu günümlə həmahəng səsləndiyi üçün qiymətlidir.

Folklor nümunələri ayrı-ayrı dövrlərdə yaransalar da, zaman baxımından ayrı olsalar da ruh, əməl baxımından oxşardılar, birdirlər. Kitablarda toplanmış bayatı, ağı, layla nümunələrinə nəzər salanda bunu daha aydın hiss etmək olur.

Qarabağdan gəlirəm,

Yüküm yoxdu, zəliləm.

Bir döşək, ağ, bir yastıq

Əcəl gəlib, ölürəm.

Ölürəm, yaram nədi?

Ölümə çaram nədi?

Xuda vermiş bu dərdi,

Çəkirəm, çaram nədi?

Gül üstündə yaş olum,

Ellərə sirdaş olum.

Qürbətdə şah olunca

Vətənimdə daş olum.

Dağlar, otun qurusun,

Bağlar, tutun qurusun.

Fələk, sənin mənim tək

Matın-qutun qurusun.

Hər bir kəs hiss edə bilər ki, nümunə gətirilən bu bayatılar müasirdir. Bu günün ağrı-acılarından-Qarabağ dərdindən, əsir torpaqlarımızın həsrətindən, ana-bacılarımızın niskilindən yaranıbdır. Onların yaşı bir o qədər çox olmasa da dərdin, kədərin, həsrətin yaşı böyükdür. Vaxt gələcək bu bayatılar, eləcə də digər folklor nümunələri tarixə qovuşacaq, dildən-dilə gəzəcək, əsrlər keçsə belə bu günümüzün əksi kimi oxunacaq, dərk ediləcəkdir.

Elə buna görə də hər bir sözə, hər bir folklor nümunəsinə, bu nümunələri qəlbində yaşadan hər bir kəsə qayğı və diqqətlə yanaşmaq, söz xəzinəmizi zənginləşdirmək üçün folklorumuzu söz-söz, kəlmə-kəlmə toplamaq, təkmilləşdirmək, çap etdirmək lazımdır. Bu bizim tariximizə, milli ruhumuza ehtiramımız, vətəndaşlıq borcumuzdur. Bu borcu dəyərləndirən alimlərimiz, ziyalılarımız, hər bir kəs ən böyük hörmətə layiqdir. Çünki bu vəzifəni yerinə yetirməklə tariximizi və mənəviyyatımızı yaşadır, kimliyimizi sübut edir, nəslimizi və adımızı ucaldırıq.

Yazı "Azərbaycan" və "525-ci qəzet"lərdə çap olunub

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.