Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

23.1.2014

Qarabağ folkloru necə qorunur?

Filologiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar Kazım oğlu İmanovun Karabakhinfo.com” beynəlxalq elektron jurnalına müsahibəsini təqdim edirik.

- Folklor İnstitutunun Qarabağ folkloru ilə bağlı həyata keçirdiyi işlər və gələcək planlar nələrdən ibarətdir?
- 2012-ci ildə biz Folklor İnstitutu olaraq “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı böyük bir layihə həyata keçirməyə başladıq. Həmin layihə çərçivəsində biz keçən ildən folklor ekspedisiyaları təşkil etdik. Həm Qarabağın işğal altında olmayan bölgələrində, həm də əslən Qarabağdan olan və Azərbaycanın ayrı-ayrı rayon və şəhərlərində məskunlaşan Qarabağ köçkünləri arasında vaxt itirmədən toplama işlərinə başladıq. Və toplama işlərinin nəticəsi olaraq 2012 - ci ildə hər biri təxminən 500 səhifə həcmində olan 3 cilddən ibarət “Qarabağ: Folklor da bir tarixdir” (1-ci kitab, 2-ci kitab və 3-cü kitab) adlı çoxcildlik çap etdik. Bu işlərin nəticəsi olaraq 2012-ci ilin dekabr ayında əvvəldən planlaşdırdığımız kimi Bakı şəhərində Qarabağ folklorunun problemlərinə və perspektivlərinə həsr olunmuş “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda Respublika konfransı keçirdik. Bu konfransda Qarabağ folklorunun qaçqınlıq - köçkünlük həyatı və başqa məsələlərlə bağlı problemlərindən və perspektivlərindən danışdıq. Konfransın materiallarını da “Qarabağ folkloru: problemlər, perspektivlər, I konfrans” adı altında ayrıca kitab şəklində nəşr etdirdik.Bundan başqa, keçən ildə, yəni 2012-ci ildə Qarabağın musiqi folkloru ilə də əlaqədar xeyli işlər gördük. Qarabağın xalq mahnılarını, təsniflərini, rəqslərini əks etdirən 3 diskdən ibarət albom buraxdıq.Bu il də həmin sadaladığım işləri davam etdiririk. Yəni, 2013-cü ildə də Qarabağın işğal altında olmayan bölgələrinə, o cümlədən Qarabağdan olan köçkünlərin məskunlaşdığı ərazilərə ekspedisiyalar göndərdik, folklor toplanması işlərini davam etdirdik, xeyli material topladıq və həmin materialları “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin davamı kimi çap etdirdik (4-cü cild, 5-ci cild, 6-cı cild).2013-cü ilin 15 noyabrında Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda daha bir konfrans keçirtdik. Bu konfransı ona görə Ağcabədi şəhərində keçirtdik ki, biz Ağcabədi Rayon İcra Hakimiyyəti ilə əvvəldən əlaqələr qurmuşduq, bu əlaqələrin hesabına Ağcabədinin 15 - dən çox kəndində bizim əməkdaşlarımız folklor materialları toplamışdılar. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bu işdə bizə çox yaxından kömək etdi. Konfransımız yüksək səviyyədə keçdi, mətbuatda, televiziyada, radioda geniş işıqlandırıldı. Ağcabədidən toplanan materialların bir qismi nadir materiallar hesab oluna bilər. Məsələn, Ağcabədidən topladığımız atüstü oyunlarla bağlı materiallar son dərəcə qiymətlidir. Topladığımız atüstü oyunlardan biri “Çoban” adlı oyundur. “Çoban” adlı oyunun məzmunu bundan ibarətdir ki, çobanlar 2 daşı bir - birinin əksinə qoyaraq, 3 - 5 metr eni olan qapı düzəldirlər. İp ilə sarıyaraq yapıncıdan və yaxud başqa əski parçasından bir top düzəldirlər. 5 nəfər bir tərəfdə, 5 nəfər də digər tərəfdə atlara minir. 2 komanda əllərində ucu toppuzlu ağac tutaraq həmin “Çoban” oyununu oynamağa başlayır. Bu, eynilə “Çövkən” oyununun el arasında yayılmış variantıdır.Qarabağ folkloru ilə bağlı işləri biz yenə də davam etdirmək istəyirik. İstəyirik ki, 2014-cü ildə Qarabağ folklorunun toplanması, tərtibi, nəşri və araşdırılması istiqamətində işlərimizin miqyası genişləndirilsin.Yeri gəlmişkən qeyd edim ki, 2013-cü ildə biz Respublika Prezidenti yanında Elm Fondunun keçirdiyi “Şuşa qrantı” müsabiqəsində iştirak etdik. Orada bizim Folklor İnstitutu qalib təşkilatlardan biri oldu. Biz müsabiqədə Qarabağda xalq oyunları və meydan tamaşalarının araşdırılması layihəsi ilə iştirak etdik və Elm Fondu bizə kifayət qədər böyük həcmdə qrant ayırdı. Biz indi həmin qrantın hesabına Qarabağa aid xalq oyunları və meydan tamaşalarını toplamalı və araşdırmalı, özümüzə və dünyaya çatdırmalıyıq. Hal - hazırda xalq oyunları və meydan tamaşalarının toplanması istiqamətində işlər gedir. Tədqiqatlar həmin toplama materialları əsasında aparılacaqdır.2014 - cü ildə həmçinin “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin növbəti cildlərini çap etdirməyi planlaşdırırıq. Artıq 6 cild kitab çap olunub. Qismət olsa, 2014 - cü ildə kitabın 7 - ci, 8 - ci və 9 - cu cildlərini də nəşr etdirməyi planlaşdırırıq. Həmçinin 2014 - cü ilin axırında “Qarabağ folkloru: problemlər, perspektivlər” konfransını 3 - cü dəfə keçirməyi də planlaşdırırıq.Beləliklə, bu iş bizim ayrılmaz vəzifələrimizdən biridir. Yəni, biz Qarabağla bağlı folklorumuzu öyrənsək, özümüzə və dünyaya onu yenidən çatdıra bilsək, bu bir daha sübut etmiş olar ki, Qarabağ, doğrudan da, Azərbaycan mədəniyyətinin ən zəngin ocaqlarından biridir.

- Qarabağ folklorunun bəzi nümunələrini ermənilər öz adlarına çıxmaq istəyir. Bunların bizə məxsus olduğunu sübut etmək üçün nə etmək lazımdır?
- Elə janrlar vardır ki, o janrların hansı xalqa aid olduğunu yoxlamağın elmi üsulları vardır. Biz Qarabağ folkloruna aid müxtəlif janrlarda material toplayıb çap etdirmişik. Bu materiallardan bir qismi də nağıl janrı ilə əlaqədardır. Biz Qarabağ bölgəsindən, qaçqın və köçkünlərdən 300 - dən çox nağıl toplamışıq və “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyində çap eləmişik. Bu 300 - dən çox nağılı beynəlxalq nağıl göstəricisi deyilən bir sistemlə yoxlamışıq və məlum olub ki, bu 300 - dən çox nağılın 50 - si heç bir xalqda qarşılığı olmayan nağıllardır. O nağıllardan otuza yaxını dini məzmunlu nağıllardır, iyirmisi başqa mövzuda olan nağıllardır.“Çövkən” oyununa da bayaq bir misal dedim. “Çövkən” oyunu bu gün Qarabağın tərəkəmə camaatı arasında yaşayırsa, dağda çobanlar bu oyunu oynayırlarsa, deməli, bu oyun bizim mədəniyyətimizin bir parçasıdır. Bu cür atüstü oyunlara qırğızlarda, qazaxlarda, qaraqalpaqlarda da rast gəlmək olur. Onlar da bu oyunları müasir dövrdə yaşadırlar. Yəni bu faktlar sübut edir ki, “Çovkən” bizdə və digər türk xalqlarında daha çox özünü göstərən oyundur, nəinki başqa xalqlarda. Həmçinin başqa janrlar, məsələn, rəvayətlər, bayatılar haqqında da danışmaq olar. Elə bayatılar, rəvayətlər var ki, sırf Qarabağın özü ilə bağlıdır, yer adları, müəyyən ocaqlar, pirlər ilə əlaqədardır. Bunlar regional xüsusiyyət daşıyan nümunələrdir. Amma elə nümunələr də vardır ki, Azərbaycanın digər bölgələrində də o nümunələrin variantları vardır. Hər iki hal təbii haldır. Yəni, folklor variantlaşma üzərində yaşayan bir mədəniyyət qoludur.

- Qarabağ folkloru ilə əlaqədar keçirilən konfranslara xarici alimlər dəvət olunurmu və Qarabağ folkloruna aid olan kitabların xarici dillərə tərcümə olunması planlaşdırılırmı?
−Biz Qarabağ folkloru ilə əlaqədar konfransları respublika səviyyəli konfranslar kimi keçiririk. Bu səbəbdən də biz bu konfranslara xaricdən alimlər, qonaqlar dəvət etmirik. Bilirsiniz ki, konfranslar 2 cür olur: respublika səviyyəli konfranslar və beynəlxalq səviyyəli konfranslar. Beynəlxalq səviyyəli konfransların xərci çox olur. İndi bizim İnstitut vəsaiti daha çox Qarabağ folklorunun toplanması, araşdırılması, sistemləşdirilməsi və nəşrinə sərf edir. Nəzərdə tutmuşuq ki, Qarabağ folkloru ilə əlaqədar olaraq beynəlxalq səviyyəli konfranslar da keçirək, həmin konfranslara xaricdən mütəxəssislər cəlb edək və beləliklə, konfransların da sambalı bir az artmış olsun. Qarabağ folklor materiallarının xarici dillərə tərcümə olunma məsələsi də aktual məsələlərdən biridir. Biz belə hesab edirik ki, əvvəlcə gərək toplanmış materialları çap edək, həmin materiallarla bağlı konfranslar keçirək, sonra isə gələcəkdə həmin materiallardan say-seçmə nümunələri dünyanın müxtəlif dillərində çap edək. İndi materialların vaxtında toplanmasına daha çox fikir veririk. Çünki o materiallar günü-gündən aradan çıxıb gedir. Məsələn, biz keçən ildə Bərdədə Musa Bayramov adlı folklor bilicisindən, sinədəftər bir insandan çoxlu folklor nümunələri qeydə almışdıq. O adam bizə başqa nümunələrlə yanaşı, 14 nağıl söyləmişdi. Amma bu il öyrəndik ki, həmin kişi artıq rəhmətə gedib. Biz bu cür məsələlərə daha çox diqqət yetiririk. Yəni mümkün qədər vaxt itirmədən folklor materialı toplamağa çalışırıq.

Aqşin Məsimzadə
“Karabakhinfo.com”

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.